Məhkəmə qərarları › İş №2(125)-3554/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3554/2025

01.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3554/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız hesablanmış 1399,68 manat borcun Gəncə şəhəri, Nizami rayonu, Mikayıl Müşfiq küçəsi, 5-ci dalan, ev 7, **********000070 saylı abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən 7 nömrəli ev ona məxsusdur, ancaq sayğac Könül Vəliyevin adınadır. 2020-ci ildə onlar evə köçəndə Könül evdən çıxmışdır, hazırda Könül Gülüstan qəsəbəsində yaşayır. Könül Vəliyev qardaşıdır, evi ona bağışlamışdır. Sayğac mexaniki sayğacdır. Onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. 2023 və 2024-cü illərdə evdə ceyran peçi olmuşdur, başqa cihaz qoşulmamışdır. 2020-ci ildən bəri həmin evdə yaşayırlar, əlavə xəttdən heç bir xəbərləri yoxdur. Onların ünvanına da qaz idarəsinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Yazılmış borcun əsassız olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Mikayıl Müşfiq küçəsi, 5-ci dalanda yerləşən 7 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, baxış zamanı abonentin həyətində qonşuya sayğaca gedən qaz xəttindən rezin boru vasitəsilə sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Aktda istehlakçı Könül Vəliyevin iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 11664 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********00070 nömrəli abonentin saldosundan görünür ki, abonentin qaz sərfiyyatı akt tərtib olunmamışdan əvvəl yəni 2023-cü ilin sentyabr ayında 63 m3, oktyabr ayında 66 m3, dekabr ayında 396 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, baxış zamanı abonentin həyətində qonşuya sayğaca gedən qaz xəttindən rezin boru vasitəsilə sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları xx.xx.2023-cü il tarixdə akt tərtib edərək sayğacdan kənar əlavə xətt aşkar olunmasını qeyd etsələr də, keçən müddət ərzində hər hansı tədbir (iddiaçının şəbəkədən ayrılması, qoşulan xəttin kəsilməsi) görülməmiş, yalnız akt tərtib olunaraq zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi, məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 11664 m3 itirilmiş qaz sərfiyyatına görə iddiaçı X2 hesablanmış 1399,68 manat pul silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 34 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 11664 m3 itirilmiş qaz sərfiyyatına görə iddiaçı X2 hesablanmış 1399,68 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 34 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar