Məhkəmə qərarları › İş №2(125)-3782/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3782/2025

04.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3782/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borcun hesabdan silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 3110,4 manat borcun hesabından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və həmin sayğac adına qeydiyyata alınmışdır. Cavabdeh İB-nin ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyi üçün çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsinə səbəb isə növbəti dövlət yoxlaması, yəni istismar müddətinin bitməsi olmuşdur. Qaz sayğacı çıxarılarkən əməkdaşlar tərəfindən vizual baxış keçirilmiş və çıxarılan sayğacda hər hansı qüsur, müdaxilə, sındırılma və ya dəyişiklik müşahidə edilməmişdir. Bununla bağlı sayğacın çıxarılması, quraşdırılması və istismara qəbul olunması aktı tərtib edilməmişdir. Onların təqsiri olmadan sayağcda nasazlığın olmasına görə onlar, hər hansı məsuliyyətə cəlb edilməməlidirlər. Bundan başqa nə sayğac çıxarılmamışdan əvvəl, nə də ki sayğac çıxarıldıqdan sonra onlar tərəfindən zədələnməsi ilə bağlı hər hansı sübut yoxdur. Sayğac çıxarılan zaman onlara heç bir məlumat verilməmişdir. Həmçinin aktda onlara da məlum olmayan “Əliyev Şahin” adlı şəxs qeyd edilmişdir. Sayğac evin daxilində yox, məhz küçədə yerləşmişdir. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onların təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda onlara əlavə pulun hesablanması yolverilməzdir. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli, G-4 markalı, 102AZ**********49 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövri müddətinin bitməsi kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-2413 rəyə əsasən sayğacın çıxış plastmas borusunun üst hissəsi istilik nəticəsində ərimişdir, xətalar normadan artıqdır. Aktda istehlakçının nümayəndəsi kimi Şahin Əliyevin iştirakı göstərilsə də, istehlakçı tərəfindən akt imzalanmamış, imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25920 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********00052 nömrəli abonent saldosundan görünür ki, akt tərtib olunan tarixdən əvvəlki aylar üzrə sayğac göstərcisi üzrə qazın sərfi 2023-cü ilin yanvar ayında 803 m3, fevral ayında 1076 m3 , may ayında isə 8 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 25920 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli, G-4 markalı, 102AZ**********49 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövri müddətinin bitməsi kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-2413 rəyə əsasən sayğacın çıxış plastmas borusunun üst hissəsi istilik nəticəsində ərimişdir, xətalar normadan artıqdır. Həmin qüsurun abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3110,4 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 51,1 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3110,4 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 51,1 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar