Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3327/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə2 Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı kredit müqaviləsinin və girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (mətndə bundan sonra-Cavabdeh MMC) qarşı kredit müqaviləsinin və girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 08 may 2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, M-026994/23 nömrəli kredit və məzmununa görə girov müqaviləsinin, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli kredit və məzmununa görə girov müqaviləsinin və xx.xx.2023-cü il tarixli, M-03630/23 nömrəli kredit və məzmununa görə girov müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış M-02694 nömrəli müqavilə üzrə 5579 manat məbləğində, xx.xx.2023-cü il tarixdə bağlanmış M-02740/23 nömrəli kredit müqaviləsi üzrə 7020 manat məbləğində, xx.xx.2023-cü il tarixdə, bağlanmış M-03630/23 nömrəli kredit müqaviləsi üzrə 1040 manat məbləğində kredit verilmişdir. Qeyd olunan müqavilələr üzrə heç bir faiz dərəcəsi müəyyən edilmədiyi təqdirdə cavabdeh ondan faiz hesablanması ilə borcu tələb edir və buna dair ödəniş cədvəli də tərtib edərək təqdim etmişdir. O, əvvəl həmin ödəniş cədvəli üzrə borcun faizsiz olduğunu zənn etdiyi təqdirdə cavabdeh ondan faiz tələb edir. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını girov götürsə də, həmin qızılları "xxxx" MMC-yə təhvil vermişdir. O, borcunu ödəyərək qızıllarını tələb etsə də, cavabdeh onun qızıllarını mənimsəyərək ondan faiz tələb edir ki, hansıki aralarında bağlanmış müqavilələrdə heç bir faiz dərəcəsi müəyyənləşdirilməmişdir. Ümumilikdə isə müqaviləyə nəzər yetirdikdə bağlanmış müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq forma və məzmunu belə doğru deyil. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, cavabdehin hərəkətlərində və əməllərində həm vergi, həm də mənimsəmə cinayətlərinin tərkib əlamətləri vardır. Ona görə də cavabdehin barəsində xüsusi qərar çıxarılması xahiş edilmişdir Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrin 2.2-ci bəndində müqavilənin kreditin tam ödənilməsi və faizlərin tam ödənilməsinədək qüvvədə olması qeyd olunmuşdur. Eləcə də, həmin bənddə faizlərin hər ay öz vaxtında ödənilməli olduğu qeyd olunmuşdur. Bundan əlavə kredit müqavilələrinin ödənis cədvəllərində əsas borcun məbləği faizlərin məbləği və ümumi borcun məbləği həm aylar üzrə, həm də ümumilikdə göstərilmişdir. Həmin cədvəllər müvafiq qaydada iddiaçı tərəfindən imzalanmışdır. Həmçinin, kredit müqaviləsinə əlavə edilmiş iddiaçı tərəfindən yazılmış ərizələrdə iddiaçı veriləcək krediti və ona hesablanacaq faiz borclarını ödəməyi öz öhdəsinə götürmüşdür. Sadalananlardan da göründüyü kimi, kredit müqavilələri verilmiş borc məbləğinin faizlə geri qaytarılmasını nəzərdə tutur və iddiaçının bundan xəbəri olmuşdur. Nəzərə alınmalıdır ki, mübahisələndirilən müqavilələrdən ikisi 2023-cü ilin aprel ayına aid olsa da, biri həmin ilin sentyabr ayında bağlanmışdır. Yəni xx.xx.2023-cü il tarixli M-02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrin ödəniş qrafikinə əsasən iddiaçı 2023-cü ilin may, iyun, iyul və avqust ayları üzrə müvafiq ödənişləri etmiş, sentyabr ayında isə əlavə daha bir kredit müqaviləsi imzalamışdır. Əgər iddiaçının da qeyd etdiyi kimi, onun kredit məbləğinin faizlə verilməsindən xəbəri yox idisə xx.xx.2023-cü ıl tarixli M-02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrə əsasən 2023-cü ilin may, iyun, iyul və avqust ayları üzrə hesablanmış faiz məbləğlərini ödəməməli və xx.xx.2023-cü il tarixli M-03630/23 nömrəli kredit müqaviləsini imzalamamalı idi. İddiaçının xx.xx.2023-cü il tarixli M-02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrə əsasən 2023-cü ilin may, iyun, iyul və avqust ayları üzrə hesablanmış faiz məbləğlərini ödəməsi və cavabdehlə daha bir, yəni xx.xx.2023-cü il tarixli M-03630/23 nömrəli kredit müqaviləsini imzalaması onun kredit müqaviləsi üzrə faizlərin hesablanmasından xəbərdar olmasını və öz hərəkətləri ilə bunu bəyənməsini və icra etməsini ehtiva edir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixli M- 02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddət bitdikdən sonra iddia qaldırılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş və iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, mübahisələndirdiyi hər üç müqavilədə göstərilən məbləğlərdə krediti müqavilə bağlanarkən aldığını etiraf etmiş, aldığı əsas borclarla bağlı mübahisənin olmadığını, müqavilələrin yalnız faizlərin ödənilməsini nəzərdə tutan müddəalarının etibarsız hesab edilməsini tələb etdiyini bildirmiş, əsas borcunu ödədikdən sonra girov qoyduğu qızıl zinət əşyalarının özünə qaytarılmasını təmin edən qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 iştirak etmiş və təmsil etdiyi iddiaçının iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə1 iştirak etmiş, etirazın dəlillərinə uyğun izahat vermiş, irəli sürülən iddianın təmin edilməməsini xahiş etmiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və mübahisəyə münasibətdə AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə2 və əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 aprel 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixədək ödəmək şərti ilə 5579 manat məbləğində krediti L-02903/18 L-33256/19 L-03159/19 L-02924/13 K-01351/20 K- 01093/20 siyahılı qızıl zinət əşyalarının girovu əsasında vermişdir. Kredit müqaviləsi aşağıdakı şərtlərlə bağlanmışdır: “Müqavilə kreditin tam qaytarılması və faizlərin tam ödənilməsinədək qüvvədədir. Vaxtı keçmiş kreditlər üzrə faiz aylıq 6 % dərəcəsi ilə hesablanacaq. Əgər ödəmə vaxtı tamam olduqdan 60 gün sonra kredit ödənilməzsə, girova götürülmüş qızıl-zinət əşyaları satışa çıxarılacaq, əldə edilən məbləğ əsas borcun və hesablanmış faizlərin ödənilməsinə yönəldiləcək. Faizlər hər ay öz vaxtında ödənilməlidir. 2000 AZN-nə qədər olan kreditlər, gecikdirilən hər bir günə 1 (bir) AZN, 2001 AZN-dən yuxarı olan kreditlər gecikdirilən hər bir günə 2 (iki) AZN cərimə ödənilməlidir. Kreditin əsas borcunda ödəniş olduqda faizlər onun qalan hissəsinə hesablanacaq. Kredit və ona hesablanmış faizlər tam ödənildikdə, girova götürülmüş qızıl-zinət əşyaları Akt əsasında Bocverən tərəfindən borcalana qaytarılır.” İş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış, M-02694 nömrəli Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı 20 aprel 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5579 manat əsas, 1720 manat faiz olmaqla, cəmi 7299 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixədək ödəmək şərti ilə 7020 manat məbləğində krediti L-02903/18 L-33256/19 L-03159/19 L-02924/13 K-01351/20 K- 01093/20 siyahılı qızıl zinət əşyalarının girovu əsasında vermişdir. Kredit müqaviləsi aşağıdakı şərtlərlə bağlanmışdır: “Müqavilə kreditin tam qaytarılması və faizlərin tam ödənilməsinədək qüvvədədir. Vaxtı keçmiş kreditlər üzrə faiz aylıq 6 % dərəcəsi ilə hesablanacaq. Əgər ödəmə vaxtı tamam olduqdan 60 gün sonra kredit ödənilməzsə, girova götürülmüş qızıl-zinət əşyaları satışa çıxarılacaq, əldə edilən məbləğ əsas borcun və hesablanmış faizlərin ödənilməsinə yönəldiləcək. Faizlər hər ay öz vaxtında ödənilməlidir. 2000 AZN-nə qədər olan kreditlər, gecikdirilən hər bir günə 1 (bir) AZN, 2001 AZN-dən yuxarı olan kreditlər gecikdirilən hər bir günə 2 (iki) AZN cərimə ödənilməlidir. Kreditin əsas borcunda ödəniş olduqda faizlər onun qalan hissəsinə hesablanacaq. Kredit və ona hesablanmış faizlər tam ödənildikdə, girova götürülmüş qızıl-zinət əşyaları Akt əsasında Bocverən tərəfindən borcalana qaytarılır.” İş materiallarında olan xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı 27 aprel 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7020 manat manat əsas, 2167 manat faiz olmaqla, cəmi 9187 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixədək ödəmək şərti ilə 1040 manat məbləğində krediti L-02903/18 L-33256/19 L-03159/19 L-02924/13 K-01351/20 K- 01093/20 siyahılı qızıl zinyət əşyalarının girovu əsasında vermişdir. Kredit müqaviləsi aşağıdakı şərtlərlə bağlanmışdır: “Müqavilə kreditin tam qaytarılması və faizlərin tam ödənilməsinədək qüvvədədir. Vaxtı keçmiş kreditlər üzrə faiz aylıq 6 % dərəcəsi ilə hesablanacaq. Əgər ödəmə vaxtı tamam olduqdan 60 gün sonra kredit ödənilməzsə, girova götürülmüş qızıl-zinət əşyaları satışa çıxarılacaq, əldə edilən məbləğ əsas borcun və hesablanmış faizlərin ödənilməsinə yönəldiləcək. Faizlər hər ay öz vaxtında ödənilməlidir. 2000 AZN-nə qədər olan kreditlər, gecikdirilən hər bir günə 1 (bir) AZN, 2001 AZN-dən yuxarı olan kreditlər gecikdirilən hər bir günə 2 (iki) AZN cərimə ödənilməlidir. Kreditin əsas borcunda ödəniş olduqda faizlər onun qalan hissəsinə hesablanacaq. Kredit və ona hesablanmış faizlər tam ödənildikdə, girova götürülmüş qızıl-zinət əşyaları Akt əsasında Bocverən tərəfindən borcalana qaytarılır.” xx.xx.2023-cü il tarixli, M-03630/23 nömrəli Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı 08 sentyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1040 manat əsas, 212 manat faiz olmaqla, cəmi 1252 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 20 aprel 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, şəxsi məqsəd üçün ona 5579 manat məbləğində vəsait tələb olunur. Buna görə də ona 18 ay müddətinə 5579 manat məbləğində kredit verilməsini xahiş etmiş, veriləcək krediti və ona hesablanacaq faiz borclarını ödəmə qrafikinə riayət edərək vaxtlıvaxtında ödəməyi öz öhdəsinə götürmüş və veriləcək kreditin qaytarılmadığı (60 gün ödəmədiyi) təqdirdə girov qoyduğu qızıl əşyalarını onun iştirakı olmadan və məhkəmə orqanlarına müraciət edilmədən satılmasına razı olduğunu qeyd edərək öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 27 aprel 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, şəxsi məqsəd üçün ona 7020 manat məbləğində vəsait tələb olunur. Buna görə də ona 18 ay müddətinə 7020 manat məbləğində kredit verilməsini xahiş etmiş, veriləcək krediti və ona hesablanacaq faiz borclarını ödəmə qrafikinə riayət edərək vaxtlı vaxtında ödəməyi öz öhdəsinə götürmüş və veriləcək kreditin qaytarılmadığı (60 gün ödəmədiyi) təqdirdə girov qoyduğu qızıl əşyalarını onun iştirakı olmadan və məhkəmə orqanlarına müraciət edilmədən satılmasına razı olduğunu qeyd edərək öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 08 sentyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, şəxsi məqsəd üçün ona 1040 manat məbləğində vəsait tələb olunur. Buna görə də ona 18 ay müddətinə 1040 manat məbləğində kredit verilməsini xahiş etmiş, veriləcək krediti və ona hesablanacaq faiz borclarını ödəmə qrafikinə riayət edərək vaxtlı vaxtında ödəməyi öz öhdəsinə götürmüş və veriləcək kreditin qaytarılmadığı (60 gün ödəmədiyi) təqdirdə girov qoyduğu qızıl əşyalarını onun iştirakı olmadan və məhkəmə orqanlarına müraciət edilmədən satılmasına razı olduğunu qeyd edərək öz imzası ilə təsdiq etmişdir. Məhkəmə əvvəlcə onu qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər müqavilə münasibətləridir və mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -390.6-cı maddəsinə əsasən, müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, iş materiallarında olan ərizələrlə, müqavilələrlə, həmçinin iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatları ilə işin halları kimi müəyyən edilir ki, sadə yazılı formada bağlanmış hər üç kredit müqaviləsi iddiaçının yazılı müraciətinə əsasən bağlanmış, hər üç kredit müqviləsində qeyd edilən məbləğlərdə pul müqavılənin bağlandığı tarixdə cavabdeh tərəfindən iddiaçıya verilmişdir. Yəni, müqavilələrin icrasına onların bağlandığı tarixdən başlanılmışdır. İddiaçı iddia ərizəsində və verdiyi izahatında müavilələrin faizlərlə şərtləndirildiyi barədə məlumatının olmadığını iddia etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin dəlili əsassızdır. Belə ki, iddia tələbinin əsasını iddiaçının gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı kredit müqavilələri bağlanan zaman əsas borca hesablanmış faiz məbləğlərindən onun xəbərinin olmadığını bildirsə də, həm iddiaçının özünün ərizələrindən, həm də müqavilələrdən müəyyən olunur ki, kreditin (borcun) verilməsi faizlərlə şərtləndirilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı əsas və faiz borcuna dair tərtib olunmuş ödəniş cədvəllərini də öz imzası ilə təsdiq etmişdir. Müqavilənin tərəfləri müqavilənin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqaviləni bağlayaraq imzalamışlar. Müqavilələrdə vaxtı keçmiş kreditlərə görə faizlərin ödənilməsi də nəzərdə tutlmuşdur ki, bu şərtlər qanuna müvafiqdir (Mülki Məcəllənin 445 və 449-cu maddələri) və həmin şərtlərin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Verilmiş kreditlər girovla təmin edilmişdir. Girov müqavilələri daha əvvəllər və başqa hüquqi şəxslər qarşısında olan öhdəliklərin icrası ilə bağlı bağlanmış müqavilələrdir. İddiaçı mülkiyyətçisi olduğu həmin əşyaları daha əvvəllər girov qoyduğunu bildirir. Məhkəmə hesab edir ki, həmin müqavilələrin girovla bağlı olan şərtlərinin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 271.1-ci maddəsinə görə, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 282.1-ci maddəsinə görə, girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətdədir ki, tərəflər arasında başlanmış müqavilələrin girovla başlı olan şərtlərinin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Bununla belə, hər üç müqavilədə göstərilən “Faizlər hər ay öz vaxtında ödənilməlidir” şərtində aylıq faizlərin dərəcəsi göstərilməmişdir ki, bu hal həmin müqavilə şərtinin etibarsız sayılması üçün əsas hesab edilə bilər. Lakin, mülki işin materiallarında olan iddia ərizəsinin üzərində olan qeyddən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müracət etmişdir. Belə halda müəyyən olunur ki, xx.xx.2023-cü ıl tarixli M-02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra iddiaçı bu əqdləri məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. -352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Mülki Məcəllənin 354cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Göründüyü kimi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli M-02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddətlər keçmişdir. Bu halın mövcud olması irəli sürülən iddianın həmin müqavilələrə aid olan hissədə təmininə yol vermir. Ona görə də məhkəmə bu qənaətdədir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü ıl tarixli M-02694/23 nömrəli, xx.xx.2023-cü il tarixli M-02740/23 nömrəli müqavilələrin etibarsız hesab edilməsi tələbi hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, M-03630/23 nömrəli kredit müqaviləsinin “faizlər hər ay öz vaxtında ödənilməlidir” şərti etibarsız hesab edilməlidir, çünki, ödənilməli olan aylıq faizlərin hansı məbləğdə müəyyən edilməsi müqavilədə öz əksini tapmamışdır. Həmçinin, həmin əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddətlər keçməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, M-03630/23 nömrəli kredit müqaviləsi aylıq faizlərin ödənilməsinin nəzərdə tutulduğu hissədə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, müqavilənin bu hissəsinin etibarsız sayılması həmin müqavilənin bütünlükdə etibarsız sayılmasına əsas vermir, çünki, müqavilə bu şərt olmadan da bağlana bilərdi. Artıq yuxarıda qeyd edildiyi kimi, müqavilənin digər şərtlərinin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Müqavilədə nəzərdə tutulan kredit məbləği tam olaraq iddiaçıya müqavilə bağlanarkən verilmişdir. İddiaçının cavabdeh barəsində xüsusi qərar çıxarılmalı olması barədə dəlillərini də məhkəmə əsassız sayır, belə ki, tərəflər arasında yaranan münasibətlər müqavilə münasibətləridir və baxılan işdə cavabdeh MMC-nin hərəkətlərində hər hansı bir cinayətin əlamətləri müəyyən edilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, M-03630/23 nömrəli kredit müqaviləsinin “faizlər hər ay öz vaxtında ödənilməlidir” hissəsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3327/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3327/2024
09.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver