Məhkəmə qərarları › İş №2(125)-382/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-382/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-382/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və evin ölçülməsinə maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsinində yerləşən evinə köçülməsinə, Cavabdeh evin və torpaq sahəsinin ölçüsünü aparmaq üçün dəvət etdiyi şəxslərə maneə törətməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsində yerləşən evi var. Həmin ev hazırda Gəncə şəhəri, Məhsəti qəsəbəsinin ərazisi sayılır. Həmin evin yerləşdiyi 4 sot torpağa dair X4 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və Daşınmaz Əmlakın DRX-də qeydə alınmış Kadastr sənədi ilə təmin olunmuşdur. O, evini Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vasitəsilə dövlət qeydiyyatına aldırmaq istəyi ilə ərizə vermişdir. Lakin cavabdeh X5 həmin xidmətin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssislərinə evini ölçməyə imkan verməmişdir. Cavabdeh onun gəlinidir. Evi ona və oğluna ayrı (sərbəst) həyat yaşamaları üçün vermişdir. Amma sahibliyini özü etmiş, xərclərini cibindən ödəmişdir. Son zamanlar oğluna münasibətində gərginlik olduğundan Cavabdeh onu evin sahibi kimi saymaqdan imtina emiş, üstəlik zorakı hərəkətlərə (bir növ dəliliyə, atamanlığa) yol verib, mütəxəssislərlə yanaşı onuda evə buraxmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, o, təxmini 5 il əvvəl Rusiya Federasiyasına getmiş, 44 günlük müharibədən sonra qayıtmış, 1998-ci ildə Rusiya Federasiyasına getmişdir. O, Səfanə adlı şəxsdən 2006-cı ildə torpaq sahəsini notariat qaydada müqavilə bağlamadan almış, adına rəsmiləşdirməmiş, mübahisəli evi 2007-ci ildə tikdirmişdir. Oğluyla Valyanı evləndirdikdən sonra onlarla Rusiya Federasiyasına getmiş, sonradan oğlugil ondan əvvəl Azərbaycanr Respublikasına qayıtmışdır. İddiaçı tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək bildirmişdi ki, 1998ci ildə atası ilə anası Səfanə adlı şəxsdən torpaq sahəsini satın almışdır. İddiaçının oğlu ilə 2003-cü ildə nişan, 2005-ci ildə toyları omuşdur. Gəlin kimi qaynana-qaynata evinə gəlin köçmüşdür. Evləndikləri vaxt Nəzakət cehiz əvəzinə ev tikdirmək üçün torpaq verməyi demişdir. O, 2018-ci ildə boşanmışdır. 2007-ci ilin noyabr ayında Rusiya Federasiyasından qayıdıb evi tikdirmişdir. Əri bir il sonra Rusiya Federasiyasına qayıtmışdır. Sənədləşdirməyə görə 1500 manat verdiyi üçün xəritə Nəzakətin adınadır. 2009-cu ildə torpaq sahəsini alıblar, 19 ildir ki, orada yaşayır. Cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdi. Məhkəmə, iddiaçı tərəfi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Valya onun qonşusudur və eyni küçədə yaşayırlar. Heç bir ədavətləri yoxdur, münasibətləri yaxşıdır. 2009-cu ildə orada torpaq sahəsi alıb ev tikdirmiş, 2011-ci ildə köçmüş, köçəndən sonra Valyanı tanımışdır. O, köçəndə, Valya uşaqlarıyal Rusiya Federasiyasından qayıtmışdı, ərinin həmin avxt qayıdıb-qayıtmadığını dəqiq xatırlamır. Valya əri ilə həmin evdə çox iş görmüşdür, evin xərci ilə bağlı ikisi də çalışmışdır. Valya “Quran” oxuyaraq pul qazanırdı, əri İntiqam da Şəmkirdə işləyib pul qazanırdı. Təxmini 7-8 il əvvəl Nəzakət toya gəlmişdi, orada Nəzakəti tanımışdır. Nəzakət toydan sonra qayıtmış və bir neçə ildən sonra ölkəyə birdəfəlik gəlmişdir. Keçən ilə kimi Valya evdə əsaslı təmir işləri görürdü. Boşananda Valyanın əri burada idi, boşanmadan sonra əri Rusiya Federasiyasına getmişdir. Arada gəlib qısa müddət qaldıqdan sonra yenə qayıtmışdır. Təxmini nə vaxt boşandıqlarını xatırlamır. Evin Valyanın olduğunu, lakin Nəzakətin adına olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Valya və Nəzakət onun qonşusudur, ədavətləri yoxdur, münasibətləri yaxşıdır. Torpaq alandan sonra oraya köçmüşdür, həmin vaxt Valya artıq orada ailəsiylə birgə yaşayırdı, 10 ildir qonşudur. Valya evlənəndən sonra ailəsi ilə birgə Rusiya Federasiyasına getmiş, sonradan qayıtmışdır. O, 2003-cü ildə torpaq almış, 2013-cü ildə hazır olub köçmüşdür. Nəzakətin ayrıca evi var idi. Onlar torpağı alanda ev yox idi, evi Valya tikdirdi. Ustalardan biri də onun əri idi. Əri evin barısını çəkib, hörgü işini görüblər. Nəzakət həmin vaxt Rusiya Federasiyanda yaşayırdı, qonaq kimi gəlib-gedirdi. Valya ev tikiləndə evli idi, evin tikildiyi tarixi dəqiq xatırlamır, təxminən 2000-ci ilin əvvəlləri idi. Valyanın əri evin tikintisi vaxtı Rusiya Federasiyasında yaşayırdı, arada gəlib gedirdi. Evin tikintisində Valyanın zəhmət çəkdiyini görmüş, amma xərci kimin çəkdiyini dəqiq bilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəşəkmə komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən 400 kv.m sahəsi bağ evi tikmək üçün İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, “Farforist” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinə müayinə baxışı keçirilməsinə şərait yaradılmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 msy 2007-ci i tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.14-cü bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.16-cı bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifəsidir. Hazırkı iş üzrə iddiaçı mübahisəli evə köçürülməsi və ölçülmə işlərinin aparılmasına maneələr qadağan olunmasını xahiş etmişdir. İddiaçı evə köçürülmə tələbini oğlu ilə cavabdehin evli olduğu vaxt həmin yaşayış sahəsinin tikintisinə xərc çəkməsi, nikahın pozulması ilə həmin əsasın aradan qalxması, habelə evə dair sənədlərin onun adına qeydiyyata alınması ilə əsaslandırmışdır. İddiaçı mübahisəli evin tikintisinə xərc çəkməsini təsdiqləyən sübut təqdim etməməklə yanaşı, məhkəməyə iclasında tədqiq edilmiş şahid ifadələri ilə də iddiaçının həmin yaşayış sahəsinin tikintisində maddi iştirakı müəyyən olunmur. Bundan başqa, iddiaçının tələbinin əsaslandığı, mübahisəli evə dair texniki sənədlər daşınmaz əmlaka dair hüququ təsdiqləyən sənəd hesab edilmir, iddiaçının adına bağ sahəsi ayrılması və (ya) həmin sahənin mübahisəli yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən olunmur. Belə olan halda, evə köçürülmə hissəsində tələbin əsaslı olması sübuta yetirilmədiyində iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı mübahisəli yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin ölçülməsinə, yəni müayinə baxışı keçirilməsinə maneələr yaradılmasının cavabdehə qadağan olunmasını xahiş etmiş və tələbini daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən müvafiq orqanın məktubu ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının ona ayrıldığını bildirdiyi torpaq sahəsinin eynilik təşkil edibetmədiyi müəyyən olunmasa da, bağ evi tikmək üçün ayrılmış torpaq sahəsinin iddiaçının adına tərtib edilmiş plan və ölçüsünün tədiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ müəyyən ediləcəyi halda orada yerləşən özbaşına tikili olan mübahisəli evə də mülkiyyət hüququnun tanına biləcəyi nəzərə alınmalıdır. Torpaq sahəsinə mülkiyyət hüququ aparılmış araşdırma nəticəsində müvafiq orqan tərəfindən qeydiyyata alınır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək qeydedilən Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir və həmin vəzifənin yerinə yetirilməsinə maneələr yaradılması qanunvericiliyə ziddir. Buna görə gözlənilən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq torpaq sahəsinin ölçülməsinə cavabdeh tərəfindən maneələr yaradılması qadağan olunmalıdır. Mübahisəli evin ölçülə bilməsi üçün əsaslar hazırda müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsindəki evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar