Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3559/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evə dair süni və əsassız olaraq tətbiq edilmiş 542 kubmetr qaz sərfiyyat xərcinin – 394,72 manat süni borcun silinməsi haqqında qətnamə qəbul edilməsini, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ev üzrə abonent kodu **********00460 olmaqla, abonent kimi Rəfizadə Rafik qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya dəyişdikləri sayğacda qüsur olduğunu qeyd etmiş, əsassız olaraq 542 kubmetr qaz sərfiyyatı yazmışdır. Sayğacı söküb dəyişdirdikdən sonra sayğacın qüsurlarının olduğu deyilirsə, bunda vətəndaşın heç bir günahı yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə sayğacı dövri yoxlama zamanı “müddəti çatıb” qeydi ilə dəyişmişlər. 2023-cü ilin oktyabr ayında isə müşahidə etmişlər ki, qaz pulu xərci çoxdur. Əvvəlcə limiti keçdiklərinə görə qaz pulu xərcinin çox olduğunu düşünmüşlər. Lakin daha sonra görmüşlər ki, “Kapital Bank”a məxsus bir kart vasitəsi ilə ödəniş edəndə 394,72 manat göstərir və yerdə qalan məbləğ hər kubmetr qaz üçün 0,25 manat olmaqla hesablanır. 2024-cü ilin fevral ayında Qaz İdarəsinə müraciət edib bu məsələ ilə maraqlanmışlar və onlar iddiaçıya akt və tələbnamə təqdim edərək bildirmişlər ki, borc olaraq 542 kubmetr qaz sərfiyyatı yazmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən sayğaclar 5 ildən bir dövlət yoxlanılmasına getməlidir (yəni dəyişilməlidir). Lakin yaşadığı ünvana 1402AZ**********06 nömrəli sayğacı 2014-cü ildə qoşmuşlar və yoxlanılma müddəti kobud şəkildə pozularaq xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur ki, həmin sayğac yararsızdır və yeni sayğac qoşulub. O dəfələrlə cavabdehə məlumat vermişdir ki, qaz sayğacı yararsız vəziyyətdədir, yaşadığı ünvana yaxınlaşıb problemin nə olduğunu izah etsinlər. Buna baxmayaraq heç kim yaxınlaşmayıb, problemin nə olduğunu ona izah etmədikdə o da qaynar xəttə bu barədə məlumat vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən 1 ildə azı 1 dəfə olmaqla hər bir sayğac yoxlanılmalıdır. Lakin cavabdeh təşkilatın işçiləri tərəfindən bu qanun kobud şəkildə pozularaq, öz işlərinə məsuliyyətsiz yanaşmışlar. Guya laboratoriya müayinəsi zamanı dəyişdirilmiş sayğacda nəsə qüsur aşkar edilib. O etirazını bildirmiş və bəyan etmişdir ki, sayğacda qüsur olsa belə, bu cavabdehin məsuliyyətinə aiddir, borcu qətiyyən qəbul etmir. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, 2013-cü ildən sözügedən mənzildə yaşayırlar, cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirib, onun iştirakı olmadan sayğacı əvəzləyərək əvvəlki blomblu sayğacı çıxarıb aparmışlar. Akt tərtib etmişlər ki, həmin aktda dövlət yoxlaması olduğundan sayğacın əvəzedildiyi qeyd edilmişdir. Sonuncu dəfə bu ilin yanvar ayında ödəniş etdikdə borcunun olduğunu görmüşdür, həmin borc əsassızdır. Həmçinin sayğac evdən kənarda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının xüsusi mükiyyətində olan və hazırda yaşadığı ünvan 1 ünvanına quraşdırılmış G-4 markalı, İtron tipli, 1402AZ**********06 nömrəli sayğac yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********8 nömrəli sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın elementinin bitməsi, sayğacın (plombun) quraşdırılma səbəbi isə əvəzetmə olmuşdur. Cavabdeh İB-nin “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” 14- 2-2/3-5-11411/Q002 nömrəli rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 1402AZ**********06 nömrəli qaz sayğacına baxış keçirildiyi, sayğacın elementinin bitdiyi, müvəqqəti element quraşdırıldığı, xx.xx.2023-cü il tarixə elektron göstəricinin 12924 m3 olduğu, sayğacın klapanının işlək olmadığı, sayğacın mənfiyə işlədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə iki parametr üzrə az, bir parametr üzrə isə buraxıla bilən xəta ilə işlədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. İş materiallarına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında, eləcə də “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı hər hansı sübut (akt) əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 1 ünvanı üzrə abonent kodu **********00460 olan abonent Rəfizadə Rafikin saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin oktyabr ayında 77 m3, noyabr ayında 247 m3, dekabr ayında 441 m3, olmaqla, cəmi 765 m3 sərfiyyat edilmiş, sərfin məbləği manat 91,80 manat təşkil etmiş, qalıq və aktlar üzrə 0 manat borc hesablanmış, 38,88 manat ödəniş edilmişdir. 2024-cü ilin yanvar ayında 0 m3, fevral ayında 542 m3 olmaqla, cəmi 542 m3 sərfiyyat edilmiş, sərfin məbləği 65,04 manat, qalıq və aktlar üzrə 0 manat borc hesablanmış, ödəniş məbləği -341,80 manat olmuşdur. 2023-cü il üçün “o cümlədən qeyri-ödənişlər” 0 manat, 2024-cü il üçün -394,80 manat olmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan evdə quraşdırılmış G-4 markalı, 1402AZ**********06 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın elementinin bitdiyi, müvəqqəti element quraşdırıldığı, xx.xx.2023-cü il tarixə elektron göstəricinin 12924 m3 olduğu, sayğacın klapanının işlək olmadığı, sayğacın mənfiyə işlədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə iki parametr üzrə az, bir parametr üzrə isə buraxıla bilən xəta ilə işlədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş və sayğac dəyişdirilmişdir. Göründüyü kimi, tərəflər 1402AZ**********06 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. İddiaçının evində quraşdırılmış G-4 markalı, İtron tipli, 1402AZ**********06 nömrəli sayğac cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yeni sayğacla – G-4 markalı, Zenner tipli, **********8 nömrəli sayğacla əvəz olunmuşdur. Cavabdeh bilavasitə iddiaçının mülkiyyətində olan evə aid yeni qaz sayğacı üzrə 2023-cü ilin oktyabr, noyabr və dekabr ayları üzrə cəmi 91,80 manat borc hesabladığı halda, 2024cü ilin yanvar ayı üzrə hər hansı əsas göstərmədən 341,80 manat məbləğində borc hesablamışdır. Cavabdeh bu hərəkətini hər hansı faktla əsaslandırmamış, bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hesablanmış 341,80 manat borc abonent saldosunun “qalıq və aktlar” bölməsində əks olunsa da, cavabdeh həmin borcun əsaslı olması, borcun hesablanmasına əsas olmuş aktı, ümumiyyətlə qeyd edilən borcun yaranmasına əsas olmuş pozuntunun məhz iddiaçının təqsirindən baş verməsi, 1402AZ**********06 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından, o cümlədən, qüsurun aşkar edilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin hesabladığı 341,80 manat borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən itirilmiş təbii qaz üçün 341,80 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Bununla belə, iddiaçı 52,92 manat məbləğində borcun da silinməsini tələb edir. Lakin yuxarda şərh edilənlərdən və iddiaçının mülkiyyətində olan ev üzrə abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilənlərdən görünür ki, iddiaçının mülkiyyətində olan evə qaz sərfiyyatına görə quraşdırılmış yeni qaz sayğacı vasitəsilə 2023-cü ilin oktyabr, noyabr və dekabr ayları üzrə 91,80 manat hesablanmış, həmin məbləğdən 38,88 manat ödənilmiş, 52,92 manat məbləğində borc ödənilməmiş qalmışdır. Göründüyü kimi, 52,92 manat borc sayğac üzrə hesablanmışdır. İddiaçı həmin məbləğdə borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 52,92 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzil (abonent kodu **********00460 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 341,80 (üç yüz qırx bir manat səksən qəpik) manat pul məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3559/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3559/2024
18.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver