Məhkəmə qərarları › İş №2(125)-3953/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3953/2024

01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3953/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********09460 abonent kodu üzrə 2010-cu ildən 2023-cü ildək (qalıq və aktlar üzrə) əsassız yazılmış 2485,52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında yaşayış evi tikdirmişdir və həmin evə təbii qaz çəkilib və qaz sayğacı quraşdırılmışdır. O, qeyd olunan evi tikdirəndən sonra bir müddət həmin evdə yaşasa da, sonradan həmin evdə yaşamır. Yaşayan vaxtı nə qədər qaz sərf edilirsə onun pulunu ödəmişdir. 15 noyabr 2023-cü il tarixdə Azəriqazın işçiləri tərəfindən ona məxsus sayğaca baxış keçirilmiş və akt tərtib edilmişdir ki, sayğacın çıxış plasmas borusunda deşik aşkar edilib. Bundan sonra qanunsuz və əsassız olaraq ona 777.60 manat cərimə yazılmışdır. Aktda 3 ay istifadə olunmuş 6480 kub qazın haqqı ondan tələb olunur. Halbu ki, plasmas borunun deşik olmasının ona heç bir aidiyyəti yoxdur, həmçinin deşik sayğacın girişində yox çıxışında aşkar edilmişdir. Sayğacın isə plombuna toxunulmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, sayğaca vizual müdaxilə olunduğu, sayğacın çıxış plastmas borusunda dəlik aşkar olunduğu qeyd olunmuşdur. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, **********09460 abonent kodu üzrə 2010-cu ildən 2023-cü ildək (qalıq və aktlar üzrə) 2485,52 manat borc hesablanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli, tələbnamənin surətindən görünür ki, 6480 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 2485,52 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 2485,52 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********09460 abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 2485 (iki min dörd yüz səksən beş) manat 52 (əlli iki) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar