Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3155/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh, oğlunun şəhid adından qanunsuz istifadəsinin, şəhid anası kimi onun və ailənin şərəf və ləyaqətini ləkələyən hərəkət olmasının müəyyən edilməsi, onlardan üzr istəməsi, mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X18 onun oğludur. O, 23 mart 1968-ci ildə Qazax rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda Ruslan 1992-ci ilin aprel ayında könüllü olaraq müharibəyə getmiş və N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə dövründə Ruslan qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi tapılmadığından itgin hesab edilmişdir. Belə ki, hələ də, onun sağ qalan döyüş yoldaşları Ruslanın döyüş şəraitində qəhrəmancasına həlak olduğunu təsdiq edir. Onun meyidi tapılmadığından Mingəçevir şəhəri şəhidlər xiyabanında onun rəmzi qəbri var. O, şəhid anası kimi illərdir ki oğlunu axtarır. Yaxın zamanlarda eşitmişdir ki, Gəncə şəhərində Şəhidlər Xiyabanında naməlum əsgərlərin məzarları var. O, nəvəsi Leyladan ora getməyi və onları ziyarət etməyi xahiş etmişdir. Ora gedərkən gözləmədiyi halda otuz ildir ki, axtardığı oğlunun məzarı ilə qarşılaşmışdır. Onun və nəvəsinin həmin an nələr keçirdiyini təsəvvür belə edə bilməzsiniz. Qəbrin üzərinə baxarkən görmüşdür ki, oğlunun soyadı Abdullayev edilmiş, doğum və ölüm tarixləri dəyişdrilmişdir. Qəbrin üzərindəki isə onun oğlumun şəkli idi. Bu məsələni araşdırarkən məlum oldu ki, Ruslanın atası Ələnşirin arvadı Xalidə şəhid anası kimi, yəni Ruslanın anası kimi özünü təqdim edərək şəhid anası statusundan qanunsuz olaraq bu illər ərzində istifadə etmişdir. Eyni zamanda ondan oğlunun qəbrinin olmasını və ya həqiqətəndə orda dəfn olunan onun oğludursa onun meyidinin tapılıb dəfn olunmasını gizlədiblər. Bu məsələ ilə bağlı onlar Gəncə şəhər Prokurorluğuna müraciət etsələr də, Gəncə şəhər Pokurorluğunun 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Cinayət işinin başlanması rədd edilmişdir. Oğlunun atası Ruslan doğulanda belə ondan imtina Onun doğum haqqında şəhadətnaməsinə baxılsa aydın olur ki, ata qrafası boş qalıb. Çünki Ələnşir ona atalıq verməkdən imtina etmişdir. Cavabdeh otuz il ərzində özünü oğlunun anası kimi tanıdaraq şəhid anası statusundan istifadə etmişdir. Onun, ailənin şərəf və ləyaqətini alçaltmış, mənəvi zərər vurmuşdur. Oğlunun qızı, arvadı belə onun bir məzarının olmasından xəbərsiz olmuşdur. Artıq şəhid anası statusu ondan alınmış, illərdir ki, saxta yollarla dövlətdən aldığı müavinat dayandrılmışdır. Ona görə də, o, cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə izahat ünvanlayaraq bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona qarşı “şərəf, ləyaqətin müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsinə” dair iddia ərizəsində göstərilənlərlə razı deyil və aşağıdakılara əsasən iddianı əsassız və qanunsuz hesab edir. Belə ki, hazırda Bakı şəhəri, Mərdakan qəsəbəsi, B.Əliyev küçəsi, ev 15, mənzil 23-də yaşayan İddiaçı1 23 mart 1968-ci il tarixdə anadan olmuş X1 və ona heç bir analıq qayğısı göstərməmişdir. O, uşağın atası Ələnşir Abbasovla ailədə yola getməmiş, 1967-ci ilin axırlarında küsüb birdəfəlik atası evinə getdiyindən, Ələnşir Gəncə şəhərinə işləməyə gəlmiş və mənimlə ailə qurduğunu eşidəndə uşağı qırxı çıxmamış Gəncəyə gəlib uşağı Ələnşirin üstünə atdığından məcbur olub Ələnşirin xahişi ilə Ruslanı bir yaşınadək ana kimi saxlayaraq böyütdüm. X22baq ailə qurmuş, Ələnşir Sveta ilə qeyri-rəsmi bir ay yaşamışlar. Mən bunu sonradan bilmişəm. Bir daha bildirirəm ki, İddiaçı1 başqa birisinə ərə getmiş və uşağa heç bir analıq etmədiyindən Ruslanı mərhum ərim Ələnşir, mən, ana babası Abbas və nənəsi saxlayıb böyütmüşük. Uşaq məktəb illərini ana babası və nənəsinin yaşadığı Akstafa rayonunda oxumuş, ancaq bütün yayı gəlib bizdə qalmışdır. Ələnşir həmişə Ruslana pul göndərmiş və yardım etmişdir. Ona görə də Ruslan orta məktəbi bitirəndən sonra Gəncə şəhərinə bizə gəlmiş və həqiqi hərbi xidmətə çağrılanda, cəhv etmirəmsə 1986-cı ilin yayında Ermənistana əsgərliyə göndərilmişdir. 1988-ci ildə ermənilər Qarabağa göz dikəndə, ara qarışmağa başlayanda Ələnşir ermənistanlı qonşumuz Yasin kişi ilə birlikdə gedib Ruslanı Gəncəyə evimizə gaçırıb gətirmişdir. Yasin kişinin əsli ermənistanlı idi və və erməni dilini bilirdi. Bundan sonra Ruslanın toyunu Gəncə şəhərində yaşadığımız Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 52 nömrəli binanın qabağında etdik. Toy xeyir-duasını və toy xərcinin hamısını Ələnşirlə mən etdim. Ruslanın arvadı X2 şəhərindən olduğundan bizdən Mingəçevir şəhərinə və oradan isə Rusiyaya Leninqrada şəhid qardaşım Vaqiflə birlikdə. X16 şəhərində qalmışdır. Bu barədə toy şəkilləri də var. Evləndikdən sonra Mingəçevir şəhərində Ruslanın Leyla adlı qızı olmuşdur. Hazırda Leyla digər iddiaçıdır. Dediklərimin həqiqət olmasını məhkəməyə gətirəcəyim bütün şahidlər və toy şəkilləri bir daha təsdiq edəcəkdir. Bundan sonra birinci Qarabağ müharibəsi başlayanda Ruslan qardaşım Vaqiflə birlikdə 1992-ci il tarixdə Azərbaycana gəlib könüllü olaraq müharibəyə getmişdir və Ruslan mütamadi olaraq bizlə, xüsusilə atası Ələnşirlə əlaqə saxlayaraq danışırdı. Şəhid olanda hərbi komissarlıqdan atası Ələnşiri dəvət edib ondan analiz götürmüşlər. Şəhid atası kimi Ruslanın nəşini Ələnşir Gəncə Şəhərində Şəhidlər Xiyabanında dəfn etdirdik. Həmçinin el adəti ilə dəfn mərasimini keçirtdik. Həmin yas mərasimində Ruslanın arvadı Valentina və qaynı da gəlib bir gün iştirak etdilər. Ruslan bizim himayəmizdə olduğundan atası X24 şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edib xx.xx.2007-ci il tarixli qətnamə çıxartmışdır. Həmin qətnamə Ruslan Abdullayevin valideyini olmağımız faktı müəyyən edilmişdir. Sonradan eşitdim ki, qızı İddiaçı2 kiminsə örgətməsi ilə məni prokurorluğa verib, deyib ki, atası Ruslanın qəbri Mingəçevir şəhərindədir. Ancaq araşdırma zamanı məlum oldu ki, rəhmətlik Ruslana Mingəçevir şəhərində “rəmzi şəhid qəbri” düzəldilmişdir. Mən özüm də şəhid ailəsiyəm. X5 10 aprel 1992-ci il tarixdə Tərtərin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş və hazırda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ruslan qardaşım şəhid Vaqif Həsənovun yas mərasimində icazə alıb gəlib iştirak etmişdir. Bundan sonra iddiaçı məndən prokurorluğa və məhkəməyə verdi. Prokurorluqdan cinayət işinin başlanılması rədd edildi və məhkəmə şikayəti təmin etmədi. Mən heç kimin şərəf və ləyaqətini alçaldan hərəkətlər etməmişəm. Ona görə də iddianı qəbul etmirəm və bir daha bildirirəm ki, Ruslana həmişə Ələnşir maddi köməklik etdiyindən və mütamadi bizdə qaldığından onu bir övlad kimi toyunu edib, şəhid düşəndə dəfn edirmişik. Bu səbəbdən də, iddiaçılar İddiaçı1 və İddiaçı2 mənə qarşı “şərəf, ləyaqətin müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsinə” dair iddia dair iddiasını əsassız və qanunsuz olduğu üçün iddianın rədd edilməsinə dair qətnamə çıxararılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, cavabdehin təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq eyni tarixdə başqa məhkəmədə olacağı üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların təmsilçisini dinləyərək, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək atası xx.xx.1968-cı il təvəllüdlü İ Qarabağ müharibəsində Marquşavan istiqamətində şəhid olmuş, hazırda Mingəçevir şəhər qəbristanlığında rəmzi qəbri olan X8 Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında da eyni fotoşəkil ilə, lakin başqa doğum tarixi və caşqa soyad ilə atasına məxsus qəbr olduğunu bildirməsi ilə əlaqədar toplanmış material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Gəncə şəhər prokurorluğunda araşdırılan 537-C-22 saylı material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli arayışından görünür ki, İddiaçı2 atası xx.xx.1968-ci il təvəllüdlü əsgər X18 həqiqətən aprel 1992-ci il tarixdən könüllü olaraq N nömrəli hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1992-ci il tarixdən X18 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. xx.xx.1992-ci il tarixli, 363067 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1992-ci il tarixdə ölmüşdür. xx.xx.1990-ci il tarixli, 456806 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və X9 22.09. 1990-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. xx.xx.1968-ci il tarixli, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X8 anası X10r. xx.xx.1961-ci il tarixli, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X14 atası X18, anası X10r. fotoşəkillərdən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X11 xx.xx.1992-ci ildə vəfat etmişdir; xx.xx.1968-ci il təvəllüdlü X18 xx.xx.1992-ci ildə vəfat etmişdir. 357089 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1992ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 664 saylı arayışından görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X6 mərhum övladı 1968-ci il təvəllüdlü X11 xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda gedən döyüşlərdə əməliyyatlarında həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.1992-ci il tarixdən X11 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə xx.xx.1968-ci il təvəllüdlü, xx.xx.1992-ci ildə həlak olmuş X4 valideynlərinin ərizəçilər – Cavabdeh və X19 olması faktı müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(125)-13/2023 nömrəli qərarı ilə İddiaçı2 Gəncə şəhər Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas Rəşad Qasımovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Gəncə şəhər Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas Rəşad Qasımovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən, maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra da yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Həmin Qərarın 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Həmin Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı iş üzrə cavabdehin şəhid adından qanunsuz istifadəsinin iddiaçı tərəfin şərəf və ləyaqətini ləkələyən hərəkət olmasının müəyyən edilməsi barədə əsas, cavabdehin üzr istəməsi və mənəvi ziyanın əvəzinin tutulması barədə törəmə tələblərlə məhkəməyə müraciət edilmişdir. Qeyd edilən Qərarlarda əks olunmuş hüquqi mövqeyə əsasən, məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması məcmu halında araşdırılmalıdır. Hazırkı iş üzrə şəhidə dair hansı məlumatın doğru olmaması və (ya) iddiaçı tərəfin mübahisələndirdiyi məlumatın əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçılardan hər hansı biri barəsində mənfi rəy yaradaraq, şərəf və ləyaqətini ləkələməsi və (ya) cavabdehin addan qanunsuz istifadəsini təsdiqləyən və (ya) cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərməsi, beləliklə iddiaçı(lar)a əmlak və ya qeyri-əmlak xarakterli zərər (ziyan) yetirməsi barədə mötəbər sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin araşdırılması nəticəsində əsas tələb olaraq iddiaçı(lar)ın şərəf və ləyaqətinin təhqir olunması öz təsdiqini tapmadığından, sarsıntı, iztirab keçirmələri və bununla da mənəvi təhqirə məruz qalmaları, bunun nəticəsində həmin şəxs(lər)ə (mənəvi və maddi) zərər yetirilməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin iddiaçı tərəfin şərəf və ləyaqətini ləkələməsi sübuta yetirilmədiyi üçün əsas tələb, habelə dolayısıyla cavabdehin üzr istəməsi və mənəvi ziyanın əvəzinin tutulması barədə törəmə tələblər təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3155/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3155/2023
16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver