Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-384/2023 03.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 19 may 2022-ci il tarixli, MAS-5248 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci ilin buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440737 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 19 may 2022-ci il tarixli MAS-5248 saylı “Daxili lizinq müqaviləsi”nə, əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 sentyabr 2022-ci il tarixə 2231,43 manat gecikdirilmiş əsas, 255,28 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 123,08 manat dəbbə pulu, cəmi 2609,79 manat borc və ödənilmiş 46,50 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, İddiaçı MMC ilə bağlanmış 19 may 2022-ci il tarixli, MAS-5248 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, “Daxili lizinq müqaviləsi”nə, əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 noyabr 2022-ci il tarixə 4528,42 manat gecikdirilmiş əsas, 518,67 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 1188,13 manat dəbbə pulu, inzibati xəta haqqında protokola görə ödənilmiş 45 manat, cəmi 6280,22 manat borc və ödənilmiş 83,21 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2022-ci il tarixli, MAS-5248 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, "Khazar SD" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440737 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.5 faiz hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə isə 18362 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18362 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5248 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 21 sentyabr 2022-ci il tarixə ümumilikdə 2609.79 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakları olmadan baxılması və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdə məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 19 may 2022-ci il tarixli, MAS-5248 saylı daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizin obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. 19 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qəbul edərək, lizinq alan X2 təhvil vermişdir. 02 sentyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, X3 ilə İddiaçı arasında bağlanmış MAS-5248 saylı daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. 23 sentyabr 2022-ci il tarixli, 2937 nömrəli maliyyə arayışından görünür ki, 19 may 2022-ci il tarixli MAS-5248 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 21 sentyabr 2022ci il tarixə borcu əsas borc qismində 2231,43 manat, mükafat borcu qismində 255,28 manat, cərimə qismində 123,08 manat, cəmi 2609,79 manatdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı «Khazar SD» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440737 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə X3 arasında bağlanmış 19 may 2022-ci il tarixli, MAS-5248 saylı daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə 2022-ci il buraxılışlı “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440737 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçınə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 4528,42 manat əsas, gecikdirilmiş mükafata görə 518,67 manat, dəbbə puluna görə 1188,13 manat və inzibati xəta haqqında protokola görə ödənilmiş 45 manat olmaqla, cəmi 6280,22 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan 19 may 2022-ci il tarixli MAS-5248 saylı daxili lizinq Müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə versə də, cavabdeh lizinq obyektindən istifadə üçün müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini, lizinq müqaviləsi üzrə borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edərsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərinin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan daxili lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 1188,13 manat məbləğində cərimə pulu hesablamışdır. Məhkəmə 1188,13 manat cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 100 (bir yüz) manat müəyyən edilməsinin daha məqsədə uyğun olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbi inzibati xəta haqqında protokola görə ödənilmiş 45 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh X3 barəsində tətbiq edilmiş cərimə görə 45 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 19 may 2022-ci il tarixli MAS-5248 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 may 2022-ci il tarixli MAS-5248 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, X1 İddiaçı xeyrinə 19 may 2022-ci il tarixli MAS-5248 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 4528,42 manat, gecikdirilmiş mükafat qismində 518,67 manat, dəbbə pulu qismində 100 manat və inzibati xəta haqqında protokola görə ödənilmiş 45 manat olmaqla, cəmi 5192,09 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddiaçının tələbinin 83% (82,67%) təmin edildiyindən təmin edilmiş hissəyə mütənasib olaraq İddiaçı tərəfindən ödənilmiş 83,21 (səksən üç manat iyirmi bir qəpik) manat dövlət rüsumunun 69 (altmış doqquz) manat hissəsi cavabdeh X2 aid edilərək, İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə X3 arasında bağlanmış 19 may 2022-ci il tarixli, MAS-5248 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh X1 19 may 2022-ci il tarixli, MAS-5248 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 4528,42 (dörd min beş yüz iyirmi səkkiz manat qırx iki qəpik) manat, gecikdirilmiş mükafat qismində 518,67 (beş yüz on səkkiz manat altmış yeddi qəpik) manat, inzibati xəta haqqında protokola görə ödənilmiş 45 (qırx beş) manat və dəbbə pulu qismində 100 (bir yüz) manat olmaqla, ümumilikdə 5192,09 (beş min yüz doxsan iki manat doqquz qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 69 (altmış doqquz) manatı tutulub İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-384/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-384/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver