Məhkəmə qərarları › İş №2(125)-2680/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2680/2023

24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2680/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsə tanınma və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X8 qanun üzrə vərəsəsi tanınmaqla atasından miras qalmış ünvan 1 ünvanda yerləşən əmlaka (mübahisəli əmlak) Daşınmaz Əmlakın Dövlət Reyestrində atasının adına yazılmış ¼ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak atası X11 məxsus olmuşdur. Gəncə Şəhər Nizami Rayon məhkəməsi 2(044)-62/10 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1243 və 1246-cı maddələrinə əsaslanıb, atasından miras qalmış evi 1/4 paylarla qardaşları X3 və X2, bacısı X6 mülkiyyətinə vermiş, qalan dördüncü payı (1/4 payı) isə açıq saxlamışdır. Bu payı ona görə iddiaçıya verməmişdir ki, o həmin iş üzrə cavabdeh olub, iddianı qəbul etməmişdir. Amma məhkəmə iddianı qismən təmin edib, 3 iddiaçının hər birinə mirasdan 1/4 pay vermişdir. Həmin vaxtı o, bacısı Nüşabənin mirasdan pay almasını istəmirdi, hesab edirdi ki, miras yalnız 3 qardaşa və 1/3 paylarla verilməlidir. Məhkəmə isə bacısı Nüşabəyə də pay (1/4 pay) vermiş, o, mirası faktiki (mülkdə yaşamaqla) qəbul etsə də, ona düşən 1/4 payı açıq (mərhum atasının adında) saxlamışdı. Məhkəmənin həmin qətnaməsindən sonra qardaşları Nəsrəddin və Nüsrəddin Məmmədov Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edib, müvafiq olaraq xx.xx.2010-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə mülkdəki öz 1/4 payları üzrə ********* və ********** qeydiyyat nömrəli çıxarış almışlar. Bacısı Nüşabəyə də xx.xx.2020-ci ildə öz 1/4 payına çıxarış verilmişdir. Verilən bütün çıxarışlarda dördüncü 1/4 pay, yəni onun payı mərhum atasının adında qalmaqdadır. İddiaçı qeyd edir ki, sözügedən qətnamə qanun qüvvəsini alandan sonra qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırda məhkəmənin iddiaçı üçün saxladığı 1/4 payı adına rəsmiləşdirmək istəyir. İddiaçı həmçinin notariusa müraciət etmiş, qardaşları notariat ofisinə gəlsələr də, hətta atasının adında qalmış payın onun adına yazılmasına etirazları olmaması haqqında notariatda təsdiqlənmiş yazılı razılıq ərizəsi versələr də, bacısı Nüşabə nə gəlməmiş, nə də yazılı ərizə verməmişdir. Məhz buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iş üzrə digər vərəsələr – X9 və X4 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, onun payı məhkəmə qətnaməsi ilə atasının adında qalıb, evin ən kiçik övladıdır, hazırki vaxtadək həmin evdə yaşayır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahat verərək bildirdi ki, qardaşı İddiaçı da vərəsədir və atası öləndən həmin evdə yaşamış, miras əmlakı qəbul etmişdir, onun həmin evdən pay almaq hüququ var. Cavabdeh Məhiyyəddin qızı məhkəmənin hazırlıq iclasında iştirak edərək miras əmlakın açıq qalan 1/4 hissəsinin iddiaçıya aid olduğunu bildirmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə baxışına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-62/10 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçılar X2, X3 və Cavabdehlər X16 və İddiaçı qarşı “miras mülkə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və miras mülkə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiaları qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən X7 qalmış miras əmlaka X2, X3 və Cavabdeh qanun üzrə birinci növbəli vərəsələr tanınmaqla hər birinin miras əmlakın ¼ hissəsinə paylarının müəyyən edilməsi və onlara müvafiq sənədlərin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. Tərəflər qeyd etmişlər ki, qətnamə qanuni qüvvədədir, ondan apellyasiya şikayəti verilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlak X8 mülkiyyətində olmaqla, birgə nikah dövründə əldə edilmişdir. X21 ilə birgə nikahından Nüsrəddin, Nəsrəddin, Fəxrəddin, Fizuli və Nüşabə adlı uşaqları anadan olmuşdur. X19 Məmmədovun arvadıdır. Məhkəmə müəyyən etmişdir ki, Məhyəddin Məmmədov xx.xx.1994-cü ildə, onun həyat yoldaşı Manya Məmmədova isə xx.xx.2000-ci ildə vəfat etmişdir. Miras qoyan vəfat etdikdən sonra onun qanun üzrə birinci növbə vərəsələri Nüsrəddin, Nəsrəddin, Fəxrəddin, Fizuli və Nüşabə adlı uşaqları və həyat yoldaşı Manya Məmmədova olmuşdur. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, yalnız iddiaçılar və cavabdeh İddiaçı mirası faktiki qəbul etməklə, orada yaşamış və idarə etməklə sahiblik etmişlər. Məhkəmə hesab etmişdir ki, Fəxrəddin Məmmədov miras qoyanın ölümündən əvvəl, 1989-cu ildə oradan köçüb özünə başqa yaşayış sahəsi inşa etdirmiş, ailəsi ilə orada yaşamış, miras əmlakı qəbul etməmişdir. Məhkəmə iddiaçıların hər birinə miras əmlakın 1/4 hissədə paylarını müəyyən etsə də qeyd etmişdir ki, cavabdeh İddiaçı iddia tələbini qəbul etmədiyinə görə həmin hissədə onun payı açıq saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********72-10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,06 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 228,2 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlakın 1/4 hissəsi X11, 1/4 hissəsi X1, 1/4 hissəsi X5 və 1/4 hissəsi Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş, mübahisəli ünvanda qeydiyyatda olan X9 tərəfindən 17 sentyabr 2022-ci il tarixdə verilmiş, **********499 nömrəli Gəncə Şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən X9 bildirmişdir ki, paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin atası X11 məxsus olan ¼ hissənin qardaşı İddiaçı adına vərəsəlik yolu ilə rəsmiləşdirilməsinə razıdır, etiraz etmir. Mübahisəli ünvanda qeydiyyatda olan X4 tərəfindən 17 sentyabr 2022-ci il tarixdə verilmiş, **********495 nömrəli Gəncə Şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən X10 bildirmişdir ki, paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin atası X11 məxsus olan ¼ hissənin qardaşı İddiaçı adına vərəsəlik yolu ilə rəsmiləşdirilməsinə razıdır, etiraz etmir. Məhkəmə qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli evdə yaşamış və qeydiyyatda olmaqla mirası faktiki qəbul etmişdir. Bu hal həmin məhkəmədə araşdırılmış, qiymətləndirilmiş və sübuta yetirilmişdir. Başqa sözlə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli əmlakın 1/4 hissəsinə münasibətdə mirası qəbul etdiyi müəyyən olunduğuna görə həmin fakt hazırki məhkəmə prosesində mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X13 xx.xx.1994-cü il tarixdə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X13 öldükdən sonra onun qanun üzrə birinci növbədə vərəsəsi olan övladı - İddiaçı da digər birinci növbədə vərəsələr - X4, X9 və Cavabdeh kimi miras qalmış mübahisəli əmlaka faktiki surətdə yiyələndiyindən və həmin əmlakı idarə etdiyindən, o mirası qəbul etmiş sayılır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, X8 birinci növbə qanun üzrə vərəsəsi kimi mübahisəli əmlaka İddiaçı 1/4 hissədə (dövlət reyestrində X8 adı qeyd olunmuş hissəyə) payı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X7 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka İddiaçı 1/4 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar