Məhkəmə qərarları › İş №2(125)-3184/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3184/2024

29.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3184/2024 29.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi, “Zenner” tipli, G4T mexaniki, abonent kodu **********00450 nömrəli qaz sayğacına hesablanmış 1088,64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00450 olmaqla, abonent kimi iddiaçının anası mərhum X1 adına qeydiyyata alınmışdır. X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçı həmin fərdi yaşayış evində yaşayır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, 29 mart 2024-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən ünvan 1 ünvanında “Zenner” tipli, G4T mexaniki, abonent kodu **********00450 nömrəli qaz sayğacı xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır və istehlakçı kimi anası Familə Babakişiyevanın adı qeyd olunubdur. Lakin anası vəfat edibdir və bu barədə iddia ərizəsinə ölüm haqqında şəhadətnaməni əlavə etmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Zenner” tipli, G4T mexaniki, abonent kodu **********00450 nömrəli qaz sayğacına, eləcə də evə baxış keçirilmiş, lakin heç bir pozuntu aşkar olunmamışdır. Buna baxmayaraq, cavabdeh təşkilatın əməkdaşları 29 mart 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin aktda qeyd olunubdur ki, guya yoxlama zamanı ünvanda sayğacdankənar əlavə xəttdən istifadə halı aşkar edilibdir. Əlavə xətt kombi və QSSQ cihazında istifadə olunur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin aktda guya sayğacdan kənar əlavə xəttdən istifadə halı aşkar olunmamışdır. Həmin akt əsasında itirilmiş qaz sərfiyyatı kimi əsassız olaraq ona 1088,64 manat borc yazılmışdır və həmin akt əsasında itirilmiş qaz sərfiyyatı kimi ona hesablanmış 1088,64 manat borc məbləğini aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Əvvəla, o heç bir əlavə xəttdən istifadə etməmişdir. Buna sübut olaraq evinin şəkillərini məhkəməyə təqdim edir. Eyni zamanda aktların və digər sənədlərin surətləri də ona verilməmişdir. Cavabdeh qeyd olunan sayğaca onun və ailə üzvləri tərəfindən hər hansı müdaxilənin olunması barədə sübut təqdim etməlidir. Qaz sayğacı da küçədə quraşdırılmış və həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Onun və ailəsinin təqsiri olmadan sayğacda nasazlığın olmasına görə o və ailəsi hər hansı məsuliyyətə cəlb edilə bilməzlər. Bundan başqa, nə sayğac çıxarılmamışdan əvvəl, nə də ki, sayğac çıxarıldıqdan sonra sayğacın o və ailəsi tərəfindən zədələnməsi ilə bağlı hər hansı sübut yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, əvvəllər sözügedən ünvanda yaşayış olmayıb, təxminən 1 ildir ki, həmin ünvana köçüb yaşayırlar. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun yaşadığı ünvanda sayğacdan kənar əlavə xətdən istifadə halı, əlavə xəttin kombi və QSSQ cihazında istifadə edildiyinin aşkar olunması barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Sayğacdan kənar əlavə xətt - boru SSRİ-nin dövründən mövcuddur, ona aidiyyəti olmayan xəttdir, həmin borudan heç bir istifadə halı yoxdur, evin özünəməxsus sayğacından istifadə edir. Həmçinin bildirdi ki, cavabdeh təşkilatın əməkdaşları sözügedən sayğaca baxış keçirərkən həmin borunu kəsib bağlamışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, iddiaçı ancaq qış aylarında 10 manat ödəniş edib, əgər həmin evdə yaşayış olmayıbsa, niyə ödənişlər edib. Sözügedən ünvanda sayğacdan kənar əlavə xətdən istifadə halı, əlavə xəttin kombi və QSSQ cihazında istifadə edildiyi aşkar olunduğundan əməkdaşlar həmin borunu kəsib bağlayaraq, sayğacdan kənar əlavə xəttin istifadə halının qarşısını almışlar. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2024cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********6 nömrəli qaz sayğacına baxış keçirilmiş, yoxlama zamanı ünvanda sayğacdan kənar əlavə xətdən istifadə halı və əlavə xəttin kombi və QSSQ cihazında istifadə edildiyi aşkar olunmuş və dəymiş ziyanın 9072 m3 (1088,64 manat) hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün; PQ 3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 2,6x12x180=5616 m3 və 0,8x12x360=3456 m3 olmaqla, 9072 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanı üzrə abonent kodu **********00450 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2024-cü ilin yanvar ayında 239 m3, fevral ayında 250 m3, mart ayında 9423 m3, aprel ayında 0 m3 olmaqla, 2024-cü ilin yanvar ayından aprel ayına (həmin ay da daxil olmaqla) kimi 9912 m3 sərfiyyat edilmiş, sərfin məbləği 100,80 manat, qalıq və aktlar üzrə 1088,64 manat borc hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 172,28 manat ödənilmişdir. İş materiallarına iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bəzi fotoşəkillər əlavə edilmişdir. Məhkəmə tərəfindən ünvan 1 ünvanında yerində müayinə keçirilmiş, baxış zamanı hər hansı əlavə xətt aşkar edilməmişdir. Yerində müayinə zamanı çəkilən foto şəkillər iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, tərəflər abonent kodu **********00450 olan, iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulub-pozulmaması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvana verilən itirilmiş 9072 m3 qaza görə 1088,64 manat borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçının sayğacdan kənar əlavə xətdən istifadə etməsi faktı ilə əsaslandırır. İş materiallarından müəyyən edilir ki, cavabdehin əməkdaşlarının tərtib etdikləri ******* nömrəli aktda iddiaçının sözügedən evində kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi göstərilsə də, həmin akt əsasında cavabdeh tərəfindən, həqiqətən də mövcud olmuş kənar xəttin kəsilməsi (kənarlaşdırılması) hər hansı formada sənədləşdirilməmiş, bu halı təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan, Cavabdeh İB tərəfindən tərtib edilən aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş həmin aktda istehlakçının nümayəndəsi bölməsində abonent kimi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə ölmüş “Babakişiyeva Familə”nin adı qeyd edilməklə imzadan imtina etməsi göstərilmişdir. Qeyd edilən əsas cavabdeh tərəfindən tərtib edilmiş aktın mötəbərliyini şübhə altına almağa tam əsas verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olsa da, cavabdeh tərəf həmin halların doğruluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 9072 m3 itirilmiş təbii qaz üçün 1088,64 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Odur ki, şərh edilənlərə əsasən sözügedən aktda qeyd edilən hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış borc silinməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30,89 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00450 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 1088,64 (bir min səksən səkkiz manat altmış dörd qəpik) manat pul məbləği silinsin. 30,89 (otuz manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar