Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2528/2024 07.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərə görə 2000 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onlar barəsində yayılmış məlumatların həqiqətə uyğun olmayan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək onlara vurduqları mənəvi zərərə görə onların hər birinə 1000 manat, cəmi 2000 manat pul tutularaq onlara ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlar barəsində yaydıqları məlumatları təkzib etməklə məlumatları yaydıqları şəxslərin qarşısında onlardan üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, onlar bacıdırlar və ünvan 1 saylı evdə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlar barəsində daim hər yerdə, dost-tanış, qonşuların yanında şər-böhtan yaymış, xoşagəlməz sözlər işlədərək onların şərəf və ləyaqətini alçaltmışdırlar. Cavabdeh1 və Cavabdeh2 evlərində də onlara dinc yaşamağa imkan verməmiş, mütəmadi olaraq mənzillərinin qarşısına gəlib yüksək səslərlə onları təhqir etmiş, şər-böhtan danışmışdırlar. Müxtəlif kişi adları çəkərək guya onlarla əlaqələrinin olduğu və digər bir şəxslərdən qızıl oğurladıqlarını elə yüksək səslə qışqıraraq bildirmişdirlər ki, səsə qonşular küçəyə çıxmışdırlar və beləliklə onları tanıyan şəxslərin yanında şərəf və ləyaqətlərini alçaltmışdırlar. Bu hal bir neçə dəfə mütəmadi olaraq təkrarlanmış, artıq bu hala dözə bilməyib, növbəti dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh1 və Cavabdeh2 yenə yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qarşısına gəlib onlara şər-böhtan xarakterli sözlər deyib təhqir etdikdə, Cavabdeh1 və Cavabdeh2 bu hərəkətlərinin görüntülərini məhkəməyə sübut olaraq təqdim etmək üçün video-çəkilişlə çəkmişdirlər. Orada Cavabdeh1 və Cavabdeh2 yüksək səslə qışqıraraq onlara bildirmişdirlər ki, “ay Fazilin altında yatan, Samuxda vurdurdun qayıtdın gəldin, tələbələrdən oğurluq edən, Nizaminin qızıllarını oğurladın” kimi şər-böhtan, nalayiq sözlər işlətmişlər. Halbuki, onlar nə Fazil, nə də Nizami adlı şəxsləri tanımırlar. Onlar Cavabdeh1 və Cavabdeh2 barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə müraciət etmiş, onlara xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməli olduqları göstərilmişdir. Şikayətlərinə əlavə etdikləri diskə baxış keçirilən zaman görünür ki, Siyasət və Cavabdeh1lar onlar barəsində küçədə elə bir tonda, elə səslə qışqıraraq onları təhqir edib, şər-böhtan xarakterli sözləri işlətmişlər ki, səsə qonşular küçəyə çıxmışlar. Cavabdeh1 və Cavabdeh2 bu cür təhqir və şər-böhtanlarla dolu ifadələri və sözləri onların dinc yaşayışını pozmuş, həmin şər-böhtanlar onların şərəf və ləyaqətini alçaltmışdır. Cavabdehlərin onlar barəsində böhtanları nəticəsində onlar mənəvi sarsıntı və əziyyət, mənəvi iztirablar keçirmişdirlər. Hazırda onlar məcbur olub məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdeh1 və Cavabdeh2 onlara böhtan atmış və barələrində yaydıqları məlumatları sübut edə bilməmişdirlər. Cavabdehlərin atdığı böhtanlar nəticəsində onlara mənəvi zərər dəymişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara mənəvi ziyan dəydiyi üçün, yəni cavabdehlərin hərəkətləri onların şüurlaına təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, cavabdehlər onlara kompensasiya ödəməlidir. Onlara vurduqları mənəvi zərər əvəzolunmaz olsa da, cavabdehdən onların hər birinə 1000 manat pul alınaraq onlara verilməsini məqsədə müvafiq hesab edirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, cavabdehlər onun bacılarıdır, yaşadığı evinin qarşısına gəlib onu təhqir etmişdirlər, qonşuların da hamısı eşitmişdir. 7 nömrəli avtobusa minmiş, cavabdehlər avtobus sürücüsünə “bu qadın əxlaqsız qadındır, avtobusa mindirməyin.” demişdirlər. Avtobusun qapısını daşlamışdırlar. 113 nömrəli avtobusda camaatın içində onu alçaltmış, şərəf və ləyaqətini alçaltmışdırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, bacısı Ziyafətin evinə qonaq gəldiyi zaman cavabdehlər qapıda onları təhqir etmiş, nalayiq ifadələr işlətmişdirlər. Qonşular da bu ifadələri eşitmiş, cavabdehlərə “küçədə ailəmiz var, belə söyüşlər söyməyin.” demişdir. Şərəf və ləyaqət heç nə ilə ölçülmür. Cavabdehlər onları alçaltmışdırlar, halbuki, buna haqları yoxdur. İddianın təmin olunmasını, cavabdehlərin onlara vurduqları zərəri ödəmələrini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar onun əşyalarını oğurlamışdırlar, 2 ildir ki, məhkəmədə süründürürlər. 2 ildir ki, əşyaları yol polisindədir. Oğru demiş, ancaq digər ifadələri işlətməmişdir. Heç kimi təhqir etməmişdir. Nizami müəllimləridir, onun qızıllarını oğurlamışdırlar. İddiaçıların dedikləri hamısı yalandır. Polis onları bölməyə aparmamışdır heç. Yolları iddiaçıların qapısından keçir deyə hər dəfə oradan keçmişdirlər. X3 barəsində də yalan məlumat verir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Ziyafət evdən oğurluq etmişdir. Heç bir nalayiq ifadə işlətməmişdir. Ancaq bacısının evindən niyə oğurluq etdiyini demişdir. Avtobus sürücüsünə də o cür sözlər deməmişdir. İddiaçılar onları şərə salır. İddiaçılar Tünzaləni yolda tutub döymüşdürlər, həmin vaxt orada olmamışdır. İddiaçılar vedrəni kirli su ilə doldurub başına tökmüşdürlər. Şahid kimi gələn Yaqub yalan məlumat verir. Özü Daşkəsəndə yaşayır. Ziyafətin qapısında nə işi olmuşdur. Necə qohumdur ki, çıxıb getmiş, heç müdaxilə etməmişdir. Onların oğurluq işləri başqa hakimdədir. Həmin iclasda da şahid qismində gəlmiş, hakim onu zaldan çıxarmışdır. Yaqubu körpünün altında görmüşdür, Yaqub ona demişdir ki, “qardaşına demişəm ki, sizi döysün.” Bundan sonra qardaşı onların qapısına gəlmiş, qapı-bacanı sındırmış, onları söymüşdür. Bu hadisəyə polis gəlmiş, qardaşının da izahatı alınmışdır. Oğurluq ediblər cəzalarını çəksinlər. Onların heç bir günahları yoxdur. Deyilənlər yalandır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin vəsatəti ilə şahid qismində dinlənilən X1 ifadəsində göstərdi ki, İddiaçı1 qudasının əmisi gəlinidir. Səxavət onların bacısıdır. Tünzalə və Siyasəti tanımır. Ancaq iddiaçıları tanıyır. Oğlu Elçin ilə birlikdə Ziyafətin qapısından keçəndə cavabdehlərin iddiaçıların ünvanına nalayiq ifadələr işlətdiklərini görmüş, gözləməmiş çıxıb getmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, işdə olan sübutu, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər yaxın qohum olmaqla aralarında olan şəxsi münasibətlər zəminində münaqişəli olmuşlar. Cavabdehlər aralarında olan münaqişəyə görə iddiaçıların yaşadıqları mənzilin qarşısında ictimai yerdə (qonşuların qarşısında) iddiaçılara nalayiq ifadələr işlətmişlər. Cavabdehlər iddiaçıların həqiqətən onların əmlaklarını oğurlamasını və bununla bağlı cinayət işi üzrə məhkəmə araşdırılması aparıldığını göstərsələr də, digər məlumatların, yəni iddiaçıların tələbələrdən oğurluq etmələri və digər məlumatların həqiqətə uyğun olması bərədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Cavabdehlərin iddiaçıların barəsində həqiqətə uyğun olmayan yaydıqları məlumat iş üzrə sübut kimi təqdim olunmuş DVD diskə köçürülmüş video görüntüsü və şahid ifadəsi ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- MM) 23.1-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. MM-in 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir:-məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Qeyd olunan qərarda izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə yaxud qeyri müəyyən şəxslər dairəsində bildirilməklə yayılmış hesab edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 10-cu bəndində qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, cavabdehlər tərəfindən iddia ərizəsində göstərilən yalan məlumatların yayılması iş üzrə şahid ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıların barəsində yayılan yalan məlumatların sonuncuların qonşuları qarşısında yaymaqla onlara mənəvi iztirab vermələrini nəzərə alaraq hesab edir ki, iddiaçılar mənəvi zərərin ödənilməsini də tələb etməkdə haqlı olmuşdurlar. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində yayılmış məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilməli və iddiaçıların barəsində yaydıqları məlumatları, həmin məlumatları yaydıqları şəxslər qarşısında təkzib etməklə iddiaçılardan üzr istəmələri öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 1000 manat və İddiaçı2 xeyrinə 1000 manat alınaraq onlara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində yayılmış məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin və iddiaçıların barəsində yaydıqları məlumatları, həmin məlumatları yaydıqları şəxslər qarşısında təkzib etməklə iddiaçılardan üzr istəmələri öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 1000 manat və İddiaçı2 xeyrinə 1000 manat alınaraq onlara ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2528/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2528/2024
07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver