Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-384/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi ünvanına Cavabdeh Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 550.04 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ifadəsində göstərmişdir ki, X5 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin mart ayında yaşadıqları ünvanda quraşdırılmış sayğac dəyişdirilərək yeni sayğac qoyulmuşdur. Sayğac dəyişdirilərkən o da orada olmuş, ünvanlarından sökülmüş sayğacda hər hansı bir nasazlıq olması barədə heç bir məlumat olmamışdır. 30 may 2024-cü il tarixdə tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə xx.xx.2024- cü il tarixli AKT № 0589 №-li rəyə əsasən G-4 markalı 10563157 №-li sayğacın hesablama mexanizminin qapağına vurulan plomb yuvası sınıqdır. Plastmas qapağın çıxarılması mümkündür”. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh İB-nin Gəncə RQİİ-nin Gəncə XS üzrə rəisi və digər məsul işçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li Aktı ilə 0589 №-li Aktına əsasən G-4 markalı 10563157 №-li sayğacın hesablama mexanizminin qapağına vurulan plomb yuvası sınıq olması səbəbindən dəymiş ziyan hesablanaraq ona 550,04 manat cərimə tətbiq edilmişdir. Bildirmişdir ki, evinə qoyulmuş qaz sayğacı dəyişdirilərkən köhnə sayğacın plombu saz vəziyyətdə üstündə olmuşdur. O, Qaz İdarəsinin işçiləri də bildirmişlər ki, hər şey qaydasındadır. Lakin bir müddətdən sonra məlum olur ki, heç bir əsas olmadan ona cərimə tətbiq edilmişdir. Halbuki, onlar sayğaca toxunmamış, heç bir müdaxilə etməmiş, sayğacın üzərində olan göstərici əsasında hər ay qaz pulunu ödəmişlər. Onu da bildirmişdir ki, onların ailələri iki nəfərdən ibarətdir. X1 2-ci qrup əlil olmaqla pensiyaçıdır. Əgər sayğacda aşkar edilmiş nasazlıqlar aşkar olunana qədər sayğaca müdaxilə olunmuşdursa, onda nəyə görə həmin tarixə qədər qaz sərfi üçün onlar tərəfdən mütəmadi olaraq pul ödənilmişdir. Ona görə də hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlara əsasən tətbiq olunmuş cərimə silinməlidir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb yuvası sınıqdır. Plastmas qapağın çıxarılması mümkündür. İstehlakçı İddiaçı həmin aktda imzası yoxdur. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12 mart 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanda Elster tipli G4 markalı sayğac çıxarılmış, GCZ tipli, G-4 markalı sayğac quraşdırılmış, sayğacın dəyişdirilmə səbəbi kimi dövri yoxlama qeyd olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 4536 m3 qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi ünvanda istehlakçı İddiaçı 2024-cü ildə qalıq və aktlar üzrə 544.32 manat cərimə hesablanmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Göründüyü kimi qeyd edilən normaların tələbləri baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz təchizatı qurğularına ziyan vuran və qurğu sahibindən icazəsiz digər qurğulardan istifadə edən istənilən şəxs qaz təchizatı qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi fiziki şəxs olan abonentin daşıması barədə müddəa yoxdur. Belə ki, İddiaçı evinə quraşdırılmış qaz sayğacına sonuncunun və ya onun ailə üzvlərinin bu və ya digər şəkildə müdaxilə etməsi barədə hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış 544.32 manat məbləğində borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Qalan 5,72 qəpik məbləğin silinməsi tələbinin təmin edilməsi üçün əsaslar olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi ünvanına hesablanmış 544.32 manat məbləğində borc silinsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-384/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-384/2025
13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver