Məhkəmə qərarları › İş №2(125)-4070/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4070/2024

14.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4070/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X30 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil və Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras mülkün vərəsələr arasında bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2005-ci il tarixli, 2V-1-72 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək, ünvan 5-ə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X11 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 19209 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və miras mülkün vərəsələr arasında paylarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5, 1\2 hissədə mərhum X5, 1\2 hissədə isə mərhum əmisi X13 məxsus olmuş, onlar dünyasını dəyişdikdən sonra hazırki cavabdeh, yəni anası Cavabdeh2 xx.xx.2005-ci il tarixdə saxta yollarla, onların məlumatları olmadan özünü mərhum atasının yeganə vərəsəsi kimi təqdim edərək 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 2V-1-72 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən atası və əmisindən miras qalmış ünvan 5 saylı fərdi yaşayış evini adına keçirmiş və ona xx.xx.2005-ci il tarixli 19209 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, mərhum əmisi evlənməmiş və övladı olmamışdır. Rəhmətlik X5 ilə anasının rəsmi nikahından 10 övlad anadan olmuş və hazırda həmin övladlar həyatdadırlar. X5 27 sentyabr 1996-cı il tarixdə Gəncə şəhərində dünyasını dəyişmişdir. X1 başqa, onunla birlikdə bütün bacı-qardaşları mübahisə predmeti olan ünvan 5 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Adını qeyd etdiyi qardaşı X14 isə həmin ünvanda qeydiyyatsız yaşayır. Hazırki Cavabdeh2 Cavabdeh1 ilə əlbir olaraq saxta yolla onun və qardaş bacılarının mövcudluğunu təkzib edən arayış əldə edərək sözügedən mübahisəli mənzilə dair şəhadətnamə verilmişdir. Belə ki, tarixi və kim tərəfindən imzalandığı məlum olmayan Evlər Üçlüyü tərəfindən verilmiş saxta arayışda onun və bacı qardaşlarının mövcudluğu barədə məlumat qeyd edilməmiş, həmçinin o, həmin ünvanda yaşaya-yaşaya orada heç kəsin yaşamadığı qeyd edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, 1980-ci illərdən etibarən həmin evdə yaşamağa başlamış, birinci sinifə həmin evdən getmiş, 1998-ci il tarixdə həmin ünvandan hərbi xidmətə getmiş, 2000-ci il tarixdə hərbi xidmətdən qayıtmaqla hələ də həmin ünvanda yaşayır. (1998-ci il tarixdə hərbi xidmətə həmin ünvandan getməyi və həmin ünvana qayıtmağını sübut edən hərbi biletin surəti əlavə edilir) Digər qardaş bacıları evlənib, özlərinə başqa yaşayış yeri seçsə də, o, hələ də evlənməmiş, həmin yaşayış yerini tərk etməmiş, fasiləsiz olaraq orada yaşamışdır. Anası 2005-ci il tarixdən sonra daimi yaşamaq üçün Türkiyə Respublikasına köçdükdən sonra da, həmin evdə o, yaşamış və miras əmlakı o, qoruyub saxlamışdır. Anası hazırda həm türk vətəndaşıdır, həm də Azərbaycan Respublikasının vətəndaşıdır. Onlar, yəni bütün bacı və qardaşlar evin hələ də əmilərinin və atalarının adında olduğunu düşünürdülər, çünki orada qeydiyyatda ola-ola və onlar birinci növbə vərəsələr olduqları təqdirdə və ən əsası isə o, elə uşaqlıq dövründən orada yaşadığından həmin fərdi yaşayış evinin anasının adına keçməyindən xəbərsiz idilər. Anaları onları məhkəməyə verənə qədər onun adına çıxarış olmasına inanmamış, daha sonra iş materiallarında qeydiyyat vəsiqəsinin olduğunu gördükdən sonra həmin sənədin hansı yolla əldə olunması barədə vəkil sorğusu vermişlər. Məlum olmuşdur ki, hazırki cavabdehlə və notarius misli görünməmiş saxtakarlıq edərək evi adına keçirib. Necə ola bilər ki, 9 vərəsə gizlədilə, onların orada olan qeydiyyatlarına göz yumula və ən əsası o, orada yaşaşa-yaşaya bu fakt danıla. Ağlabatan deyil ki, 9 vərəsə həyatda ola və qeydiyyatları həmin ünvana(yalnız biri istisnadır) ola və onların heç birinin xəbəri olmadan anası həmin ünvana çıxarış ala bilə. O, həm atasına, həm də əmisinə münasibətdə vərəsədir. Notaius isə əmisinə münasibətdə anasına pay verməklə görünməmiş səhvə yol vermişdir. Belə ki, transmissiya bir xətlə ötürüldüyündən, əmisinin payı ata xətti ilə ona keçməlidir. Məhkəmədə İddiaçı iştirak etmiş və və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş və iddianın əsaslı olduğunu qeyd edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə gəlməmişdir, məhkəmədə onun nümayəndəsi vəkil Nümayəndə iştirak etmiş və irəli sürülən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh1 nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X22 ifadə verərək, göstərdi ki, iddiaçının ailəsini iddiaçının uşaq vaxtlarından tanıyır. Onlar divar divara qonşudurlar. İddiaçı hələ atasının sağlığından və atası öldükdən sonra da həmin evdə yaşayır, həmin evdən heç zaman heç bir yerə getməmişdir. Məhkəmədə digər şahidlər Şahid1 və Şahid3 da şahid X17 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, iddiaçının hələ uşaq vaxtlarından tanıdıqlarını və onun atasının sağlığından və atası öldükdən sonra da daimi olaraq ata yurdunda yaşadığını bir daha təsdiq etdilər. Məhkəmə iddiaçını, onun nümayəndəsini və cavabdehin nümayəndəsini və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X19 xx.xx.1968-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur, X5, anası isə Cavabdeh2dır. İşdə olan 19209 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 1\2 hissədə X15 və 1\2 hissədə X9 adına mülk kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və xx.xx.1961-ci il tarixli “Torpaq qeydi’nə əsasən, X18 adına olmuşdur. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1975-ci il tarixli, 5-1188 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, ½ hissədə X10 və 1/2 hissə X9 payları göstərilməklə X18 vərəsələri tanınmışdılar. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilən “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan Cavabdeh1 xx.xx.2005-ci il tarixli 2V-1-72 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X10 və xx.xx.1984-cü il tarixdə vəfat etmiş X9 vərəsəsi Cavabdeh2dır. Miras əmlak: Gəncə şəh DTİ vo MHQİ-nin xx.xx.2003-ci il tarixli 2053 nömrəli arayışına və Gəncə ş DTİ və MHQİ-nin xx.xx.2003-cü il tarixli 19209 nömrəli qeydiyyat vəsiqəsinə əsasən 600,0 kv.m torpaq sahəsi olan «A» yaşayış binası ümumi sahə 22.8, əsas sahə 22.8-2 otaqdan, “B” üm sahə 52.1 üm sahə 28,0 köm sahə 24,1-1 otaqdan, «B» üm sah 17.4 zirzəm., «V» üm sahə 28.5 tövlədən ibarət olan ünvan 4 ünvanda yerləşən evdən ibarətdir. İş materiallarından müəyyən olunur ki, ünvan 5 ünvanlı fərdi yaşayış evi barəsində Cavabdeh2 adına xx.xx.2005-ci il tarixli 19209 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə araşdırmaları nəticəsində İddiaçı hələ atası X3 olduğu vaxtlardan başlamaqla daimi olaraq atasının və əmisinin ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanlı evdə yaşaması və hazırda da həmin evdə yaşamaqda davam etməsi işin faktiki halı kimi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X2 xx.xx.1996-ci il tarixdə, X16 xx.xx.1984-cü il tarixdə öldüklərindən qeyd olunan prosessual hüquq normasının tələbinə görə, hazırki mübahisənin düzgün həlli üçün xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X15 öldükdən sonra onun birinci növbə vərəsi olan övladı – İddiaçı atasından miras qalmış ünvan 5 ünvanlı fərdi yaşayış evinə faktiki surətdə yiyələndiyindən və həmin əmlakı idarə etdiyindən, o həmin mirası qəbul etmiş sayılır. Cavabdeh2 da həmin miras əmlakı faktiki qəbul etməsi də mübahisələndirilmir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 da həmin miras əmlakı faktiki qəbul etmiş sayılır. Bununla belə, Cavabdeh2 digər mirasqoyan X9 qanun üzrə heç bir növbəli vərəsəsi deyildir. Onun mirasın həmin hissəsinə pay hüququ onun mərhum ərinin həmin miras hissəsinə payının yaranmasından doğa bilər. Buna baxmayaraq, iş materiallarından müəyyən edildiyi kimi, Cavabdeh1 tərəfindən verilən xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X9 vərəsəsi Cavabdeh2dır. Göründüyü kimi, Cavabdeh1 tərəfindən verilən xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslı olmamaqla, həm də mirası qəbul etmiş vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Nəticə etibarı ilə, mirası faktiki qəbul etmiş İddiaçı atasından və əmisindən qalmiş mirasdan pay almaq hüquqlarından məhrum olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnu itirməmiş və Cavabdeh1 tərəfindən verilən xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatlı olduğu vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində həmin şəhadətnaməni mübahisələndirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehin ünvan 5 ünvanlı fərdi yaşayış evinə payının müəyyən edilməsinə dair ünvan 6u tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Beləliklə, ünvan 5 ünvanlı fərdi yaşayış evi barəsində Cavabdeh2 adına xx.xx.2005-ci il tarixli 19209 saylı Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, qeyd olunan miras əmlak barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adına aparılmış qeydiyyat ləğv edilməlidir. iş materiallarından müəyyən olunur ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X9 öz qardaşı X7 başqa qanun üzrə heç bir vərəsəsi yoxdur və o heç kəsə də vəsiyyətnamə də qoymamışdır. X15 isə qardaşının ölümündən sonra da həmin evdə yaşamış və ondan bir neçə il sonra ölmüşdür. Belə halda hesab olunur ki, o qardaşından qalmış mirası qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, hazırki vəziyyətdə tərəflərin hər ikisi mərhum X10 qanun üzrə birinci növbəli vərəsələri olmaqla onların ünvan 5 ünvanlı fərdi yaşayış evi barəsində bərabər payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X6 oğlu və X8 miras qalmış ünvan 5 ünvanlı fərdi yaşayış evi barəsində Cavabdeh1 tərəfindən verilən xx.xx.2005-ci il tarixli, 2V-1-72 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında ünvan 5 ünvanlı fərdi yaşayış evi barəsində Cavabdeh2 adına aparılan xx.xx.2005-ci il tarixli 19209 saylı qeydiyyat ləğv edilsin. X6 oğlu və X8 miras qalmış ünvan 5 ünvanlı fərdi yaşayış evindən ibarət miras əmlakda İddiaçı və Cavabdeh2 hər birinin bərabər-1/2 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X31

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar