Məhkəmə qərarları › İş №2(125)-4202/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4202/2024

12.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4202/2024 12.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs ilə arasında mediasiya prosesində 31 may 2024-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən birgə nikahlarından dünyaya gəlmiş 10 sentyabr 2015ci il təvəllüdlü X2 və 01 may 2021-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqından və digər gəlirlərinin 70 faiz ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 13 iyun 2014-cü il tarixində rəsmi qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 10 sentyabr 2015-ci il təvəllüdlü X5 və 01 may 2021-cü il təvəllüdlü X6 adında 2 uşaqları dünyaya gəlmişdir. Onların xasiyyətləri tutmadığı üçün o, ailə münasibətlərinə son qoymuşdur. 31 may 2024-cü il tarixdə onlar mediasiya prosesində bir sıra məsələlər barədə razılığa gəlmişlər. Sözügedən barışıq sazişinə əsasən cavabdeh onların birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və digər gəlirlərinin 70 faizi tutularaq iddiaçıya ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh mediasiya prosesində üzərinə öhdəlik götürərək barışıq sazişi imzalasa da, hazırda barışıq sazişinin şərtlərinə əməl etmir. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmir, demək olar ki, alimentin məbləğini verməkdən imtina edir. Həmçinin mediasiya tərəfindən cavabdehin işlədiyi N saylı hərbi hissəyə mediasiya sazişi icra olunması üçün göndərilsə də, bundan imtina edilmişdir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs ilə arasında bağlanmış 31 may 2024-cü il tarixli barışıq sazişinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün N saylı Hərbi hissədə xidmət edən Maraqlı şəxs əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin Hərbi Hissə tərəfindən aliment qismində tutularaq onun kartına göndərilməsi barədə barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərinə əməl etmir və barışıq sazişinin şərtlərini pozmuşdur. Belə ki maraqlı şəxs tərəfindən 4 aya yaxın müddətdir ki, heç bir aliment ödənişi edilmir. Özü təkbaşına uşaqların saxlanılmalarında çətinlik çəkir. Odur ki ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, ərizəçi ilə arasında bağlanmış barışıq sazişinə 4 aydır ki, əməl etmir. Belə ki, onun başqa borcları vardır və onları ödəyir. Buna baxmayaraq, Ərizəçi ilə arasında bağlanmış 31 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tətqiq edilmiş: AZ-İİİ seriyalı, 632567 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 sentyabr 2015-ci il tarixdə doğulmuşdur. Atası: Maraqlı şəxs, anası: Ərizəçidır. AZ-İV seriyalı, 592112 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 may 2021-ci il tarixdə doğulmuşdur. Atası: Maraqlı şəxs, anası: Ərizəçidır. 31 may 2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi Maraqlı şəxs ilə ünvan könüllü olaraq müraciət edib birgə nikahdan doğulmuş azyaşlı uşaqların xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün N saylı Hərbi hissədə xidmət edən Maraqlı şəxs əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin Hərbi Hissə tərəfindən aliment qismində tutularaq ana Ərizəçi kartına göndərilməsi üçün Barışıq sazişi bağlamağa razılaşmışlar və öz üzərilərinə öhdəlik götürmüşlər. Qeyd: ikinci tərəf Maraqlı şəxs N saylı Hərbi hissədən aldığı əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin Hərbi hissə tərəfindən tutulub uşaqların anası Ərizəçi aid olan karta göndərilməsinə razılaşdığını bildirərək öz üzərinə öhdəlik götürmüşdür. Bununla da tərəflər Barışıq sazişini oxumuş, dinləmiş və imza atmağa razılaşmışlar. Əgər tərəflər bir-birlərinə verdikləri sözlərə görə və öz üzərilərinə götürdükləri öhdəliklərə görə gələcəkdə məsuliyyətsizlik etsələr tərəf-tərəfi məhkəməyə verə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən ünvan ünvanlanmış 07 iyun 2024-cü il tarixli, 548 nömrəli məktubdan görünür ki, hərbi hissənin hərbi qulluqçusu Maraqlı şəxs ilə bağlı göndərdikləri “Barışıq sazişi”nin icrası hərbi hissə tərəfindən mümkün deyildir. Müvafiq əmr və sərəncamlara əsasən yalnız məhkəmə qərarları icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 4-cü maddəsinə əsasən bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs arasında 31 may 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər Ərizəçi Maraqlı şəxs ilə ünvan könüllü olaraq müraciət edib birgə nikahdan doğulmuş azyaşlı uşaqların xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün N saylı Hərbi hissədə xidmət edən Maraqlı şəxs əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin Hərbi Hissə tərəfindən aliment qismində tutularaq ana Ərizəçi kartına göndərilməsi üçün Barışıq sazişi bağlamağa razılaşmışlar və öz üzərilərinə öhdəlik götürmüşlər. Qeyd: ikinci tərəf Maraqlı şəxs N saylı Hərbi hissədən aldığı əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin Hərbi hissə tərəfindən tutulub uşaqların anası Ərizəçi aid olan karta göndərilməsinə razılaşdığını bildirərək öz üzərinə öhdəlik götürmüşdür. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə lazımınca icra etməmişdir. Lakin məhkəmə qeyd edir ki, 31 may 2024-cü il tarixli barışıq sazişinin təsdiqi yol verilməzdir. Belə ki barışıq sazişində N saylı Hərbi hissədə xidmət edən Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü Rahilə Məlikova və xx.xx.2021-ci il təvəllüdlü Cahan Məlikovun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin tutularaq Ərizəçi ödənilməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə əsasən uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Yəni mövcud qanunvericiliyin tələblərinə əsasən maraqlı şəxsdən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında (33,3 %) aliment tutulması nəzərdə tutulduğu halda maraqlı şəxsin əmək haqqının və əlavə gəlirlərinin 70 faizinin tutulması barədə 31 may 2024-cü il tarixli barışıq sazişinin təsdiqi maraqlı şəxsin hüquqlarının qeyri-mütənasib pozulmasına səbəb olmaqla yanaşı, ailə mülki və mülki-prosessual qanunvericiliyin ədalətlilik və qanunilik prinsipləri ilə də ziddiyyət təşkil edəcəkdir. Başqa sözlə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur və hazırki barışıq sazişinin təsdiq edilməsi qanuna ziddir. Odur ki, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi ərizəsi rədd edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə N saylı Mediasiya Təşkilatında bağlanmış 31 may 2024-cü il tarixli barışıq sazişinin təsdiqindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar