Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3815/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən **********15550 abonent kodu üzrə hesablanmış 1555.2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 7-ci küçədə yerləşən evə məxsus qaz sayğacına baxış keçirərkən sayğacın sındırıldığını aşkar edib. Dərhal bu barədə həm Gəncə Şəhər Polis İdarəsinə, həm də Qaz İstismar İdarəsinə məlumat verib. Müraciəti Gəncə Şəhər Baş Polis Şöbəsində HK-1/941 nömrə ilə qeydiyyata alınıb və icraata götürülüb. Sözügedən sayğax evin divarında deyil, başqa küçədə yerləşir. Bu səbəbdən sayğaca daim nəzarət etmək fiziki olaraq mümkün olmamışdır. Polis tərəfindən aparılan araşdırmalara baxmayaraq, qaz sayğacına zərər vuran şəxsin kimliyi müəyyən edilməmişdir. Buna baxmayaraq, X2 İstismar İdarəsi tərəfinfən ona 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur.Halbuki, sayğacın sındırılmasında nə onun marağı, nə də təqsiri olmuşdur. Bu cərimə qanunsuz və əsassızdır. O, və ailə üzvləri tərəfindən sayğaca heç bir kənar müdaxilə edilməmişdir. Sayğacın sındığını aşkar etdikdən dərhal sonra müvafiq orqanlara məlumat vermişdir və qanuni tədbir görülməsini xahiş etmişdir. Qaz idarəsinin əməkdaşları bir dəfə üzərində akt yazılmış bir vərəqə göstərərək onun onu imzaladığını tələb etdilər. Lakin həmin sənəddə adları qeyd olunan şəxslərin heç birinin imzası yox idi. O isə onlara bildirdi ki, yalnız özləri imzaladıqdan sonra o da imzalayacaq. xx.xx.2005-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra xx.xx.2014-cü ilədək Naxçıvan ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşakar zabit kimi xidmət etmişdir. Xidmət zamanı sağlamlığının itirilməsi səbəbilə ikinci dərəcəli əlil olub və hazırda əmək qabiliyyəti yoxdur. Hal-hazırda üç azyaşlı uşaq və həyat yoldaşından ibarət ailəni dolandırır. Böyük övladı birinci qrup əlil olub, daun sindromundan əziyyət çəkir və anasının daimi nəzarətindədir. İstifadə etdiyi qazın ödənişlərini hər zaman vaxtında yerinə yetirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, **********15550 abonent kodu üzrə 2023-cü ilin aprel ayında 1555.2 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555.2 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 1555.2 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən qaz sərfinə görə **********15550 nömrəli abonent kodu üzrə hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3815/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3815/2025
22.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver