Məhkəmə qərarları › İş №2(125)-2667/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2667/2023

03.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2667/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X41 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) X7 və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs X11) qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxs X11) qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun mərhum atası X12 vəsiyyət üzrə vərəsəsi tanıyıb, mirası qəbul edən şəxslər mərhum atasına məxsus ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onu və qanun üzrə vərəsə kimi anasının hüququnu tanıyıb, cavabdehin qanunla mirası qəbul etmək üçün müəyyən edilmiş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürdüyü üçün onun miras əmlaka olan hüququnun itirilmiş hesab ediməsi və miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onun və qanun üzrə vərəsə kimi anasının miras əmlakda olan məcburi pay hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X23 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atası ölməmişdən qabaq özünə məxsus olan bütün əmlakına dair ona vəsiyyətnamə vermişdir. O və anası atası rəhmətə getdikdən sonra mirası qəbul etmişlər. Ancaq cavabdeh olan qardaşı Rusiya Federasiyasında olmaqla mirasın qəbulu üçün nəzərdə tuutlmuş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürmüşdür. Ona görə də cavabdehlə arasında mübahisə yarandığı üçün cavabdehin miras əmlakda olan məcburi paya olan hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də cavabdeh mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürdüyü üçün onun miras əmlakdakı məcburi paya olan hüququ məhkəmə qaydası ilə itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, atası Eldarın vəfatından təxminən 6 ay sonra qardaşı Samir Rusiya Federasiyasından gəlib atasından miras qalmış mübahisəli evdə təxminən 6 ay yaşamışdır. Bu zaman onlar Samirə miras əmlakda yaşamasına dair heç bir etiraz bildirməmişlər. Samir daha sonra çıxıb Rusiya Federasiyasına getmişdir. Hazırda qardaşı Samir miras əmlakda pasport qeydiyyatındadır. O, ərə gedib başqa ünvanda yaşasa da, miras əmlakı da idarə etmiş, mirası qəbul etməsinə dair notariusa ərizə də yazmışdır. Qardaşı Samirə miras əmlakdan pay verilməsinə etiraz etmir. Odur ki, qanunamüvafiq qaydada qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X7 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X11 izahatında bildirdi ki, mərhum əri X23 11 may 2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2 ünvanı miras qalmışdır. Miras əmlak dövlət fondunda olmuş və ərinin sağlığında onun adına özəlləşdirilmişdir. Həmin miras əmlakda əri Eldar dünyasını dəyişən vaxtdan o və qızı İddiaçı yaşamışdır. Oğlu Cavabdeh isə əri Eldar Məmmədov vəfat etdikdən 5-6 ay sonra gəlmiş, 6 ay həmin mübahisəli evdə yaşamış, daha sonra isə oradan çıxıb Rusiya Federasiyasına getmişdir. Odur ki, miras əmlakdan qanun üzrə vərəsə kimi onun da payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X24 izahatında bildirdi ki, İddiaçı qonşusudur. İddiaçı və onun ailəsini uzun illərdir ki, tanıyır. İddiaçı atası Eldar Məmmədov 2 il tamam olar ki, rəhmətə getmişdir. Eldar vəfat etməsinə baxmayaraq, oğlu Cavabdeh təxminən 6 ay mübahisəli ünvana gəlməmişdir. İddiaçı isə anası Amalya İsmayılovanı öz evinə apararaq ona baxmışdır. Cavabdeh atası Eldar Məmmədovun yas mərasiminə də gəlməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X29 izahatında bildirdi ki, İddiaçı onun həm qonşusu, həm də ailəvi tanışıdır. Taksi fəaliyyəti ilə məşğuldur. İddiaçı yoldaşı ona zəng edərək Eldar Məmmədovun vəfat etdiyini demişdir. Eldar Məmmədov vəfat edən zaman oğlu Cavabdeh dəfn və yas mərasimində iştirak etməmişdir. X3 Məmmədovu heç vaxt görməmişdir. Eldar Məmmədovun vəfatından sonra mübahisəli ünvanda İddiaçı və onun anası Amalya İsmayılova yaşamışdır. Məhkəmə tərəflərin çıxışını, şahid ifadələrini dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli, 05/Q-1861/15 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1939-cu il tarixdə Gəncə şəhərində anadan olmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X23 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: xx.xx.1949-cu il təvəllüdlü arvad X11, xx.xx.1972-ci il təvəllüdlü uşaq Cavabdeh və xx.xx.1971-ci il təvəllüdlü uşaq İddiaçı (xx.xx.1995-ci il 296 saylı nikah akt qeydi). АЗ seriyalı, 127953 nömrəli evlənmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 ilə X11 arasında nikah 07 avqust 1969-cu il tarixdə bağlanmışdır. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 07 avqust 1969-cu il tarixdə 655 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə “Məmmədov”, arvada “İsmayılova” soyadı verilmişdir. АЗБ seriyalı, 039018 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx xxxxxx 1971-ci il tarixdə doğulmuşdur. Valideynləri atası: X23, anası X9r. AZ-İİ seriyalı, 154343 nömrəli, 02 iyun 2021-ci il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 11 may 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 iyun 2021-ci il tarixdə 350 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, 3-48-DA-4F/2-B- 192/6/2023 nömrəli arxiv arayışından görünür ki, X26 16 yanvar 1939-cu il tarixdə doğulmuşdur. X4, anası X14r. İ-ЖГ seriyalı, 357811 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 20 iyul 1972-ci il tarixdə doğulmuşdur. Valideynləri atası: X23, anası X9r. 07 fevral 2020-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X23 həmin vəsiyyətnamə ilə aşağıdakılara sərəncam vermişdir: vəfat edəcəyi gün ona məxsus olan bütün əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan qızı İddiaçı vəsiyyət etmişdir. 26 iyun 2021-ci il tarixli, **********158 nömrəli, 8İ-2158 reyestr nömrəli ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı notariat ofisinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 11 may 2021-ci ildə onun ünvan 5 ünvanında yaşayan atası X23 vəfat etmişdir. Miras tərkibi: ünvan 2-dən ibarətdir. İrs qalmış mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələrdə vardır: arvadı-X11, oğlu-Cavabdeh. Miras əmlakdan ona çatası hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 26 iyun 2021-ci il tarixli, 8İ-2159 nömrəli reyestr nömrəli, **********159 nömrəli ünvan 5 ünvanında qeydiyyatda olan X8 notariat ofisinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 11 may 2021-ci ildə onun ünvan 5 ünvanında yaşayan əri X23 vəfat etmişdir. Miras tərkibi: ünvan 2-dən ibarətdir. İrs qalmış mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələrdə vardır: qızı-İddiaçı, oğlu-Cavabdeh. Miras əmlakdan ona çatası hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. ********** qeydiyyat nömrəli, 19 fevral 2013-cü il tarixli, ******* nömrəli, RX seriyalı, **********15-05101-093049 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı X17 məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli, 3-21-3-33/2-3837/2023 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, ev 2 ünvanında yerləşən 65 saylı mənzil Kirovabad şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 59 nömrəli orderi, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 8 saylı Mənzil- İstismar Sahəsinin xx.xx.2013-cü il tarixli, 203 nömrəli Forma-2 arayışı və mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında X12 adına özəlləşdirilərək xx.xx.2013-cü il tarixli, **********15-05101-093049 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 28 yanvar 2013-cü il tarixli, 203 nömrəli 2 nömrəli arayış-formadan görünür ki, X5 şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilində yaşayır. Yaşadığı mənzil 3 otaqdan ibarətdir və yaşayış sahəsi 47,31 kvadratmetrdir. Göstərilən mənzil 5 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşir və hər cür şərait ilə təmin olunmuşdur. Mənzil Dövlət Fonduna məxsusdur. Mənzil sahibi vətəndaş X12 ailəsi 5 nəfərdən ibarətdir: X23, həyat yoldaşı X11, nəvəsi X25, oğlu Cavabdeh və gəlini X22. Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilində yaşayan Cavabdeh 29 yanvar 2013-cü il tarixli ərizəsində Gəncə şəhəri, T.Arani küçəsi, 1ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilinin X12 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilində yaşayan X11 29 yanvar 2013-cü il tarixli ərizəsində Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilinin X12 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilində yaşayan X22 29 yanvar 2013-cü il tarixli ərizəsində Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 2 nömrəli evin 65 nömrəli mənzilinin X12 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. AZ-İİ seriyalı, 281473 nömrəli, 15 fevral 2023-cü il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 09 oktyabr 1987-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 oktyabr 1987-ci il tarixdə 673 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək-damar çatmamazlığı qeyd edilmişdir. “Notariat hərəkətlərinin aparılmasından imtinaya” dair 16 noyabr 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı X12 vəfatından sonra Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngə, 2 nömrəli binada yerləşən 65 nömrəli mənzilə dair tam hissədə irs verilməklə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Belə ki, mərhumun arvadı X11 və oğlu Cavabdeh göstərilən ünvanda daimi pasport qeydiyyatında olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən həmin əmlakdan məcburi pay almaq hüquqları vardır. İddiaçı atası X12 vəfatından sonra Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngə, 2 nömrəli binada yerləşən 65 nömrəli mənzilə dair tam hissədə irs verilməklə, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsindən imtina edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X23 ilə X11 arasında 07 sentyabr 1969-cu il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından xx xxxxxx 1971-ci ildə İddiaçı və 20 iyul 1972-ci ildə Cavabdeh doğulmuşdur. X23 07 fevral 2020-ci il tarixdə vəsiyyətnamə verərək, vəfat edəcəyi gün ona məxsus olan bütün əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan qızı İddiaçı vəsiyyət etmişdir. Miras qoyan X23 11 may 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2 ünvanı miras qalmışdır. 26 iyun 2021-ci il İddiaçı və onun anası X11 notariusa ərizə ilə müraciət edərək, miras əmlakdan onlara çatası hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Buna baxmayaraq notarius tərəfindən mərhumun arvadı X11 və oğlu Cavabdeh göstərilən ünvanda daimi pasport qeydiyyatında olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən həmin əmlakdan məcburi pay almaq hüquqlarının olduğu bildirilmiş və İddiaçı atası X12 vəfatından sonra Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngə, 2 nömrəli binada yerləşən 65 nömrəli mənzilə dair tam hissədə irs verilməklə, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Eldar Kazım oğlunun vəfatından sonra ondan miras qalmış ünvan 2 ünvanına paylarının müəyyən edilməsini xahiş etmişlər. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək, habelə miras əmlaka payının müəyyən edilməsi barədə tələbinin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilk növbədə qeyd edir ki, mərhum X12 hazırki vəziyyətdə üç vərəsəsi vardır. Onlardan iddiaçı olan qızı İddiaçı həm vəsiyyət üzrə vərəsə, həm də məcburi pay hüququna malik olan qanun üzrə vərəsə, cavabdeh olan oğlu Cavabdeh və arvadı X11 isə məcburi pay hüququna malik olan 1-ci növbəli qanun üzrə vərəsələrdir. Hazırkı mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən olunmuş halları mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Məhkəmə hazırkı mübahisəyə dair mülki qanunvericiliyin aşağıdakı normalarını tətbiq etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X2 qalmış mirası onun ölümündən sonra İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs arvadı Amalya İsmayılova qəbul etmişlər. Hər iki şəxs miras qoyanın 1-ci növ vərəsələridir. Lakin miras qoyan sağlığında miras əmlakın bütün hissəsini 1-ci növbəli vərəsələr sırasına daxil olan İddiaçı vəsiyyət etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, miras əmlaka vərəsələrin payı müəyyən olunan zaman vəsiyyət üzrə vərəsənin olması ilə yanaşı məcburi pay hüququna malik qanun üzrə vərəsənin də payı gözlənilməli və nəzərə alınmalıdır. Başqa sözlə məhkəmə hesab edir ki, miras qoyanın 3 vərəsəsi olmaqla onlardan biri vəsiyyət, digər ikisi isə məcburi pay hüququna malik qanun üzrə vərəsədir. Belə olan halda İddiaçı mübahisəli mənzil olan ünvan 2 ünvanı üzərində 4/6 hissədə payı müəyyən olunmalıdır. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X11 miras qoyan X12 məcburi pay hüququna malik olan birinci növbəli qanun üzrə vərəsəsi olduğundan ünvan 2 ünvanı üzərində 1/6 hissədə miras payı müəyyən edilməlidir. Məhkəmə, həmçinin işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən X10 miras qalmış ünvan 2 ünvanı üzərində məcburi pay hüququnun olmasını, cavabdehin ona çatası miras payı qəbul edib-etməməsini, habelə miras əmlaka payının müəyyən edilməsi barədə müstəqil tələbinin olub-olmasını müəyyənləşdirmək mümkün olmadığından məhkəmə hesab edir ki, X2 qalmış mirasın ona çatacaq hissəsi açıq saxlanılmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlaka İddiaçı 4/6 hissədə, X8 isə 1/6 hissədə miras payları müəyyən edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlaka İddiaçı 4/6 hissədə, X8 isə 1/6 hissədə miras payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar