Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3023/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 06 yanvar 2023-cü il təvəllüdlü X1 İlknuroviçin atası olması faktının müəyyən edilməsi, cavabdehdən onun xeyrinə həmin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin uşaq 3 yaşına çatanadək 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində el adəti ilə toy edərək xx.xx.2023-cü il tarixədək faktiki nikah münasibətlərində olmuşlar. Onların birgə yaşayışından xx.xx.2023-cü il tarixdə X1 İlknuroviç adlı uşaqları anadan olub. Hazırda uşaq ananın himayəsindədir, uşağın bütün təminatı və zəruri xərclərini iddiaçının valideynləri qarşılayır. Uşaq azyaşlı olduğu üçün iddiaçı işləyə bilmir. Buna görə də uşağın qidalanması və zəruri xərclərinin ödənilməsi üçün alimentin təyin edilməsinə ehtiyac var. Cavabdeh uşağa atalıq vermədiyindən iddiaçı uşağa doğum haqqında şəhadətnamə alarkən öz soyadını uşağın soyadı kimi qeyd etdirib. İddiaçı atalığın müəyyən edilməsi və aliment tələbi ilə mediasiyaya müraciət edib. Mediasiya prosesinin iclasında cavabdeh iştirak etməmişdir. Cavabdeh hazırda uşağa atalıq verməkdən və aliment ödəməkdən imtina edir, buna görə də atalığın məhkəmə qaydasında müəyyən edilməsi və aliment təyin edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, uşaq hazırda Rusiyada anasının himayəsindədir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçıdan doğulmuş 06 yanvar 2023-cü il təvəllüdlü X1 İlknuroviçin atasıdır, bununla bağlı heç bir mübahisəsi yoxdur. Ancaq uşağın saxlanılması üçün hər ay cəmi 80 manat aliment ödəməyə imkanı var, uşağın 3 yaşına qədər iddiaçıya pul ödəməyə imkanı çatmır. Həmçinin əlavə etdi ki, İİ Qarabağ Müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə ödənilən 80 manat məbləğində Prezident təqaüdü alır. Hazırda işləmir. Odur ki, məhkəmədən xəstə olması və işləməməsi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 440.1 və 440.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.1 və 443.0.4-cü maddələrinin tələbinə görə Azərbaycan Respublikasnın məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin aşağıdakı işlərə aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda baxmağa haqlıdır. MPM-in 447-ci maddəsinə əsasən şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. Məhkəmə, Rusiya Federasiyasının vətəndaşı olan iddiaçının hazırkı tələbi üzrə Cavabdeh Azərbaycan Respublikası vətəndaşı olmasını nəzərə alaraq hesab edir ki, şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X1 İlknuroviç 06 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Anası İddiaçıdır, doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahdan olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə qeyd edir ki, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. İşin hallarından göründüyü kimi, iddia tələbi atalığın müəyyən edilməsi hissəsində cavabdehin özü tərəfindən etiraf edilmişdir və cavabdeh bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin birgə yaşaması iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatları ilə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur. Həmin fotoşəkillərdən tərəflərin toy şənliyinin keçirildiyi görünür. Həmçinin iş materiallarına cavabdehin uşaqla birlikdə olduğunu göstərən fotoşəkil də əlavə olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına görə tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə faktiki nikahdan bir uşaq – 06 yanvar 2023-cü il təvəllüdlü X1 İlknuroviç doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının» 6.19-cu bəndinə görə VVADQ orqanı və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar atalığın müəyyən edilməsi tələbi hissədə cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından 06 yanvar 2023-cü il tarixdə Məhəmməd Əli adlı uşaqlarının anadan olmasının iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatları ilə təsdiq olunması işin mötəbər sübutu kimi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması və uşağın anasının yanında qalması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Məhəmməd Əlinin valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2024-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixdən “işsiz” statusu verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Pxisiatriya Xəstəxanası” X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4306 nömrəli rəydən görünür ki, Cavabdeh Respublika Pxisiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünə xəsarətlərlə F 07.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin tələb olunan miqdarda alimenti ödəməyə qismən razılığını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay üçün 180 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, iddianın uşağın üç yaşı tamam olanadək iddiaçıya kömək üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunun mənasına görə, ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmasını, yəni onun uşağın saxlanılmasından əlavə iddiaçıya maddi cəhətdən kömək göstərmək üçün hər ay aliment ödəməyə imkan verəcək dərəcədə qazancının olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək həmçinin hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi qiymətləndirilməyən iddia olduğuna və iddia əsasən əsaslı olduğuna görə, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 25 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olmuş Cavabdeh (Ş/V Fin: xxxxxxx) İddiaçı 06 yanvar 2023-cü il tarixdə doğulmuş X1 İlknuroviçin atası olması müəyyən edilsin. Qətnamə doğum haqqında akt qeydlərində Cavabdeh 06 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş X1 İlknuroviçin atası kimi qeyd edilməsinə əsasdır. xx.xx.2023-cü il təvəllüdlü X1 İlknuroviçin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3023/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3023/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver