Məhkəmə qərarları › İş №2(125)-3418/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3418/2024

30.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3418/2024 30.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun ünvanı – ünvan 1inməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00420 olmaqla, abonent kimi iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Vəzirov küçəsi, 42 saylı ev onun mülkiyyətindədir. 30 aprel 2023-cü il tarixdə sayğacdan kənar xətt aşkar edildiyindən ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə yenidən onun mülkiyyətində olan evə baxış keçirilmiş, baxış zamanı guya ki, kənar xəttin olması aşkar edilmişdir. Bununla bağlı, xx.xx.2023-cü il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Bu aktlar tərtib edilən zaman ona heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, 3713,48 manat borc yazılmışdır. Lakin onun tərəfindən sayğaca hər hansı bir formada müdaxilə olmamış, həmin borc haqsız olaraq hesablanmışdır. Hazırda onun heç bir günahı olmadan hər hansısa bir mövcud olmayan ziyanın ödənilməsinin ondan tələb edilməsi qanunsuzluqdur. Cavabdehin nümayəndəsi məhkəməyə “elektron kabinet” vasitəsilə etiraz ünvanlayaraq iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana “ZENNER G4T SMART” markalı “İtron” qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh Gəncə X3 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nümayəndələri tərəfindən istehlakçıların qazdan istifadə qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə ünvana baxış keçirərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Faktla bağlı yerində sənədləşmə, eləcə də video görüntü aparılmış (qanunsuz xətdən istifadə ilə bağlı), abonentin iştirakı təmin edilmişdir. Bu barədə iddiaçının iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) ******* saylı, xx.xx.2023-ci il tarixli, və ******* saylı, xx.xx.2023-cü il tarixli aktlar tərtib olunmuşdur. Aktlara əsasən qazdan qanunsuz istifadə nəticəsində 30786 m3 itirilmiş qazın bərpası məqasədilə 3694.32 manat məbləğində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sözügedən ünvanda sayğacdan kənar əlavə xətt olmamışdır. Məbləğ həddindən artıq şişirdilmişdir. Cavabdeh təşkilatın əməkdaşları onun və ailə üzvlərinin xəbəri olmadan müxtəlif vaxtlarda “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2 ədəd akt tərtib etmişlər, ödəniş etmək üçün kartı pul yükləyərkən borcdan xəbər tutmuşlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, mübahisə sayğacdan kənar əlavə xəttdən istifadə olunması ilə bağlıdır, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sözügedən ünvana müxtəlif vaxtlarda gedilərək sayğaca baxış keçirilmiş, sayğacdan kənar əlavə xəttdən rezin boru vasitəsilə istifadə olunduğu aşkar edilərək müvafiq aktlar tərtib olunmuş, həmçinin videoçəkiliş aparılmışdır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********134 nömrəli qaz sayğacına baxış keçirilmiş, yoxlama zamanı ünvanda sayğacdan kənar xətt aşkar olunmuş və dəymiş ziyanın 25488 m3 olduğu müəyyən edilərək abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSSQ (100 litr) maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1,2x24x270=7776 m3, 0,8x24x180=3456 m3, 1,2x24x270=7776 m3 və 1,5x24x180=6480 m3 olmaqla, 25488 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış G-4 markalı, **********134 nömrəli qaz sayğacına baxış keçirilmiş, yoxlama zamanı ünvanda sayğacdan kənar xətt aşkar olunmuş və dəymiş ziyanın 5298 m3 olduğu müəyyən edilərək abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 184 gün, QSSQ (100 litr) maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 184 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1,2x12x184=2649 m3 və 1,2x12x180=2649 m3 olmaqla, 5298 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə abonent kodu **********00420 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin fevral ayında 0 m3, mart ayında 0 m3, aprel ayında 25488 m3, may ayında 0 m3, iyun ayında 0 m3, iyul ayında 0 m3, avqust ayında 0 m3, sentyabr ayında 0 m3, oktyabr ayında 5298 m3, noyabr ayında 0 m3, dekabr ayında 0 m3 olmaqla, 2023-cü ilin yanvar ayından dekabr ayına (həmin ay da daxil olmaqla) kimi 30786 m3 sərfiyyat edilmiş, sərfin məbləği 0 manat, qalıq və aktlar üzrə 3694,32 manat borc hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 8,04 manat ödənilmişdir. Həmçinin, saldodan görünür ki, 2022-ci ildə qalıq və aktlar üzrə 22,60 manat borc hesablanmışdır. İş materiallarına iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair bəzi fotoşəkillər və 1 ədəd “CD” disk əlavə edilmişdir. Tərəflər abonent kodu **********00420 olan, iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulub-pozulmaması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvana verilən itirilmiş 30786 m3 qaza görə 3694,32 manat borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçının sayğacdan kənar əlavə xətdən rezin boru ilə istifadə etməsi faktı ilə əsaslandırır. İş materiallarından müəyyən edilir ki, cavabdehin əməkdaşlarının tərtib etdikləri ******* və ******* nömrəli aktlarda iddiaçının sözügedən evində kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi göstərilsə də, həmin aktlar əsasında cavabdeh tərəfindən, həqiqətən də mövcud olmuş kənar xəttin kəsilməsi (kənarlaşdırılması) hər hansı formada sənədləşdirilməmiş, bu halı təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Təqdim edilən bir ədəd “CD” disk məhkəmə iclasında tədqiq olunarkən hər hansı videoçəkiliş aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan, Cavabdeh İB tərəfindən tərtib edilən aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, tərtib edilmiş həmin aktlarda abonent kimi qeydiyyata alınmış iddiaçının adı istehlakçının nümayəndəsi kimi qeyd edilməklə imzadan imtina etməsi göstərilmişdir. Qeyd edilən əsas cavabdeh tərəfindən tərtib edilmiş aktların mötəbərliyini şübhə altına almağa əsas verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olsa da, cavabdeh tərəf həmin halların doğruluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinə təbii qazın itkisinə görə 2022-ci ildə qalıq və aktlar üzrə 22,60 manat borc hesablanmışdır. Lakin cavabdeh bu qalıq borcun hər hansı akta, yaxud hansısa faktiki və ya hüquqi əsasa söykəndiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Məhkəmə hesab edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 30786 m3 itirilmiş təbii qaz üçün 3694,32 manat borc, eləcə də 2022-ci il üçün 22,60 manat qalıq borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Odur ki, şərh edilənlərə əsasən və iddia tələbinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən aktlarda qeyd edilən hallar, eləcə də 2022-ci il üzrə qalıq borc cavabdeh tərəfindən sübuta yetirilmədiyindən sözügedən fərdi yaşayış evinə təbii qazın itkisinə görə hesablanmış 3713,42 manat məbləğində borc silinməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 57,13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00420 olan) üzrə təbii qazın itkisinə görə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 3713,42 (üç min yeddi yüz on üç manat qırx iki qəpik) manat pul məbləği silinsin. 57,13 (əlli yeddi manat on üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar