Məhkəmə qərarları › İş №2(125)-3564/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3564/2024

02.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3564/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 040037 nömrəli akt əsasında ona qeyri-qanuni hesablanmış 777 manat 60 qəpik borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 3 nəfər ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, E.Əlizadə küçəsi, ev 3A-da yaşayır. Yaşadıqları evdə mexaniki qaz sayğacı qoyulmuşdur. Mütəmadi olaraq qaz idarəsinin əməkdaşı gəlib sayğacı yoxlamışdır. O, həmişə sərf etdikləri qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə onun iştirakı ilə "Azəriqaz” İB-nin nümayəndələri tərəfindən mexaniki qaz sayğacı götürülüb əvəzində yeni mexaniki sayğac qoyulmuşdur. Ona sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən ayrıldığı üçün sayğacın təzələndiyini demişdirlər. Görmüşdür ki, qapaq çox az hissədə yuxarıdan, demək olar ki, hiss edilməyəcək dərəcədə aralanmışdır. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmiş, o da akta imza etmişdir. Lakin aktda göstərilmişdir ki, “qapaq aralanıb.” O, bu sözə iradını bildirmiş və qapağın çox az dərəcədə aralanmasını qeyd etmələrini demişdir. Amma əməkdaş elə yazmağa ixtiyarı olmadığını bildirmişdir. Aktda göstərilməmişdir ki, bu nöqsana görə hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacı qablaşdırıb laboratoriyaya göndərəcəklərini bildirmişdirlər. Ona demişdirlər ki, “sayğacı təmirə göndəririk.” Bir neçə gün bundan əvvəl ona Cavabdeh İB X3 İstismarı İdarəsindən göndərilən aylıq ödəmə bildirişinin üzərində qalıq borc 777 manat 60 qəpik yazılmışdır. O, bu barədə maraqlananda tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 040037 nömrəli aktın surəti verilmişdir. Aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Aktda həmçinin dəymiş ziyanın həcmi 6480 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 777 manat 60 qəpik cərimə hesablanmışdır. Aktda qeyd edilmişdir ki, guya o, akta imza etməkdən imtina etmişdir. Nə aktın tərtib edildiyindən, nə də cərimə yazıldığından xəbəri olmamışdır. Bu barədə cavabdeh orqan ona vaxtında bildiriş və ya xəbərdarlıq göndərməmişdir. Bundan başqa hər ay idarədən gəlib sayğac yoxlanılmış sərf olunan qaza görə ona qəbz yazılıb verilmişdir. Bu vaxta qədər deyilən nöqsan barədə ona bildirilməmişdir. Yoxlama zamanı aktda göstərilən nöqsanı adi gözlə də görmək olardı. Sayğacı aparandan sonra qapağı tamamilə aralamışdırlar. Sayğacda heç bir dəyişiklik etməmişdir, nöqsanın nədən yarandığını isə bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sayğac dəyişilən vaxt özü də iştirak etmiş, dəyişilən sayğacın təmirə göndəriləcəyi deyildiyi üçün akta imza etmişdir. Cərimə barədə akt tərtib edilməsindən isə ümumiyyətlə xəbəri olmamışdır. Yazılmış cərimənin qanunsuz olduğunu və tərəfindən heç bir müdaxilə olunmadığını göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X1 küçəsi, ev 3A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüquq üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********9 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-12539 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Aktda istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı 6480 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə MSK-14-2-2/3-5- 12559/Q002 nömrəli aktın surətindən görünür ki, Zenner tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 6480 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanmasının iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********9 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması kimi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-12539 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçının iştirak etmədiyi halda aktda istehlakçının aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,6 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar