Məhkəmə qərarları › İş №2(125)-391/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-391/2024

12.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-391/2024 12.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixli, 300076 nömrəli akt əsasında əsassız olaraq hesablanmış 681 manat 46 qəpik məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 130D nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Lakin o, qeydiyyatda olduğu ünvanda, yəni Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evində yaşayır. Təxminən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ Gəncə EŞ-nin əməkdaşları Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 130D ünvanına baxış keçirmiş və sayğacdan kənar xətt aşkar edildiyini müəyyən etdiklərini qeyd etmişlər. Bununla bağlı 300076 nömrəli akt tərtib edildiyivə akt əsasında ona 681 manat 46 qəpik borc hesablandığı sonradan ona məlum olmuşdur. Lakin həmin akt və onun əsasında hesablanmış borc tamamilə əsassızdır. Qeyd olunan aktda hesablanmış borc ödənilmədiyi təqdirdə enerjinin verilməsi dayandırılması qeyd edilmişdir. Buna baxmayaraq onun sayğacı dəyişdirilmiş və heç vaxt elektrik enerjisi dayandırılmamışdır. Bu isə aktın doğruluğuna şübhə yaradır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları gecə reyd apararkən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 130D nömrəli fərdi yaşayış evinə kənar elektrik xəttinin çəkildiyini aşkar etmişlər. Buna görə də bu barədə akt tərtib olunmuşdur. Aktda qeyd olunan xüsusatlar həqiqidir və yoxlamanın nəticələrini özündə əks etdidir. X1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, **********29-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 300076 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri gecə reydi zamanı Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 130D nömrəli fərdi yaşayış evinə baxış keçirərkən abonentin elektrik sayğacından kənar xətt götürərək işlətdiyi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı sayğacdan kənar xətt aşkar edilməsi ilə əlaqədar hesablanmış 427 manat 03 qəpik borcun daha sonra isə düzgün hesab aparılmadığından 681 manat 46 qəpik borcun hesablanması bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin «Qərb» RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, **********4 nömrəli abonet kodlu istehlakçı İddiaçı 1,3 kvt x 24s x 0,7 x 180g düstur əsasında 427 manat 03 qəpik borcu təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən verilən arayışın və borclara dair cəfvəlin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-yə borcu **********4 nömrəli abonet kodlu istehlakçı İddiaçı 1,3 kvt x 24s x 0,7 x 240 gün düstur əsasında hesablanmış və borcunun 681 manat 46 qəpik olduğu müəyyən edilmişdir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş videoqeydlərdən görünür ki, ünvan 3 ünvanında quraşdırılmış ********** nömrəli elektrik sayğacına müdaxilə edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı enerji təchizatı üzrə **********4 abonent kodlu istehlakçıdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı İddiaçı məxsus Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 130D nömrəli fərdi yaşayış evinə məxsus elektrik sayğacından kənar xətt aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli, 300076 nömrəli akt tərtib edilmiş 1,3 kvt x 24s x 0,7 x 240g x 0,13 düstur əsasında İddiaçı 681 manat 46 qəpik borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.8-ci bəndinə görə enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 10.18.9-2-ci bəndinə görə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 130D nömrəli fərdi yaşayış evinə məxsus elektrik sayğacına mütəmadi baxış keçirilməsi və ona müdaxilə hallarının yoxlanılması vəzifəsi "xxxx" ASC-nin vəzifəsi olmuşdur. Lakin həmin vəzifələrin icrasını vaxtında təmin edilməmiş, xx.xx.2023-cü il tarixdə yoxlama keçirilmiş və hesabat dövrü 08 ay müddətə hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.8-ci bəndində hesabat dövrü bir ay nəzərdə tutulmuşdur. Buna görə də "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 300076 nömrəli akt əsasında hesablanmış borc 681 manat 46 qəpik deyil, 85 manat 17 qəpikdir (1,3 kvt x 24s x 0,7 x 240g x 0,13 = 85,176 manat) və hesablanmış borcun 596 manat 29 qəpik hissəsi silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 300076 nömrəli aktı əsasında İddiaçı hesablanmış borcun 596 manat 29 qəpik məbləğində hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 300076 nömrəli aktı əsasında İddiaçı hesablanmış borcun 596 (beş yüz doxsan altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində hissəsi silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar