Məhkəmə qərarları › İş №2(125)-3926/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3926/2024

01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3926/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi (vəkili) X3 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı “şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka payın müəyyən edilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına V-22/2024 nömrəli vərəsəlik işi əsasında verilmiş 2V-150 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə X9 şəhadətnamənin qismən - payın müəyyən olunmasına dair hissədə etibarsız hesab edilməsini, miras mülkdən İddiaçı2 payının 7/12 hissədə, İddiaçı1 payının 1/12 hissədə və Cavabdeh2 payının 4/12 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun qızıdır, İddiaçı1 bacısıdır. ünvan 3 onun mərhum əri X5 mülkiyyətində olmuşdur. Qafarov Şəmistan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri onlar və Cavabdeh2dır. Mərhum Cavabdeh2 miras mülkə dair vəsiyyətnamə verilmişdir. Onlar 2024-cü ilin fevral ayında notariat kontoruna miras mülkdən pay istədikləri barədə ərizə vermişlər. Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisi xx.xx.2024-cü il tarixdə verdiyi 2V-150/v-22/2024 nömrəli Vəsiyyətnamə üzrə X9 Şəhadətnamədə göstərmişdir ki, Cavabdeh2 miras əmlakdan 4/6 hissədə pay ayrılmalıdır. Mirasın 2/6 hissəsini isə məcburi pay qismində açıq saxlamışdır. İddiaçıların hər biri mirasın 1/6 hissəsini almalıdırlar. Notariat işində olan DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cii il tarixli arayışında göstərilmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4, ünvanında yerləşən 13 saylı mənzil Gəncə şəhər 5 saylı dövlət notariat kontorunun xx.xx.1995-ci il tarixdə 3M-1-50 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşdirilməsinə dair müqaviləyə əsasən X5 adına özəlləşmişdir. X10 ilə xx.xx.1973-cü ildə nikah qeyd etdirməklə evlənmişdir. Miras mənzil birgə nikah dövründə özəlləşdirilmişdir. Mənzilin ½ hissəsi onun mülkiyyəti hesab olunur. Digər ½ hissədə isə iddiaçıların məcburi payı vardır. Göründüyü kimi, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixdə verdiyi 2V-150/v-22/2024 nömrəli Vəsiyyətnamə üzrə X1suz olduğu üçün qismən etibarsız hesab edilməli, miras mülkdən onun payı 7/12 hissədə, İddiaçı1 payı 1/12 hissədə və Cavabdeh2 4/12 hissədə müəyyənləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, cavabdeh ünvan 2 ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli V-22/2024 nömrəli “Vəsiyyətnamə üzrə X9 Şəhadətnamə”-nin surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan - vəsiyyətnamədə göstərilən ünvan 3 əmlakın 4/6 hissədə pay almalıdır, mirasın 2/6 hissəsi məcburi pay qismində açıq saxlanılır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 vəfat edəcəyi gün harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ 386753 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payda X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.1973-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Qafarova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunda xx.xx.1995-ci il tarixli, 3M-1-50 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən, X5 adına özəlləşmişdir və ona xx.xx.1995-ci il tarixli, 13610 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan 1 sayl Gəncə “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 ailə tərkibi arvadı: İddiaçı2 (xx.xx.1951); qızı: İddiaçı1 (xx.xx.1974); qızı: Cavabdeh2 (xx.xx.1976) qızından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” “ 12 ” mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 4.8-ci bəndinə əsasən, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, X7 və X6 xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.1995-ci il tarixli mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Şəmistan Qafarovun adına özəlləşmişdir. Şəmistan Qafarov xx.xx.2023-cü il tarixdə ölmüşdür. Vəsiyyətnamə üzrə X9 X4 vərəsəsi olan Cavabdeh2 miras əmlak olan mübahisəli mənzilin 4/6 hissədə payı, mirasın 2/6 hissəsinin məcburi pay qismində açıq saxlanıldığı təsbit olunmuşdur. İddiaçı2 birgə nikah müddətində əldə olunmasına əsaslanaraq mübahisəli mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti sayılmasını və ümumi əmlakdakı payların bərabər müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, həmin tələb əsaslıdır. Belə ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilincəyə qədər ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmamasını sübuta yetirmək vəzifəsi bunu mübahisələndirən tərəfin üzərinə düşür. İddiaçı tərəf mübahisəli mənzilin Şəmistan Qafarova məxsus olmuş, Cavabdeh2 vəsiyyət oluna bilən ½ hissəsi üzərində məcburi paylarının müəyyən olunmasını xahiş etmişdir. Miras qoyan Şəmistan Qafarovun ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 3 nəfər şəxsin olması müəyyən edilir: arvadı İddiaçı2 və qızlar İddiaçı1 ilə Cavabdeh2. Məhkəmə hesab edir ki, Şəmistan Qafarov mübahisəli mənzili sağlığında Cavabdeh2 vəsiyyət etmiş olsa belə, onun birinci növbə qanun üzrə vərəsələri olan arvadı İddiaçı2 və digər qızı İddiaçı1 həmin evdə məcburi payı vardır. Onların məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə müəyyən edilməmişdir. Həmin payların müəyyən olunması zamanı nəzərə alınmalıdır ki, birgə nikah dövründə əldə edildiyi üçün mübahisəli mənzilin ½ hissəsi Şəmistan Qafarov tərəfindən vəsiyyət edilə bilərdi və digər birinci növbə vərəsələr olan arvadı və digər qızı vəsiyyətnamə olmasaydı onlara çatası payın yarısı həcmində məcburi qay hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 nömrəli mənzil üzərində, Şəmistan Qafarovun və Dürdanə Əsədovanın ½ payları müəyyən edilərək, Şəmistan Qafarovdan miras qalmış ½ əmlak payı üzərində Dürdanə Əsədovanın məcburi pay qismində 1/12 payı nəzərə alınmaqla ümumilikdə 7/12, İddiaçı1 1/12 və Cavabdeh2 4/12 payı müəyyən edilməlidir (1:2=1/2, ½:3=1/6, 1/6:2=1/12). Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik haqqında şəhadətnamə mübahisəli mənzilə dair payların müəyyən olunmasına dair hissədə məcburi qay hüququ olan digər vərəsələrin hüquqlarını pozduğu üçün həmin hissədə etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına V-22/2024 nömrəli vərəsəlik işi əsasında verilmiş 2V-150 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə X9 şəhadətnamə qismən - payın müəyyən olunmasına dair hissədə etibarsız hesab edilsin. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 nömrəli mənzilə İddiaçı2 7/12 hissədə, İddiaçı1 1/12 hissədə və Cavabdeh2 4/12 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar