Məhkəmə qərarları › İş №2(125)-3599/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3599/2023

27.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3599/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində qeyd etmişdir ki, bir müddət əvvəl cavabdeh qonşuluqda tikili inşa etməyə başlamış və bu zaman monolit dəmir beton pilləkənlə və qazdıqları zirzəmi ilə fərdi yaşayış evinin giriş darvazasını bağlamışdır. Həmçinin həmin mülki işə baxılarkən məhkəmədə iddiaçının nümayəndəsi bildirmişdir ki, mübahisəli tikilinin 12.50 kv.m hissəsinin cavabdeh ona aid olmayan, iddiaçının giriş-çıxışı üçün istifadə olunan yolda tikilmişdir. Halbuki, mülkiyyətində olan **********358-10301 saylı texniki pasport və xx.xx.2021-ci il tarixli çıxarış fərdi yaşayış evinə verilmiş layihəyə uyğun tikilmişdir və evin bayır hissəsində qurulmuş açıq pilləkən texniki pasporta daxil edilmişdir. Bu fakt ərizəyə əlavə etdiyi cavabdeh orqanın xx.xx.2022ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Bundan başqa ona məxsus olan yaşayış evi ilə iddiaçıya məxsus olan ev və onun giriş qapısı arasında kifayət qədər böyük bir məsafə vardır və Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 Adil oğluna aid olmasına dair hər hansı bir sübut yoxdıır. Əksinə həmin mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********09- 1030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində 68.7 kv.m ev vardır və torpaq sahəsi 0.011 ha olmaqla bələdiyyə mülkiyyətindədir. Həmçinin mülki işdə olan digər reyestr nömrəli **********86-10301, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iş materiallarında olan 68.7 kv.m olan evin altında yerləşən 0.14 ha torpaq sahəsinin isə işdə ölüm kağızı olan artıq 5 ildən də artıqdır ki, vəfat etmiş Aqil Məmmədovun paylı mülkiyyətində olması qeyd edilmişdir. Həmçinin həmin mülki işdə iddiaçı tərəf bələdiyyədən torpaq aldıqlarını qeyd etsələr də, ərizəyə əlavə etdiyi Gəncə Regional İdarəsinin xx.xx.2021 -ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 və Cavabdeh2 Gəncə şəhəri Nizami Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməmişdir. Həmçinin Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş materiallarına Cavabdeh2 atası mərhum X2 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki pasportu əlavə edilməmişdir. Belə olan halda yəni, X4 və Cavabdeh2 Gəncə şəhəri Nizami Bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməməsinə və mərhum X4 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki göstəricilərinə dair texniki pasportun mövcud olmamasına baxmayaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, onların tələbi texniki şərti dəqiqləşdirməkdir. 2007-ci ildə verilmiş çıxarış doğrudur. Həmin çıxarışın əldə olunması ilə bağlı əsas olmuş hüquqi sənədlərin təqdim olunması üçün sorğu göndərilsin. Texniki pasport dəyişdirilməli və onun əsasında verilmiş çıxarış da dəyişdirilməlidir. Pilləkənin yerində maşın yolu olmamalıdır, ancaq cavabdehin istəyi budur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, cavabdehin adına verilmiş 2007-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha, 2021-ci ildə verilmiş çıxarışlarda isə 0,11 ha və 0,14 ha olaraq göstərilmişdir. Sonuncu çıxarış yanlış verilmişdir. 2007-ci ildə olduğu kimi torpaq sahəsi 0,14 ha deyildir. Buna görə də dəqiqləşdirmə aparılmalı, sorğu göndərilməlidir. Hazırki iş üzrə Cavabdeh2 İddiaçı evinin qarşısında tikilmiş pilləkənin sökülməsinə görə məhkəməyə müraciət etmişdir. Hazırda həmin mülki iş apellyasiyadadır. Əgər belə bir iddia qaldırılmasa idi, onlar da məhkəməyə müraciət etməzdilər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən işə Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin cavabdeh İddiaçı hesabına sökülməsi və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi İddiaçı həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş:- xx.xx.2007-ci il tarixli, MN ******* seriyalı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində 0,01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqla fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyeystrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli **********86-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 və X2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 2V-550 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş X2 vərəsələri X3, X6 və Cavabdeh2 miras qalmış ünvan 5 ünvanında yerləşən miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. xx.xx.2021-ci il tarixli, 3M-3411 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 və X6 xx.xx.2021-ci il tarixli, 2V-550 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özlərinə məxsus miras paylarını Cavabdeh2 bağışlamışlar. xx.xx.2021-ci il tarixli, **********86-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı çıxarışın ləğv olunmasını əvvəlki çıxarışla sonrakı çıxarışda torpaq sahələrinin fərqli-fərqli ödçüdə göstərilməsi ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış üzrə torpaq sahəsinə onun heç bir hüququ aidiyyəti olmadığından və hər hansı hüququnu pozmadığından həmin torpaq sahəsini və çıxarışı mübahisələndirməkdə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin(bundan sonra-MM) 148.2 ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd olunan qanunvericilikdən görünür ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız olduqda yalnız hüquqlarına toxunulmuş şəxs iddia qaldırmaq hüququna malikdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması; mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iddiaçının hər hansı bir mötəbər sübut təqdim etməməsi habelə həmin əmlakın mülkiyyət hüququ üzrə cavabdehin adına rəsmi reyestrdə qeydə alınması məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar