Məhkəmə qərarları › İş №2(125)-2609/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2609/2024

28.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2609/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli, 300400 nömrəli və xx.xx.2024cü il tarixli, 327397 nömrəli aktlar əsasında **********8 olan abunə koduna hesablanmış 605,41 (altı yüz beş manat qırx bir qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, onun barəsində yazılan aktlar üzrə (hər iki akt üzrə) cəmi borc 760,84 (yeddi yüz altmış manat səksən dörd qəpik) manat təşkil etdiyi üçün həmin borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və orda yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbçidir, ikinci Qarabağ döyüşü veteranıdır. Qeyd elədiyi ünvan təqdim etdiyi forma 2 arayışında aydın göründüyü kimi xx.xx.2013-cü il tarixdən onun istifadəsindədir. Mənzilin bütün komunal xərcləri və komunal avadanlıqların məsuliyyəti onun üzərindədir. İkinci Qarabağ müharibəsi başlayandan bugünədək o, həmin mənzildə yaşamamış, işi ilə əlaqədar olaraq Kəlbəcər şəhər N saylı hərbi hissəsində xidmətdə olmuşdur. Demək olar ki, mənzildə nə qaz, nə su, nə işiq komunal sərfiyyatım olmamış, yəni o, novruz bayramı tətili ilə əlaqədar həmin ünvana gəlmiş, Azərişığa məxsus sənədlərdə Cəlilov Tofiqin adına qeyd olunmuş cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdə aydın görünən ünvana məxsus olan elektrik sayğacının smart kart tipli elektrik sayğacının smart kartına pul vəsaiti yükləyən zaman ödəniş terminallarında onun kodunda 605,41 manat əlavə borc yarandığını görmüşdür. O, bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehin adiyyəti üzrə Gəncə şəhər Regional Mərkəzinə müraciət etmiş, nəticədə ona müxtəlif tarixlərdə yazılmış olan iki ədəd akt tərtibatı nüsxəsini təqdim etmişlər və aktlara uyğunda qeyd etdiyi 605,41 manat cərimənin hesabatının aparılması məlum olmuşdur. O, cavabdehlərdən tələb etmiş, onun etmiş olduğu fakt və sübutlarını ona təqdim etsinlər. Nəticədə heç bir sübut təqdim olunmamış, akt tərtib edən şəxslərdəndə söhbət aparılan zaman məlum olmuşdur ki, şəxslərin ayrı-ayrılıqda heç biri həmin ünvanı xatırlamadıqlarını da bildirmişlər. Ona məxsus olan sayğac binanın daxili şitinə bütün qonşularında daxil olmaqla şitə yığılmış və möhürlü halda istifadədir. Aktlarda qeyd olunan bütün hallarla o, razılaşmır, qeyd olunanların hamsı yalandır, o, tənha yaşayan qadındır, bir otaqlı mənzildə yaşayışı üçün elektrik enerjisindən qaçaq yolla istifadəsi mümkünsüzdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məmzunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı əlavə xətt aşkar olunmuş və xx.xx.2023-cü il tarixli, 300400 nömrəli və xx.xx.2024-cü il tarixli, 327397 nömrəli aktlar tərtib olunmuşdur. Lakin qüsurları təsdiq edəcək videogörüntülər yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 04 avqust 2023-cü il tarixli, 300400 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları Gəncə Eş-nin mühəndis M.Vəliyev, mühəndis F.Quliyev, R.Quliyev iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus obyektdə saat 1010-da elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: gecə reydi zamanı sayğaclara baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən ünvanda quraşdırılmış sayğacın sahibi yaşadığı mənzilə sayğacdan kənar xətt çəkib. Elektrik işlədicilərini birbaşa qanunsuz olaraq şəbəkəyə qoşmuşdur. Tərəflərindən EEİQ-nin tələblərinə uyğun olaraq, kənar xəttə görə akt tərtib edilmişdir. Sayğacdan kənar xətt ləğv edilməsi və hesablanacaq məbləğin ödənilməsi, əks halda enerji verilməsinin dayandırılması tələb edilmişdir. Həmin aktda məişət abonentinin iştirak etmədiyi qeyd edilmiş və imzası yoxdur. 21 fevral 2024-cü il tarixli, 327397 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları aparıcı mühəndis Ş.Nəcəfzadə, M.Vəliyev, K.Quliyev iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus obyektdə saat 1020-də elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacın çıxış xəttinə müdaxilə etmiş və mənzilinə sayğacdan kənat xətt çəkmişdir. EEİQ-nin tələblərinə uyğun olaraq abonentə akt tərtib edilmişdir. Sayğacdan kənar xətt ləğv edilməsi və hesablanacaq məbləğin ödənilməsi, əks halda enerji verilməsinin dayandırılması tələb edilmişdir. Həmin aktda məişət abonenti iştirak etməmiş və imzası yoxdur. AD seriyalı, ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, **********5 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə (Vətən müharibəsi veteranı) 80 (səksən) manat məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi 9 saylı Xidmət Sahəsi tərəfindən verilmiş 16 mart 2024-cü il tarixli, 105 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, A.İmanquliyeva küçəsi 320, bina 3, mənzil 21-də yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti X8 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə debitor borcu 760,84 manat təşkil edir. Belə ki, sayğacdan kənar xəttə görə xx.xx.2023-cü il tarixdə Gəncə EŞ-si tərəfindən tərtib edilmiş 300400 saylı akta əsasən 605,41 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixdə həmin şəbəkə tərəfindən eyni qüsura görə 327397 nömrəli akt tərtib olunmuş, akta əsasən 155,43 manat hesablanmışdır. Abonentin ümumi borcu hər iki akta əsasən 760,84 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və yaşadığı mənzildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yerləşən elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı “X1 Qaydaları”nın pozulması ilə bağlı 04 avqust 2023-cü il tarixli, 300400 nömrəli və 21 fevral 2024-cü il tarixli, 327397 nömrəli aktlar tərtib edilərək, onun sayğacdan kənar xətt çəkməsi aşkar olunmuşdur. Həmçinin, 04 avqust 2023-cü il tarixli, 300400 nömrəli və 21 fevral 2024-cü il tarixli, 327397 nömrəli aktlar abonentin iştirakı olmadan tərtib olunmuş və həmin aktlara əsasən abonentə 760,84 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğacdan kənar xəttin çəkilməsi və nəticədə 760,84 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.35-ci maddəsinə görə Enerjitəchizatının subyektləri arasında X1də və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən elektrik sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən elektrik sayğacından kənar xətt çəkməsi fakı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin elektrik sayğacından kənat xətt çəkməsi faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus elektrik sayğacından kənat xətt çəkməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Aparılmış yoxlama nəticəsində sayğacın çıxış xəttinə müdaxilə edilməsi, sayğacdan kənar xətt çəkilməsi müəyyən edilmiş, 04 avqust 2023-cü il tarixli, 300400 nömrəli və 21 fevral 2024cü il tarixli, 327397 nömrəli aktlar tərtib edilmişdir. Lakin həmin aktlar da qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə əməl olunmamışdır. Belə ki, qaydaların 7.6-cı maddəsinin tələblərinə uyğun olaraq akt tərtib olunan zaman abonentin (istehlakçının) iştirakı təmin olunmamışdır. Başqa sözlə, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya 760,84 manat borc hesablanmışdır. Bundan başqa elektrik sayğacına müdaxilə edilməsi, sayğacdan kənar xətt çəkilməsinin nədə ifadə olması da aktda kifayət qədər dolğun əsaslandırılmamışdır. Məhkəmə iclasında isə sayğaca müdaxiləni özündə əks etdirən mötəbər sübutlar (foto və video materiallar) məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadə hesab olunmaqla iddiaçıya əsassız olaraq 760,84 manat borcun hesablanması ilə nəticələnmişdir. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, sayğacdan kənar xətt çəkilməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Buna görə də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 760,84 (yeddi yüz altmış manat səksən dörd qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, 04 avqust 2023-cü il tarixli, 300400 nömrəli və 21 fevral 2024cü il tarixli, 327397 nömrəli aktlar əsasında iddiaçıya "xxxx" ASC-nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış iddiaçının 760,84 (yeddi yüz altmış manat səksən dörd qəpik) manat məbləğində əssasız hesablanmış borcun silinməsini cavabdehdən tələb etməsi əsaslıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 04 avqust 2023-cü il tarixli, 300400 nömrəli və 21 fevral 2024-cü il tarixli, 327397 nömrəli aktlar əsasında İddiaçı (abonent kodu **********8) hesablanmış 760,84 (yeddi yüz altmış manat səksən dörd qəpik) manat borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar