Məhkəmə qərarları › İş №2(125)-3438/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3438/2024

24.05.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3438/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2014-cü il tarixdə Mədinə adlı bir uşaqları anadan olmuşdur. Aralarında daima narazılıqlar olduğundan Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Məhkəmədə işə baxılması ərəfəsində mediasiya prosesi zamanı aralarında barışıq sazişi bağlanmışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə birgə nikahdan olan uşağın onun himayəsində qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tərəfindən hər ay sabit pul məbləğində 200 manat aliment ödənilməsi razılığına gəlinmişdir. Hal-hazırda həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Hazırda xx.xx.2014-cü ildə anadan olmuş X6 onun yanındadır. Alimentin ödənilməsi ilə bağlı maraqlı şəxs sazişin şərtlərini yerinə yetirmir. Bu səbəbdən, o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, əvvəllər dizayner olmuş və dizayn işləri ilə məşğul olmuşdur. Daha sonra işləri qaydasında getməmiş və maddi imkanı pişləşmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli barışıq sazişi əsasında Ərizəçi ilə birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün təyin edilmiş 200 manat məbləğində alimenti ödəyə bilməmişdir. O, bir ata kimi məsuliyyətini və vəzifəsini dərk edir. Sözügedən alimentin ödənilməməsi yalnız maddi imkansızlıqdan irəli gəlmişdir. Onunla Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi onun həqiqi iradəsinə uyğun olmuş, ona kənar təsir, hədə qorxu və digər müdaxilə, habelə aldatma və yanılma halı olmamışdır. Sonda Maraqlı şəxs ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, AZ-İİİ seriyalı, 414807 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə X3 şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış xx.xx.2013-cü il tarixli nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X4 anası X5 himayəsində saxlanılmasına, uşağın saxlanması üçün uşaq yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat alimentin ödənilməsinə və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılmasına dair barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355- 26.1.2-ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Tərəflər Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE№15457841, FİN: xxxxxxx, doğum tarixi xx.xx.1991) və Maraqlı şəxs (şəxsiyyət vəsiqəsi AA3840680, FİN xxxxxxx, doğum tarixi xx.xx.1987) qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödənişini, birinci tərəf uşağın anası Ərizəçi müvafiq bank hesabına ödəniş edəcəyinə dair ikinci tərəf – uşağın atası öhdəsinə götürür. Aliment ödənişi hər ayın 1-dən 20-dək ödəniş vaxtı müəyyən olunmasına dair razılığa gəlindi». Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar