Məhkəmə qərarları › İş №2(125)-4171/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4171/2024

26.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4171/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktın ləğv edilməsi və hesablanmış 1399 (bir min üç yüz doxsan doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Qaz borusunda nə zamandan qaldığını bilmədiyi qaz borusundan çıxan boru var idi. Həmin borunun olması və kəsilməsi barədə 2020-ci ildən qaz idarəsinin işçilərinə dəfələrlə məlumat vermişdir. Lakin qaz idarəsindən bununla bağlı heç bir addımlar atılmamışdır. 2024-cü ilin aprel ayının 22-də 12 radələrində Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin mütəxəssisləri yaşadıqları evə gəlib sayğacın yanında olan qaz borusunun onun tərəfdən çəkilməsini və qazın uzun müddət istifadə etdiyini bildirmişlər. Sonradan oğlu Nümayəndə Cavabdeh İB-nin X5 İstismarı İdarəsindən bu məsələ ilə bağ rəsmi sənəd istəsə də, ona sənədin verilməsindən imtina etmişlər. Bundan sonra oğlu Nümayəndə ərizə ilə müraciət etdikdən sonra 13 iyun 2024-cü ildə cavab məktubunu 3 vərəq qoşma ilə təqdim edərək - “Sizin 1399 (bir min üç yüz doxsan doqquz) manat 68 (altmış səkkiz) məbləğində cərimə borcunuz vardır”- demişlər. Cavab məktubunda olan qoşmaya baxdıqda görmüşdür ki, onun guya işlətdiyi qaza olan borcu 1399 (bir min üç yüz doxsan doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində puldur. Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin əməkdaşları özlərinə sərf edəcək qaydada riyazi düstur qurub, onun adına 1399 (bir min üç yüz doxsan doqquz) manat 68 (altmış səkkiz) qəpik cərimə borcu hesablanaraq, istifadə etdiyi ünvan 1 ünvanına borusuna baxıb getmişlər. Qaz idarəsində yazılan borca görə oğlu Nümayəndə narazılığını bildirəndə, ona orada “Siz az miqdarda qaz işlətmisiniz, bu səbəbdə Sizə o qədər borc yazılmışdır” - demişlər. O, iddiaçı olaraq 22 aprel 2024-cü tarixdən adına olan borcun əsassız olduğuna görə qəbul etmir. Belə ki, Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin əməkdaşları tərəfindən yazılmış akt saxtadır, saxta aktın əsasında yazılmış borc sayğacın üzərindən silinməlidir. Bundan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə məhkəmənin 26 iyul 2024-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 1399,68 (bir min üç yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, İddiaçı onun anasıdır və onun özü də həmin ünvanda yaşayır. Cavabdeh İB-nin əməkdaşları onlara kənar xətt çəkdiklərini demişdir. Cavabdehin əməkdaşları evdə quraşdırılan elektron sayğacı mexaniki sayğacla dəyişmək istəmiş, lakin razı olmamışlar. Bundan sonra əlaqə saxlayan zaman onlara 1399,68 manat borc olduğu bildirilmişdir. Eyni zamanda “Təbii X2nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2024cü il tarixli akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Onların heç bir təqsiri və günahı olmadığı halda 1399,68 manat məbləğində cərimənin yazılması absurddur. Nə o, nə də anası İddiaçı onlara məxsus evdə sayğacdan kənar qaz xəttindən istifadə etməmişdir. Buna dair qaz idarəsinin heç bir sübutu yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Təbii X2nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur. Yoxlama zamanı ünvanda sayğacdan kənar əlavə xətdən istifadə halı aşkar olunmuşdur. 1 ədəd sayğacdan kənar əlavə xəttə qoşulu deyildi. Əlavə xəttin ləğv edilməsi, itirilmiş qazın həcmi hesablanması və dəyərinin ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı İddiaçı imzası yoxdur və aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 30 may 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qaz işçilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün; QSSQ (120 litr) maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması 1.2x12x360=5184 m3; 1.5x12x360=6480 m3 cəmi: 11664 m3. **********00660 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi evində yaşayan istehlakçı İddiaçı təbii X2nın pozulmasına görə tərtib edilən aktla bağlı 1399,68 manat borc yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin qanunun 5-2-ci maddəsinə əsasən Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 2.11-2-ci bəndinə əsasən Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin qaydaların 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin qaydaların 3.1.3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı yaşadığı ünvan 2 ünvanında quraşdırılan qaz sayğacından kənar əlavə xətdən istifadə olunması ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh tərəfindən onun barəsində tərtib edilən ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt əsassız və qanunsuzdur. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına cərimə borcu hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Aparılmış yoxlamanın nəticəsi kimi sayğacından kənar əlavə xətdən istifadə olunması müəyyən edilmiş və ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanına aid qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sağyacdan kənar xəttin olması barədə hər hansı mötəbər sübut, (şəkil, videogörüntü və.s) yoxdur. Belə olan halda iddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1399,68 manat borc əsassız olmaqla yanaşı, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğacdan kənar xətdən istifadə edilməklə təbii qazdan istifadə edilməsi faktını cavabdeh sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir və iddianın təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1399,68 (bir min üç yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 1399,68 (bir min üç yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii X2nın pozulmasına görə ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında İddiaçı (abonent kodu **********00660) Cavabdeh tərəfindən hesablanmış 1399,68 (bir min üç yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar