Məhkəmə qərarları › İş №2(125)-3724/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3724/2025

05.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3724/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının faktiki sahibliyində olmaqla, həmin ev üzrə abonent kodu **********00107 qeyd edilmiş, istehlakçı kimi iddiaçının adına qeydiyyat aparılmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Lakin onun Goranboy rayonunun Əzizbəyov kəndində də evi var. Həmin evdə 2005-ci il tarixdən yaşayış yoxdur. Bu barədə Goranboy Rayon Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd edilmişdir. Goranboy rayonunun Əzizbəyov kəndində evinin arxa barısından çöldə qaz sayğacı quraşdırılmışdır. 16 may 2017-ci il tarixdə evinin arxasında qamışlıqdan ibarət hissəsində yanğın hadisəsi baş vermiş, nəticədə evinin arxasında yəni ki, çöldə quraşdırılmış qaz sayğacı yanaraq yararsız hala düşmüşdür. Bu barədə Goranboy rayon Dövlət X1 tərəfindən verilmiş arayışda qeyd edilmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin evdə 2005-ci ildən yaşayış yoxdur, qaz sayğacı çöldə quraşdırılıb və həmin yerdə də 2017-ci ildə qaz sayğacı yanıb. Onun isə bu barədə sonralar məlumatı olub. Bir sözlə cavabdeh təşkilatın işçiləri xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla yanmış qaz sayğacını söküb götürmüşlər. Bundan sonra Goranboy Qaz İdarəsinin əməkdaşları tərəfindən 2023-cü ilin aprel ayında daha bir ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt yazılaraq ona cərimə hesablanmışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən tələbnamə adlı sənəddə qeyd edilmişdir ki, G-4 markalı 10257756 nömrəli sayğacın plastmas qapağı zavod qurğuşun plombu, hesablayıcı mexanizmi, zavod nömrəli olan lövhə və çıxışplastmas borusu bütövlükdə yanması barədə rəy yazılmışdır. Belə olan halda G-4 markalı qaz sayğacı üzrə ona 3110,40 manat dəymiş ziyan hesablanmışdır. Ümumiyyətlə bu işlərin gedişatından və ona yazılan dəymiş ziyan barədə məlumatı olmayıb. Ona yazılan dəymiş ziyan barədə 2025-ci il tarixdə məlumatı olub. Cavabdeh təşkilatın işçilərinin bu kimi etdikləri qanunsuz hərəkətlərdən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın işçiləri onun təqsiri olmadan yanaraq yararsız hala düşmüş qaz sayğacına görə ona qanunsuz 3110,40 manat məbləğində cərimə hesablamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sözügedən qaz sayğacı ona məxsus olan, Goranboy rayonunun indiki Kəhrizli (əvvəlki Əzizbəyov) kəndində yerləşən fərdi yaşayış evinə aiddir. Həmin evə dair qaz sərfiyyatı ilə bağlı hesablanmış borc əsassız olaraq hesablanıb, belə ki, 2017-ci ildə təbii fəlakət nəticəsində sözügedən fərdi yaşayış evinin qamışdan ibarət çəpəri, həmçinin qaz sayğacı yanmışdır. Qaz sayğacı evdən kənarda yerləşirdi. Sözügedən akt isə 2023-cü ildə tərtib olunmuşdur. Təxminən 40-50 ildir ki, həmin ünvanda yaşayış yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının istehlakçı olduğu, ünvan 4i ünvanına quraşdırılmış sayğac yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın yanması və yararsız hala düşməsi olmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi iddiaçının adı qeydə alınmış, sözügedən ünvanda quraşdırılmış G-4 markalı, 10257756 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin MSK-14-2-2/3-5-4386-1 nömrəli rəydə sayğaca baxış keçirildiyi, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi, zavod nömrəsi olan lövhə və çıxış plastmas borusunun bütovlükdə yandığı, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və dəymiş ziyanın 25920 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x180=25920 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, abonent kodu **********00107 olan abonentin saldosundan görünür ki, abonent hesabına 2022-ci ilin yanvar ayında 0 m3, 2022-ci ilin aprel ayında 0 m3, dekabr ayında 0 m3, 2023-cü ilin aprel ayında 25920 m3, may ayında 0 m3 və oktyabr ayında 0 m3 olmaqla, cəmi 25920 m3 sərfiyyat edilmiş, sərfin məbləği 0 manat təşkil etmiş, qalıq və aktlar üzrə 3110,40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Kəhrizli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 nömrəli, xx.xx.2025ci il tarixli arayışdan görünür ki, İddiaçı ona görə ki, o, Kəhrizli kənd Goranboy rayon Kəhrizli kəndində qeydiyyatdadır. Goranboy rayon Kəhrizli kəndində İddiaçı məxsus evdə 2005-ci ildən yaşayış yoxdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Goranboy Rayon Dövlət X1 tərəfindən verilmiş 3-18-190/1-98/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əzizbəyov kənd sakini İddiaçı ondan ötəri ki, həqiqətən ona məxsus fərdi yaşayış evinin qamışlıqdan ibarət çəpərdə 16 may 2017-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində çəpərdə olan qaz sayğacı yanaraq sıradan çıxmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının sahibliyində olan ev üzrə ünvanda qaz sayğacı dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* nömrəli akt tərtib edilmiş, aktda sayğaca baxış keçirildiyi, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi, zavod nömrəsi olan lövhə və çıxış plastmas borusunun bütovlükdə yandığı, sayğacın istismara yararsız olduğu qeyd edilmiş, X3 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 25920 m3 (3110,40 manat) olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, tərəflər 10257756 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacının yararsız hala salınması faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 10257756 nömrəli qaz sayğacına müdaxilə edilməsini, məhz iddiaçı tərəfindən sayğacın yararsız hala salınmasını təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 25920 m3 itirilmiş təbii qaz üçün 3110,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 51,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00107 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 3110,40 (üç min bir yüz on manat qırx qəpik) manat pul məbləği silinsin. 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar