Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3421/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və “X5 MMC-yə qarşı tikilinin sökülməsi və evin layihə üzrə smeta dəyərinin iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və “X5 MMC-yə qarşı tikilinin və hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehlər tərəfindən tikilmiş qanunsuz və özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, evinin layihə üzrə smeta dəyərinin ona ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı əsasında onun xüsusi mülkiyyətindədir. xx.xx.2020ci il tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncə şəhərinə təcavüzü nəticəsində onun və ailə üzvlərinin yaşadığı S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə ev 5 ünvanında yerləşən mülkü tamamilə qəzalı vəziyyətə düşmüşdür. Evi ərazidə fəaliyyət göstərən, tikinti şirkəti olan Cavabdeh2 MMC-nin əməkdaşları tərəfindən sökülmüş və ərazidə yeni evlər inşa edilməyə başlamışdır. Cənab Prezidentimizin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli 25S nömrəli Sərəncamının icrasına nəzarət məhz Dövlər Şəhərsalma və Arxutektura Komitəsinə həvalə edilmiş, Cavabdeh2 MMC isə ərazidə podratçı şirkət olaraq evlər inşa etməyə başlamışdır. Tikinti şirkəti Cavabdeh2 MMC tikintisi onun üçün nəzərdə tutulmuş evi tikinti norma və qaydalarına, eyni zamanda şəhərsalma və arxitektura norma və qaydalarına uyğun inşa etməmişdir. Belə ki, həmin ev heç bir layihə olmadan inşa edilmişdir. Bu səbəbdən də aparılmış tikinti işləri tikinti norma və qaydalarına ziddir. Tikinti normalarının pozulmasını sübut edən əsas məsələ odur ki, tikinti şitkəti onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz daxil olaraq, qonşu ilə onun arasında qanunsuz hasar və hasarın üzərində ev inşa etmişdir. Həmin qanunsuz tikilinin sökülməsi ilə bağlı artıq məhkəmə qətnaməsi vardır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən aydın görünür ki, X5” MMC tərəfindən həyata keçirilmiş bitişik tikililərə dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri təqdim edilməmişdir. Bu da onu deməyə əsas verir ki, aparılan bütün tikinti işləri qanunsuzdur və şəhərsalma və arxitektura qaydalarına ziddir. Bundan başqa X5 MMC tərəfindən evlərin arasında olmalı olan ara məsafəsi gözlənilməmiş, qanunvericiliyin tələblərinə riayət edilməmiş, öz istəklərinə uyğun evlər inşa edilmişdir. Onun üçün tikintisi nəzərdə tutulmuş evin özünü də tikinti normalarına uyğun inşa etməmişlər. Belə ki, istər evin küçəyə münasibətdə hündürlüyü, zirzəmisinin hündürlüyü, qonşu evə bitişik inşa edilməsi, evin içərisində tikinti normalarına uyğun olmayan işlərin görülməsi bütün bunlar onu deməyə əsas verir ki, tikilmiş evlər qanunsuzdur və şəhərsalma və arxitektura norma və qaydalarına uyğun deyildir. Bu hal bir mülkiyyətçi olaraq onun qanunla qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Tikinti normalarına uyğun inşa edilməyən evlər özləri artıq qəzalı ev hesab edilir və orada yaşamaq hər an təhlükəlidir. Cavabdeh2 MMC ərazidə şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi olmadan və Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin” müddəalarını pozmaqla inşanı davam etdirməkdədir. Bu barədə dəfələrlə cavabdehlərə xəbərdarlıq etmişdir. Bilirlər ki, hər bir tikili tikinti layihəsi əsasında həyata keçirilir. Lakin, Cavabdeh2 MMC podratçı tikinti şirkəti olaraq tikinti layihəsinə uyğun olmayan, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl elmədən özbaşına tikili inşa etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında izahat verərkən iddiaçı qeyd etmişdir ki, məhkəmənin iş üzrə qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri onun mülkiyyətində olan ünvan 1 ünvanına gəlsələr də, zəruru sənədlərin ona təqdim edilməməsi səbəbindən o, ekspertizanın keçirilməsinə razılıq verməmişdir (mane olmuşdur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və “X5 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X4 küçəsi, 8-ci döngədə mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-61/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,04 ha (400 kv.m) torpaq sahəsinin, cənub-şərq istiqamətində 05 kv.m hissəsində inşa edilmiş tikilinin cavabdehlər X1, X2 və "X5" MMC-nin hesabına sökülməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 07 oktyabr 2024-cü il tarixli məlumatından görünür ki, məhkəmə tərəfindən tədqiq olunan mənzilə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin həmin tarixdə baxış keçirilən zaman iş üzrə cavabdehlər iştirak etmədiyindən və mənzilə baxış keçirilməsinə etiraz bildirildiyindən baxışın keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Gəncə şəhəri, Kəpəz rayonu, S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə, 5 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, “X5 MMC-yə qarşı tikilinin sökülməsi və evin layihə üzrə smeta dəyərinin iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Baxılan işdə araşdırılmalı olan məsələ İddiaçı adına mülk kimi qeydə alınmış 0.04 ha torpaq sahəsi üzərində “X5 MMC tərərfindən tikilmiş ümumi sahəsi 73,5 kvadratmetr olan fərdi yaşayış evinin şəhərsalma və normativ sənədlərə, həmçinin tikinti layihə sənədlərinə uyğun inşa edilib edilmədiyinin müəyyən edilməsi məsələsi olmuşdur ki, həmin məsələ ilə baglı məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 07 oktyabr 2024-cü il tarixli məlumatdan görünür ki, cavabdehlər iştirak etmədiyindən və mənzilə baxış keçirilməsinə etiraz bildirildiyindən tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmədə izahat verərəkən iddiaçı özü də izahatında qeyd etmişdir ki, məhkəmənin iş üzrə qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri onun mülkiyyətində olan ünvan 1 ünvanına gəlsələr də, zəruru sənədlərin ona təqdim edilməməsi səbəbindən o, ekspertizanın keçirilməsinə razılıq verməmişdir (mane olmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, İddiaçı adına mülk kimi qeydə alınmış 0.04 ha torpaq sahəsi üzərində “X5 MMC tərərfindən tikilmiş ümumi sahəsi 73,5 kvadratmetr olan fərdi yaşayış evinin şəhərsalma və normativ sənədlərə, həmçinin tikinti layihə sənədlərinə uyğun inşa edilmədiyi mötəbər sübutlarla təsdiq olunmur, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı sayılmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, “X5 MMC-yə qarşı tikilinin sökülməsi və evin layihə üzrə smeta dəyərinin iddiaçıya ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3421/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3421/2024
17.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver