Məhkəmə qərarları › İş №2(125)-415/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-415/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-415/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 3000 manat kompensasiya ödənilməklə, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68.4 kv.m olan mənzil 05 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında qızı X2 tərəfindən ona bağışlanmışdır. Hazırda sözügedən mənzil tam mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətindədir. Buna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017ci il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə sözügedən mənzilə dair texniki pasport verilmişdir. Cavabdeh onun keçmiş kürəkənidir. Belə ki, onunla qızı X2 arasında bağlanmış rəsmi nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(044)-4051/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Buna dair 21 avqust 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 2017-ci ildən bəri faktiki olaraq sözügedən ünvanda yaşamır. Belə vəziyyətdə cavabdehin faktiki olaraq həmin ünvanda artıq 5 ildən çoxdur ki yaşamamasına baxmayaraq, istifadə hüququnu saxlaması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Cavabdehə müəyyən kompensasiya məbləği ödənilib onun mənzilə istifadə hüququna xitam verilməklə o, mülkiyyətçi kimi yaşayış sahəsinə hüquqlarını tam bərpa edib həyata keçirə bilər. Odur ki, iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, bina 1, 17 nömrəli mənzildən Cavabdeh istifadə hüququna 5000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, bina 1,17 nömrəli, ümumi sahəsi 68.4 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4051/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, X2 ilə Cavabdeh arasında 05 iyul 2003-cü il tarixdə bağlanmış və həmin tarixdə Gəncə Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 204 № ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 11 iyun 2004-cü il təvəllüdlü X3 anası X1 yanında qalması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında olan nikah 21 avqust 2017-ci il tarixdə ləğv edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X2 arasında bağlanmış rəsmi nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(044)-4051/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 5 ildən artıq müddətdir ki həmin evdə yaşamır. İddiaçı da aralarında olan münaqişələrin kəskin olması səbəbindən cavabdehin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 5000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68.4 kv.m olan mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Məhkəmə hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehə uzun müddət başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin uzun müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, İddiaçı tərəfindən 5000 manat kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, bina 1, 17 nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddianın verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, bina 1, 17 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar