Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4172/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 287188 nömrəli və xx.xx.2024-cü il tarixli, 333377 nömrəli aktların və onların əsasında təyin olunmuş 1051,16 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aktlar əsasında ona cavabdeh ASC tərəfindən hesablanmış 1051,16 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 ünvanda yerləşən mənzil üzrə abonent kodu **********3 olmaqla, abonent kimi iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, 10 ildən çoxdur Bakı şəhərində yaşayır, 15 gün bundan qabaq Gəncə şəhərindəki sözügedən evə gəlib işığa pul yükləmək istədikdə pul yüklənməmişdir. Cavabdeh "xxxx" ASC-yə bu barədə müraciət etdikdə ona bildirmişlər ki, abonent olaraq onun barəsində 2 akt tərtib edilib. Bunun səbəbini soruşduqda ona tərtib olunmuş hər iki aktın surətini verərək ona 1051,16 manat cərimənin olduğunu bildirmişlər. O, isə bildirmişdir ki, axı o burada yaşamır, borcu olmamış, Bakıdan gəlib axırıncı dəfə işıq pulu ödəyib Bakıya getmişdir. Onun dolağının (şotçik) naqilin giriş hissəsində açıldığı və başqa naqil qoşulduğu ona bildirilmişdir. O isə bildirmişdir ki, “siz bunu necə sübut edə bilərsiz ki, əvvəla, əlavə naqili mənmi qoşmuşam, əgər qoşulubsa; ikincisi, siz belə halda akt tərtib edərkən, yəni əlavə naqilin dolağa qədər hissədə qoşulduğu azı 2 hal şahidinin iştirakı ilə akt tərtib olunmalı, video çəkiliş edilməli idi; nəhayət əlavə naqilin qoşulması faktı olubsa, əgər hansı ki, heç sübut olunmayıb, mənim yox başqa şəxslərdə mənim orada olmamağımdan istifadə edərək, qoşa bilərlər”. Beləliklə, əraziyə gəlib, qanunsuz və sübut olunmayan faktla bağlı aktı tərtib etmək absurd və əsassızdır. Qeyd olunan vəziyyət barədə cavabdehə ərizə ilə müraciət etdikdə ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sözügedən evi yataqxanadır, cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun iştirakı olmadan iki dəfə akt tərtib olunaraq ona əsassız olaraq cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının sayğacın giriş xəttindən “kənar” xəttin çəkilərək işlədiciləri birbaşa şəbəkəyə qoşduğu aşkar edilərək iki dəfə - 2023 və 2024-cü illərdə “EEİQ”in kəskin pozulmasına uyğun aktlar tərtib edilmişdir. Bu zaman cavabdeh təşkilatın əməkdaşları tərəfindən müvafiq foto və video çəkilişlər aparılmışdır. İddiaçı əvvəl özünün yox qonşuların kənar xətdən istifadə etdiyini bildirsə də, sonradan ümumiyyətlə akt tərtib edilərkən sözügedən ünvanda olmadığını bildirmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 287188 №-li, 06 aprel 2023-cü il tarixli aktına əsasən abonent İddiaçı məxsus Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 (abonent kodu **********3) ünvanı üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, xidməti ərazidə uçot dəstlərinə baxış keçirən zaman (gecə reydi zamanı) dolabın giriş hissəsindən naqilin zədələnərək kənar xəttin götürülüb istifadə edildiyi aşkarlanmış, kənar xətlə bağlı “EEİQ”in tələblərinin pozulmasına görə akt tərtib edilmişdir. Tələb kənar xəttin ləğv edilməsi və dolab laboratoriya mütəxəssisi tərəfindən möhürlənməsi olmuşdur. Həmin aktdan görünür ki, aktda məişət abonenti kimi İddiaçı adı qeyd edilsə də, ona məxsus imza yoxdur. İş materiallarında olan 287188 №-li, 06 aprel 2023-cü il tarixli akt əsasında tərtib edilmiş 404761 nömrəli, xx.xx.2023-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, akta əsasən Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 ünvan üzrə kənar xətt ləğv olunmuş, yoxlanılaraq möhürlənmişdir. İş üzrə 287188 nömrəli, 06 aprel 2023-cü il tarixli akta əsasən İddiaçı (abonent kodu **********3) əlavə olaraq 3931 kvt.s (1.3 kvt x 24 saat x 0,7 x 180 gün) əlavə sərfiyyat, yəni (3931 kvt.s x 0,13 manat) 511,03 manat məbləğində ödəniş hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 333377 №-li, 23 fevral 2024-cü il tarixli aktına əsasən abonent İddiaçı məxsus Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 (abonent kodu **********3) ünvanı üzrə sayğaclara baxış keçirən zaman bir fazlı smart tipli sayğacın giriş xəttindən “kənar” xəttin çəkilərək işlədiciləri birbaşa şəbəkəyə qoşduğu, "xxxx" ASC tərəfindən ölçü aparıldığı və “EEİQ”in kəskin pozulmasına uyğun akt tərtib edilmişdir. Tələb hesablanacaq məbləğin ödənilməsi, əks halda şəbəkədən açılması olmuşdur. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. İş üzrə 333377 nömrəli, 23 fevral 2024-cü il tarixli akta əsasən İddiaçı (abonent kodu **********3) əlavə olaraq 3931 kvt.s (1.3 kvt x 24 saat x 0,7 x 180 gün), (W1= 1200 kvt.s x 0,08 manat; W2=600 kvt.s x 0,09 manat; W3=2131 kvt.s x 0,13 manat; əlavə sərfiyyat, yəni 427,03 manat məbləğində ödəniş hesablanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin sistemindən əldə edilmiş məlumatdan görünür ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 ünvanda yerləşən mənzil üzrə abonent kodu **********3 olan İddiaçı 1051,16 manat borc hesablanmış, borcun başlanğıc tarixi xx.xx.2024-cü il tarixi olmuşdur. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, "xxxx" ASC tərəfindən əhaliyə elektrikin satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. Qaydaların 6.4-cü bəndinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin müqavilənin 9.13-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır Həmin müqavilənin 8.35-ci bəndinə əsasən enerji təchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Beləliklə, məhkəmə aktlara görə hesablanmış cərimənin silinməsi barədə qeyd edir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir (həmçinin bununla bağlı cavabdeh təşkilat akta görə məhkəməyə qarşılıqlı iddia ərizəsi verilməmişdir) . Göründüyü kimi elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir. Bundan başqa məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktlarda həm aktları tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" ASC insanların həyatı əhəmiyyətli işığın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan, "xxxx" ASC tərəfindən tərtib edilən aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş həmin aktlardan xx.xx.2023-cü il tarixli aktda məişət abonent kimi qeydiyyata alınmış İddiaçı adı qeyd edilsə də, ona məxsus imza yoxdur, xx.xx.2024-cü il tarixli aktda isə yoxlama zamanı abonent iştirak etməmişdir. Qeyd edilən əsas cavabdeh tərəfindən tərtib edilmiş aktların mötəbərliyini şübhə altına almağa tam əsas verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olsa da, cavabdeh tərəf həmin halların doğruluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar işıqdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, cavabdeh tərəf aktlardan kənar hesablanmış digər məbləğdə borcun hansı əsasla yaranması barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 1051,16 manat borc iddiaçının abunə hesabından silinməlidir. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin İddiaçı məxsus Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 (abonent kodu **********3) ünvanına əsassız hesablanmış 1051,16 (bir min əlli bir manat on altı qəpik) manat məbləğində cərimə borcu silinməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30,51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 3/5 ünvanda yerləşən mənzil (abonent kodu **********3 olan) üzrə abonent İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1051,16 (bir min əlli bir manat on altı qəpik) manat pul məbləği silinsin. 30,51 (otuz manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4172/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4172/2024
05.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver