Məhkəmə qərarları › İş №2(125)-3010/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3010/2024

25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3010/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Gəncə X7 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan barəsində qanunsuz hesablanmış 2436,48 manat məbləğində cərimənin (20304 m3 itirilmiş qazın dəyərinin ödənilməsi) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ona məxsusdur. Həmin evə quraşdırılmış qaz sayğacı mərhum X3 adına olmuşdur. Həmin, ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının məhlədən küçəyə çıxarılıb quraşdırılması və onların həyət boyu qonşuya çəkilmiş qaz xəttinin təhlükəsizlik baxımından kəsilib başqa yerdən qazla təmin edilmələri barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. X8 əməkdaşları ərizəni qəbul etdikləri tarixdən bir gün əvvəlki tarixlə yəni xx.xx.2023-cü il tarixdə guya boruya baxış keçirərək kənar qoşulma müəyyən edərək ******* nömrəli AKT tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, istehlakçı X5 aktın tərtib edilməsində iştirak etsə də, imza etməkdən imtina etmişdir. X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Göründüyü kimi, qeyd olunan akt etibarsızdır. Eyni zamanda, X12 İstismar İdarəsinə borunun sökülməsi barədə onlar müraciət etmişlər. Həmin borudan kənar xətt kimi istifadə olunduğu halda bu haqda məlumat verməsi absurd olardı. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 12960 kubmetr qazın itirilmiş hesab edilməsi və həmin ziyanın ödənilməsi tələb edilmişdir. G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış 2436,48 manat məbləğ ödənilsin (12*12*360=5184, 20*12*360=8640, 30*12*180=6480 toplam=20304 m3). xx.xx.2022ci il tarixli opentext A00513 saylı yeni təlimata əsasən 20304 m3 həcmində vəsaitin 2436,48 manat borc hesablanmışdır. Sayğac üzrə dövriyyə nəzər salanda da görünür ki, qaz sərfiyyatı üzrə ödənişlər vaxtı vaxtında aparılıb və hər hansı bir yayınma yoxdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tam əsassızdır. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun olan izahat verərək, qaz sayğacına onlar tərəfindən müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə araşdırmaları zamanı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi qaz sayğacına müdaxilə faktının qeydə alındığı videogörüntüləri məhkəməyə təqdim etmiş, Nümayəndə həmin videogörüntülərin onlara məxsus olan həyətyanı sahədə çəkildiyini etiraf etmişdir. Nümayəndə məhkəməyə bildirmişdir ki, həmin vaxt evdə yalnız anası olmuşdur, anası da yaşlı adamdır və nə baş verdiyini başa düşməmişdir. Sonda iddiaçının nümayəndəsi irəli sürülən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz İstehsalat Birliyinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman evin qarşı hissəsindən keçən paylayıcı qaz xətti üzərində xəttə sayğacdan kənar qoşulmuş istifadəyə yararlı olan qaz borusu aşkar edilmişdir. Bu hal vedeo çəkilişlə qeydə alınmışdır. Bu səbəbdən itirilmiş təbii qazın bərpası məqsədilə akt tərtib edilərək abonent hesabına 20304 m3 həcmində 2436,48 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, rezin boru ilə sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. İstehlakçının nümayəndəsi kimi X3 adı qeyd edilmiş və nümayəndənin həmin aktda imza etməkdən imtina etdiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyətində olan 0.0271 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi, qeyri-qanuni qaz xəttinin isə ləğv edilməsi tələb olunmuş, dəymiş ziyanın həcmi 20304 m3 qeyd olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin noyabr ayı üçün abonent X4 20304 m3 qaz sərfinə görə 2436,48 manat borc hesablanmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh nümayəndələri ünvan 1 ünvanında sayğacdan kənar xətt aşkarlamışlar. Məhkəmədə iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə həmin videogörüntülərin onlara məxsus olan həyətyanı sahədə çəkildiyini etiraf etmişdir. Məhkəmə aparılan araşdırmaların nəticəsi olaraq belə qərara gəlir ki, irəli sürülən iddia əsassızdır və ona görə də təmin oluna bilməz. Belə ki, işin məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunan halları ondan ibarətdir ki, iddiacının yaşadığı ünvan 1 ünvanında Cavabdeh nümayəndələri tərəfindən 26 noyabr 2024-cü il tarixdə sayğacdan kənar qaz xətti aşkarlanmışdır. İddiaçı iddia ərizəsində həmin aktın onun yaşadığı ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttinin olmasını təsdiq edən mötəbər sübut növü kimi qəbuledilən olmadığını iddia etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Akta görə, istehlakçı X5 aktın tərtib edilməsində iştirak etsə də, imza etməkdən imtina etmişdir. Halbuki, X5 xx.xx.2023cü ildə vəfat etmişdir. Göründüyü kimi, qeyd olunan akt etibarsızdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 həqiqətən də xx.xx.2023-cü ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, bu halın mövcudluğu irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvanda qaz xəttinə sayğacdankənar qoşulma fakti barədə təkcə Akt tərtib edilməmiş, bu fakt həm də Cavabdeh nümayəndələrii tərəfindən video çəkiliş vasitəsilə qeydə alınmışdır. Yəni, iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qaz xətti vasitəsilə istifadə edilməsi fakt kimi təsdiq olunandır. Bu fakta görə Cavabdeh tərəfindən hesablanmış borc da qanunauyğun hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndi ilə nəzərdə\ tutlmuşdur ki, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia əsassız sayılmalı və təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar