Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-299/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (bundan sonraiddiaçı və ya lizinq verən) ilə Cavabdeh (bundan sonra-cavabdeh və ya lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5222 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən mülkiyyətində olan «Khazar» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobili eyni tarixdə lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vermiş, lizinq alan illik 17.5 % dərəcəsi ilə 12 ay müddətinə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə isə 18362 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 18362 manatın 17000 manatı əsas məbləğ təşkil edir. İddiaçı tərəfindən cavabdehin 29 avqust 2022-ci il tarixə 1510.44 manat gecikdirilmiş əsas və həmin günə 13.59 manat dəbbə pulu olmaqla, cəmi 1524.03 manat borcu hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 14 may 2022-ci il tarixli MAS-5222 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi; Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 14 may 2022-ci il tarixli MAS- 5222 saylı “daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 avqust 2022-ci il tarixə 1510.44 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 13.59 manat dəbbə pulu, cəmi 1524.03 manat borc və ödənilmiş 35.65 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün cavabdehin daxili lizinq müqaviləsi üzrə tələb edilən məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (748-1.8). Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır (748-1.9). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12.4). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır (463.1). İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə versə də, cavabdeh lizinq obyektindən istifadə üçün müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini, lizinq obyektinin cavabdehdən alınaraq ona geri qaytarılmasını və lizinq müqaviləsi üzrə borcun tutulmasını tələb etməkdə haqlıdır, iddia təmin edilməlidir. Belə ki, cavabdeh etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5222 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh 14 may 2022-ci il tarixli MAS-5222 saylı lizinq müqaviləsinə əsasən 1510.44 manat əsas borc, 13.59 manat dəbbə pulu olmaqla, cəmi 1524 (min beş yüz iyirmi dörd) manat 03 (üç) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat 65 (altmış beş) qəpik pul İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-299/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-299/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver