Məhkəmə qərarları › İş №2(125)-4057/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4057/2023

15.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4057/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında 16 mart 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, Maraqlı şəxsla 26 yanvar 2020-ci il tarixdə nikaha girmiş və onların birgə nikahından 30 sentyabr 2020-ci il tarixdə X3 anadan olmuşdur. 16 mart 2023-cü il tarixdə 1 saylı X4 nikahın pozulması və aliment tələbinə dair onların aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən onların hər ikisi nikahın dərhal pozulmasına razı olmuşlar. Eyni zamanda cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında alimentin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bu barədə mülki işə Gəncə Şəhər Məhkəməsində baxılarkən, Maraqlı şəxs fikrini dəyişərək, nikahın pozulmasına razı olmadığını bildirmiş, lakin aliment ödəmək fikrindən daşınmamışdır. Buna görə də qeyd edilən barışıq sazişinin alimentə dair hissədə icraya yönəldilməsində zərurət yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə görə məhkəməyə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, AZ-İV seriyalı 575516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan Ərizəçi və Maraqlı şəxs arasında 16 mart 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, 1. Tərəflər iddia predmeti barədə könüllü razılığa gəlmişdirlər; 2. İddia predmeti üzrə: tərəflər nikahın pozulmasına (dərhal olmasına) razılaşaraq, aliment barəsində də 30 sentyabr 2020-ci il təvəllüdlü X1, ikinci tərəf olan atası Maraqlı şəxs əmək haqqının ¼ hissəsinə yönəldilməsinə mediasiyada hər iki tərəf razılaşaraq həll edilmişdir. 3. Hər iki tərəf qarşılıqlı razılaşaraq ailə münasibətindən irəli gələn mübahisəni nikahın pozulmasına və uşağın saxlanması və cavabdehin əmək haqqına yönəldilməsinə dair aliment məsələsi həll oldu. Lakin qalan əmlak məsələsinin üstü açıq qalır və gələcəkdə iddiaçı əmlak tələb edə bilər; 5 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini, bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər; 8. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında 16 mart 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 16 mart 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 16 mart 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Tərəflər aliment barəsində 30 sentyabr 2020-ci il təvəllüdlü X1, ikinci tərəf olan atası Maraqlı şəxs əmək haqqının ¼ hissəsinə yönəldilməsinə mediasiyada hər iki tərəf razılaşaraq həll edilmişdir». Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar