Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-277/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə **********00040 nömrəli abonent koduna qanunsuz hesablanmış 1550 manat borcdan qalan 1030 manat borcun əsassız sayılaraq silinməsi və həmin borcdan bugünədək ödənilmiş 520 manat vəsaitin **********00040 nömrəli abunə hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanı üzrə **********00040 nömrəli abonent koduna qanunsuz hesablanmış 1550 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00040 olmaqla, abonent kimi iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə onun arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında cavabdeh ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azərqaz İB-nin X1 Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. 2023-cü ilin 28 fevral tarixində cavabdehin nümayəndələri ona məxsus fərdi yaşayış evini qazla təmin edən xəttin üzərində quraşdırılmış sayğacı dəyişməli olduqlarını bildrmişlər və sayğacı sökərək, qısa müddət ərzində yenisi ilə əvz edəcəklərini bildirmişlər. Bir müddət keçdikdən sonra cavabdehin nümayəndələri tərəfindən ona bildirilmişdir ki, barəsində akt tərtib edilib və o cərimələnmişdir. Aktın tərtib edilməsinə əsas kimi isə qaz borusunun deşilməsi göstərilmişdir. Bundan sonra cavabdeh tərəfindən dəymiş ziyan kimi 12960 m3 sərfiyyat hesablanmış və nəticə etibarilə əsassız və qanunsuz olaraq həmin sərfiyyat üzrə 1550 manat məbləğində borc müəyyən olunmuşdur. Hansı ki, cavabdehin özü tərəfindən tərtib olunmuş aktlar arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Belə ki, sayğca baxış haqqında aktda qeyd edilmişdir ki, sayğac yararsızdır, həmçinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilib, abonentin qaz sərfiyyatı 12960 m3 təşkil edir və dəymiş ziyan 1550 manat müəyyən olunur. Belə ki, abonent saldosuna əsasən asanlıqla görmək olar ki, yay aylarında orta hesabla 6-10 manat, qış aylarında isə 15-22 manat civarında qaz sərfiyyatı etsə də, cavabdeh astronomik bir rəqəmlə əsassız olaraq borc hesablamışdır. Göstərilən evdə yaşadıqları bütün müddət ərzində heç bir zaman kommunal borcu olmayıb, sərf etdiyi qaz sərfiyyatının borcları vaxtlı-vaxtında mütəmadi olaraq tam ödənilib. Bununla yanaşı qaz sayğacı yaşayış evindən kənarda yerləşir və cavabdehin nümayəndələrinin daimi nəzarəti mümkün olmuşdur. Belə olan halda, istəsə belə qaz sayğacına müdaxilə edə bilməzdi. Bunu nəzərə alaraq hesab edir ki, yazılmış borc qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Beləliklə, cavabdeh onun adına olan **********00040 nömrəli abonent koduna qanunsuz olaraq 12960 m3 borc hesablamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, iddiaçının hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, İtron tipli, 1402AZ**********39 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********436 nömrəli sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın sərfiyyatı qeyd etməməsi, sayğacın quraşdırılma səbəbi isə onun əvəzolunması olmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki istehlakçı kim iddiaçının adı qeydə alınmış, iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, İtron tipli, 1402AZ**********39 nömrəli qaz sayğacına baxış keçirilmiş, rəydə sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100 faiz nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş, dəymiş ziyanın 12960 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x90=12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 1 üzrə abonent kodu **********00040 olan abonent İddiaçı aid saldodan görünür ki, abonent hesabına 2022-ci ilin fevral ayında 12960 m3 sərfiyyat edilmiş, sərfin məbləği 0 manat, qalıq və aktlar üzrə 1555,2 manat borc hesablanmış, 100,1 manat ödəniş edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmiş, X2 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 12960 m3 olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, tərəflər 1402AZ**********39 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının istifadəsində olan ünvan üzrə qaz itkisinin 12960 m3 olması ilə əlaqədar sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 1402AZ**********39 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, habelə tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 12960 m3 itirilmiş təbii qaz üçün borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00040 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 1550 (bir min beş yüz əlli) manat pul məbləği silinsin. 35,50 (otuz beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-277/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-277/2025
21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver