Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2529/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı İdarəsinə qarşı aktın və onun əsasında təyin olunmuş borcun ləğv edilməsi, ödənilmiş pulun gələcək sərfiyyat üçün istifadə olunması və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 054440 nömrəli aktı və onun əsasında təyin olunmuş 1742 manat borcun ləğv olunması, ödənilmiş 400 manat pulun gələcək sərfiyyat üçün istifadə olunması və xəttin kəsilməsi nəticəsində ona vurulmuş 1700 manat həcmində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən, iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Belə ki, iddia ərizəsində cavabdeh kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı İdarəsi qeyd edilmişdir. Halbuki, MPM-in 50.1-ci və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı İdarəsi hüquqi şəxs olmadığından, mülki prosesdə müstəqil olaraq tərəf kimi çıxış edə bilməz. Belə olan halda hazırkı iddia ərizəsində faktiki olaraq cavabdehin göstərilmədiyi müəyyən olunur. Digər tərəfdən, iddiaçının qanunsuz hesab etdiyi xx.xx.2024-cü il tarixli, 054440 nömrəli aktı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı İdarəsi deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyəti qəbul etmişdir. Belə olan vəziyyətdə, iddia tələbinə cavab verməli olan tərəf "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmalıdır. MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 152.1.1 maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə, məhkəmə prosessual qənaət prinsipi baxımından izah edir ki, MPMin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 26.1-ci maddəsin əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İş materiallarından görünür ki, hazırkı mübahisə üzrə tərəflərdən biri fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, digəri isə hüquqi şəxsdir. Həmçinin, ilkin olaraq mübahisənin şirniyyat evinə elektrik enerjisinin verilib-verilməməsi ilə əlaqədar yarandığı müəyyən olunur. Qeyd olunan qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun qərarında göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təkrarən məhkəməyə müraciət edilərkən bu hal, yəni mübahisənin fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və hüquqi şəxs arasında sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi olub-olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Təchizatı və Satışı İdarəsinə qarşı aktın və onun əsasında təyin olunmuş borcun ləğv edilməsi, ödənilmiş pulun gələcək sərfiyyat üçün istifadə olunması və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2529/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2529/2024
03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver