Məhkəmə qərarları › İş №2(125)-3737/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3737/2024

09.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3737/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız qeyd edilmiş 25920 m3 qaz sərfiyyyatı xərcinin- 3110,4 manat süni borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən evə dair süni və əsassız olaraq tətbiq edilmiş 25920 m3 qaz sərfiyyatı xərcinin-3110,4 manat süni borcun silinməsi haqqında və qərar qanuni qüvvəyə mindiyi günə ondan tutulan əsassız pul məbləğinin ona qaytarılması haqqında qətnamə qəbul edilməsini, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya sayğacdan kənar xətt olduğunu qeyd etmiş, əsassız olaraq 25920 kubmetr qaz sərfiyyatı - 3110,4 azn cərimə yazmışdır. Bu cərimə tamamilə haqsız və ədalətsizdir. Aktı onun iştirakı olmadan tərtib etmişdirlər. Belə ki, xx.xx.2014-cü il tarixdə karta pul yükləmiş və sayğaca daxil edərkən görmüşdür ki, yüklədiyi məbləğin hamısı sayğacda görünməmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edib səbəbini soruşmuşdur. Onlar isə tələbnamə, abonent saldosu və akt təqdim edərək cərimə yazıldığını bildirmişdirdilər. O etiraz etmiş və bu haqsızlıqla barışmayacağını demişdir. Beləliklə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək cavabdehin bu qanunsuzluğunun aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, guya qaz xəttinə qanunsuz qoşulma halı baş vermişdir. Halbuki iddia edilən xətt cavabdehin özünün çəkdiyi köhnə xəttdir və əvvəlki sayğacın vaxtından qalmışdır. Həmin vaxt cavabdehdən tələb etsə də, cavabdeh əvvəlcə söz vermiş, lakin sonra köhnə xəttin qalığını ləğv etməmişdir. Həmin xəttdən istifadə etmədiyini bildirsə də, cavabdeh heç bir sübut təqdim etmədən qeyri-mütənasib və şişirtmə cərimə yazmışdır. Halbuki iddia edilən xətt tamamilə pasın içində olub və hətta qeyri-mütəxəssis şəxsə də aydındır ki, oradan istifadə edilmiş olsaydı, xəttin içi belə paslı olmazdı. Cavabdeh iddia etdiyi xüsusatı özü sübut etməlidir. İstehlakçı özünün təqsirsizliyini sübut etməyə borclu deyildir. Cavabdeh isə bütün qanunları pozaraq əsassız və şişirtmə cərimə qeyd etmişdir. Halbuki o, limiti də keçmişdir. Əlavə xəttdən istifadə edirdisə, limiti necə keçmişdir? Zərurət varsa ekspertiza da keçirilməlidir ki, o, bu xətdən istifadə etmişdirmi? Dəfələrlə bildirsə də, öz səhlənkarlıqlarına görə köhnə xətti ləğv etməmişdirlər. Halbuki bütün məsul şəxslərə məlumat vermişdir. Evinə gələn xətti ümumiyyətlə öz hesabına çəkmişdir, halbuki bu, cavabdehin vəzifəsidir. Onlara irad edib bildirsə də, cavabdeh mənzilinə qaz xətti çəkməmişdir. Gələn xətt qonşunun ot tayasının içindən keçir. Cavabdeh isə buna məhəl qoymamış, istehlakçıların təhlükəsizliyini təmin etməmişdir. Bütün bunlar bir tərəfə, 2023cü ilin dekabrında qaz idarəsinin rəisi şəxsən gəlib baxış keçirəndən sonra da bu xətti ləğv etməmişdirlər. Hazırda isə o, qazdan normal istifadə edə bilmir. Belə ki, karta yüklədiyi məbləğin də bir qismini bu əsassız borca görə silmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sayğacdan kənar xətt evin daxilindədir. Həmin xəttdən istifadə edilməməsi inandırıcı deyildir. Xəttdən istifadə olunmuşdur. İzi itirmək üçün edilən addımdır. Sayğacdan kənar xətt dekabr ayında aşkar edilmişdir. Cihazlara dair inventarlaşma aparılmamışdır, 32-lik kombi olmuşdur. Xəttdən istifadə edilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X1 göstərdi ki, 2023-cü ilin iyun ayından X6 İstismar İdarəsində nəzarətçi işləyir. Sayğacdan kənar xəttə qoşulma dekabr ayında aşkar olunmuşdur. Ümumi qaz xəttinin iddiaçının evinin arxa tərəfindən keçən borudan xəttə qoşulduğu və divarın deşilərək iddiaçının həyətinə keçirildiyi müəyyən olunmuşdur. Lakin iddiaçı icazə vermədiyi üçün evin həyətinə daxil olmaq mümkün olmadığından qazdan istifadə olunmasını dəqiq görməmişdirlər. Qaynaq edib qazın verilməsini dayandırmaq istəsələr də, iddiaçı icazə verməmişdir. Qazdan istifadə olunmasını görməmişlər, ancaq evdə işıqlar yanmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********014 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sızma kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etmişdir. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilsə də, aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 25920 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edilir. Məhkəmə xx.xx.2024-cü il tarixdə abonent İddiaçı (iddiaçının) yaşadığı ünvana baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının evinə çəkilən qaz borusu onun evinin arxa tərəfindən evin divarının üzəri ilə çəkilməklə, əvvəlki sayğac evin sağ tərəfində həyətin daxilində quraşdırılmışdır. Lakin sonradan iddiaçı tərəfindən əlavə tikinti işləri aparılarkən həyətində quraşdırılmış sayğacın yeri dəyişdirilərək küçəyə tərəf quraşdırılmışdır. Əvvəlki qaz sayğacı dəyişdirilərkən evin həyətinə keçən boru qaz istismar idarəsinin əməkdaşları tərəfindən bağlanmamış (yəni qaynaqlanaraq istifadəsini aradan qaldırmamış) və əvvəlki vəziyyətində qalmışdır. Həmin əraziyə nəzarət edən və baxış keçirən X6 İstismar İdarəsinin əməkdaşı X1 da izahatında evin həyətinə daxil olmadıqlarını, iddiaçının həyətinə keçən boru vasitəsi ilə iddiaçının qazdan istifadə etməsini görmədiklərini, yalnız borunun iddiaçının həyətinə keçməsini müəyyən etdiklərini göstərmişdir. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5 və 6.7 bəndlərində qeyd edilir ki, qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları xx.xx.2023-cü il tarixdə akt tərdib edərək iddiaçının saygacdan kənar şəbəkəyə qoşulmasını qeyd etsələr də, keçən müddət ərzində hər hansı tədbir (iddiaçının şəbəkədən ayrılması, qoşulan xəttin kəsilməsi) görülməmiş, yalnız akt tərtib olunaraq zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi, məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3110,4 manat silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 51,1 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3110,4 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 51,1 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar