Məhkəmə qərarları › İş №2(125)-4146/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4146/2023

31.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4146/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş 3M-1191 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı cavabdehdən 4700 manat pul almış və xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı, ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ Qarabağ müharibəsində iştirak etmişdir və xəsarət alaraq əmək qabiliyyətini itirmiş, İİ qrup əlillik dərəcəsi almışdır. Ailəlidir, himayəsində iki azyaşlı övladı var. Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 2006-cı il tarixdən etibarən uzun müddət N saylı hərbi hissədə döyüş bölgələrində xidmət etmişdir. Döyüş bölgələrində döyüş tapşırığını yerinə yetirdiyinə görə aylarla ailəsinin yanında olmamışdır. 2019-cu ilin noyabr aylarında evdən ona övladının səhhətində problemlər olduğu barədə məlumat verilərək təcili pul lazım olduğu bildirilmişdir. İlin sonu olduğundan hərbiçilər üçün nəzərdə tutulmuş birdəfəlik pul müavinətini alıb tez qaytarmaq məqsədi ilə əvvəllər də tanıdığı cavabdehdən məcbur “sələm” götürmək qərarına gəlmişdir. Döyüş tapşırığını yerinə yetirib xx.xx.2019-cu ildə ehtiyat batalyonuna qayıtmışdır. Ehtiyat batalyonunda olduğu gün (xx.xx.2019-cu il) cavabdeh ilə təcili görüşmüşdür. Maaş kartı müqabilində cavabdehdən 4700 manat və əlavə, övladının səhhəti ilə əlaqədar borc pul almışdır. Maaş kartını cavabdehə verməyinə iki zabit və bir çavuş yoldaşı şahid olublar. Cavabdeh “sələmçiliklə” məşğul olduğundan 4700 manatı və 350 manat icra haqqını ona notarial qaydada kredit müqaviləsi əsasında vermiş, cavabdehdən icra qeydi barədə soruşanda onun öz aralarında bir məsələ olduğunu bildirmiş, pulu başqa adamdan aldığını əsas götürərək sadəcə prosedur qaydasının belə olmalı olduğunu demişdir. İddiaçı döyüş bölgəsinə qayıtmalı olduğundan ehtiyat batalyona uzun müddət sonra düşmüşdür. Cavabdeh hər ay onun kartından vaxtlı vaxtında cavabdehdən götürdüyü sələmi və əsas məbləği çıxmışdır. Məlum hadisə ilə əlaqədar 2022-ci ildə təlim məşq toplantılarına görə onları N saylı hərbi hissədən başqa hərbi hissəyə yollamışlar. Təlim məşq toplantılarında rabitə və digər vasitələrdən istifadə qadağa olunduğundan, iddiaçı nəinki cavabdehlə, heç ailəsi ilə əlaqə saxlaya bilməmişdir. Təlim məşq toplantıları bitdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərə qatılmışdır, döyüşlərdə göstərdiyi şücaətə görə “Şuşanın, Füzulinin, Xocavəndin azad olunmasına görə” medalları ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə yaralanmışdır və artıq iki ildən artıqdır ki, səhhətində yaranan problemlərlə əlaqədar müalicə olunur. xx.xx.2023-cü ildə yaşadığı ünvana cavabdeh ilə aralarında bağladığı borc müqaviləsinə görə icra haqqında qeyd gəlmiş, iddiaçı təcili cavabdeh ilə əlaqə saxlamış, borcu ödədiyini, maaş kartının hələ də onda – yəni cavabdehdə olduğunu və tələb etdiyi borcun hansı borc olduğunu bilmədiyini qeyd etmişdir. Əvəzində cavabdeh müharibə dönəmində məlum hadisələrlə bağlı 3 aya yaxın maaş kartına pul oturmadığını, həmin pulu tələb etdiyini bildirmişdir. Aralarında anlaşılmazlıq olmuş və cavab olaraq cavabdeh “sən baxarsan, sənə nə edəcəm” deyərək dəstəyi atmışdır. Sonradan öyrənmişdir ki, cavabdeh icra orqanına gedərək heç bir ödənişin ödənilmədiyini bildirmişdir. Onun cavabdehlə bağladığı müqavilənin müqabilində maaş kartını ona verdiyini görən iki zabit yoldaşı da var. Əlavə olaraq aralarında danışıqlar olan səs yazıları (sübut kimi) da onda var. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, borc əsasında sələmə pul götürmüşdür, "xxxx" tərəfindən verilmiş ona məxsus olan maaş kartı və şəxsiyyət vəsiqəsi cavabdehdə olduğundan maaşı cavabdeh çəkib. Borcunu ödəyib qurtarıbdır. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilməyinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, notariusda qeydə alınmış borc müqaviləsi var, müqavilədən sonra iddiaçı tərəfindən ödəniş aparılmayıbdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”ə əsasən iddiaçıya bildirilmişdir ki, 15 dekabr 2019-cu il, 3M-1191 nömrəli kredit müqaviləsi üzrə borcun 4700 manat mübahisəsiz olduğunu təsdiq edən sənədlər mövcuddur. Həmin sənədə görə kredit müqaviləsi üzrə 4700 manat məbləğinin xx.xx.2020-ci il tarixədək qaytarılmağına dair borc öhdəliyi yaranmışdır. xx.xx.2019-cu il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2020-ci il tarixinə xx.xx.2019-cu il tarixli, 3M-1191 nömrəli sənəddən irəli gələrək 4700 manat məbləğində əsas borc ödənilməli, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-123 nömrəli icra qeydinə əsasən iddiaçıdan cavabdehin xeyrinə ödənilmiş dövlət rüsumu daxil olmaqla 4725 manat pul tutulmalıdır. İddiaçı məhkəmənin hazırlıq iclasında vəsatət verərək cavabdehin müxtəlif vaxtlarda aralarında olan sövdələşməyə görə hər ay "xxxx"-ın Gəncə filiallarından ona aid olan maaş kartından pul çıxartdığını, lakin bu faktı cavabdehin inkar etdiyini, bu barədə sübutları məhkəmə sorğusu olmmadan əldə edə bilmədiyini qeyd edərək "xxxx" ASC-dən 2019-2020-ci illərdə banka məxsus bankomatlardan ona məxsus olan maaş kartından pulun kim tərəfindən çıxarılması barədə video görüntülərin məhkəməyə təqdim olunması üçün müvafiq sorğu verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən "xxxx" ASC-yə edilmiş sorğudan görünür ki, "xxxx" ASC-dən 2019-cu ilin dekabr ayından 2020-ci ilin aprel ayına kimi banka məxsus Gəncə şəhərində yerləşən bankomatlardan iddiaçıya məxsus olan maaş kartından pulun kim tərəfindən çıxarılmasına dair video görüntülərin xx.xx.2023-cü il tarixinə qədər məhkəməyə göndərilməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin 2023/111/6431 nömrəli, 31 iyul 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı ilə bağlı məktuba əlavə edilmiş qərarda qeyd olunan məlumatlar üzrə araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, müqavilələrin ləğvi (xitamı) və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Hazırki iş üzrə iddia tələbində iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edir, lakin tələbini onunla əsaslandırır ki, həmin əqd üzrə borcunu tamamilə ödəmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi (xitamı) və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən məhkəmənin müqavilənin ləğvi, xitamı tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onun ləğvinə, xitamına qiymət vermək hüququ yoxdur. Belə qiymətləndirmə mahiyyətcə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma olmaqla yanaşı, həm də iddiaçının eyni əqdi digər əsasla mübahisələndirmək hüququnun qarşısını almış olur. İddiaçı tələbində mübahisəli kredit müqaviləsinin etibarsızlığını xahiş etsə də, iddiasını əsasən həmin əqdin ləğvi və ya xitamı barədə dəlillərlə əsaslandırmışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci və 167-ci maddəsinin tələblərinə əsasən bu məsələ iddiaçı ilə müzakirə edilmiş və iddiaçının müqavilənin etibarsızlığını xahiş etdiyi məlum olmuşdur. Odur ki, məhkəmə hazırki iddia tələbinə sözügedən müqavilənin etibarsızlığı ilə bağlı maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ bir qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda notarius tərəfindən təsdiq edilmişdır. İddiaçı müqavilədə qeyd edilən məbləğdə pul vəsaitini cavabdehdən almasını bəyan edərək həmin borc məbləğini müqavilədə göstərilmiş konkret müddətədək qaytarmağı öhdəsinə götürmüşdür. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. İddiaçı iddia ərizəsində sözügedən kredit müqaviləsinin etibarsızlığını yalnız həmin əqd üzrə borcunu tamamilə ödəməsinə istinad etməklə əsaslandırmışdır ki, əvvəla iddiaçı borcunu ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, bu hal mövcud olsa belə, əqdin etibarsızlığı üçün deyil, xitamı üçün əsas ola bilərdi. Bununla yanaşı, məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339-cu maddələri maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İşin halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Başqa sözlə, müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Məhkəmə hesab edir ki, iddia digər tərəfdən həm də ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə kredit müqaviləsinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Həmin qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqdin etibarsız sayılmasına dair iddia tələbləri üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı kredit müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı sözügedən kredit müqaviləsini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. Göründüyü kimi, iddiaçı üç ildən artıq müddət keçdikdən sonra kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin üzrlü səbəbdən ötürülməsi halında bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddiaçının kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar