Məhkəmə qərarları › İş №2(125)-347/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-347/2024

22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-347/2024 22.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktla ona hesablanmış 788,76 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00190 olmaqla, iddiaçının X2 qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmast borusunun deşik olduğu barədə qeyd aparılmış, X14 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 6480 m3 (788,76 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, həyat yoldaşı, 2 azyaşlı uşağı və xəstə anası ilə birgə ünvan 1 ünvanda yaşayır, heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Gəncə regional Qİİ tərəfindən ünvanında (ümumi istifadə olunan küçə ilə arakəsmə divarın fasadında) quraşdırılmış qaz sayğacı çıxarılaraq yenilənmiş və ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmişdir. Akt tərtib olunan zaman o evdə olmamış, evə gələndə oğlu bildirmişdir ki, qaz idarəsinin əməkdaşları sayğacı sökərək aparmışlar. Akt tərtib olunan zaman ona xidmət göstərən mexaniki sayğacın üzərində olan nəzarət möhürü (plomb) qırılmamışdır. Tərtib olunmuş akta əsasən, baxış zamanı sayğacın çıxış platmast borusu deşilmişdir. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. Abonent saldosu cədvəlindən görünür ki, qış aylarında yanvarda 213 kub metr, fevral ayında 170 kub metr, mart ayında 138 kub metr və iyun ayında 34 kub metr qaz sərfiyyatı olmuşdur. Yəni hava şəraitinə uyğun qaz sərfiyyatı olub və vaxtlı-vaxtında ödənişləri etmişdir. X2 cari ilin sentyabr ayının 9-da vəfat etmiş, onun yas mərasimində iştirak edən Gəncə regional Qİİ-nin əraziyə baxan nəzarətçisi ona bildirmişdir ki, barəsində qeyd olunan akt tərtib edilmişdir. Yas mərasimindən sonra 19 sentyabr 2023-cü il tarixdə Cavabdeh İB Gəncə regional Qİİ müraciət edib ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktı əldə etmişdir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməyib, həmin aktdan məlumatı olmayıb və ona imzalanması təklif edilməyib. Qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməyib. Qeyd etdiyi kimi ona xidmət edən sayğac küçəyə baxan arakəsmə divarın fasadında (ümumi küçədə) quraşdırılıb və hər ay Gəncə regional Qİİ-nin əməkdaşları tərəfindən sayğaca küçədən, borularına isə həyətə daxil olaraq nəzarət keçiriblər və heç bir nöqsan aşkarlanmayıb. Ona görə də ona əsassız yazılmış 788,76 manat cərimə borcu silinməlidir. Onun barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc qanunla qorunan hüquqlarını pozur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, mövcud aktdan mərhum atasının yas mərasimində cavabdehin nümayəndəsi vasitəsilə xəbəri olmuşdur, akt yazılan vaxt evdə azyaşlı oğlundan başqa heç kim olmamışdır, sayğac evdən kənarda quraşdırılmışdır, cavabdeh küçədə yerləşən sayğacı söküb yenisini quraşdırmış, aktda isə müdaxilə olunduğunu bildirmişlər, evdə yaşamış ata və anasının sayğaca heç cür müdaxilə etmək imkanı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********63- 10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2020-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda, 0,029 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 99,4 kv.metr olan fərdi yaşayış evi mərhum X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 377663 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə “durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüşdür. İddiaçı tərəfindən verilmiş **********378 nömrəli, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçının X2 09 sentyabr 2023-cü ildə ölmüşdür, iddiaçı mirasın tərkibinə daxil olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,029 ha torpaq sahəsindən ibarət ondan irs qalmış mirası qəbul etmiş, ondan başqa aşağıdakı vərəsələr – X6 (arvadı), X7 (qızı), X8 (qızı) və İddiaçı (oğlu) olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 11 iyul 2023cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış mərhum X3 mülkiyyətində olan evin yerləşdiyi ünvanda quraşdırılmış **********6 nömrəli qaz sayğacına baxış keçirilmiş, G-4 markalı, **********6 nömrəli sayğacın çıxış plastmast borusunun deşik olduğu müəyyən edilmiş və dəymiş ziyanın 6480 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə abonent kodu **********00190 olan abonent mərhum X1 görünür ki, abonent hesabına 2023-cü ilin yanvar ayında 213 m3, fevral ayında 170 m3, mart ayında 138 m3, aprel ayında 101 m3, may ayında 48 m3, iyun ayında 34 m3, iyul ayında 6608 m3, avqust ayında 161 m3 və oktyabr ayında 0 m3 olmaqla, 2023-cü ilin yanvar ayından 2023-cü ilin oktyabr ayına (həmin ay da daxil olmaqla) kimi 7473 m3 sərfiyyat edilmiş, sərfin məbləği 119,16 manat, qalıq və aktlar üzrə 777,60 manat borc hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 135,12 manat ödənilmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********6 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 6480 m3 itirilmiş təbii qaz üçün 788,76 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00190 olan) üzrə təbii qazın itkisinə görə abonentə Cavabdeh tərəfindən hesablanmış 788,76 (yeddi yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat pul məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar