Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-422/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 atasının Cavabdeh olmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 250 manat məbləğində alimentin və X1 3 yaşına çatanadək hər ay 300 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 2020-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək faktiki ər-arvad münasibətlərində yaşamışlar. Onların birgə münasibətlərindən xx.xx.2023-cü il tarixdə Əli adlı bir uşaq doğulmuşdur. Hazırda cavabdelə aralarındakı münasibətlər pisləşmiş və aralarındakı faktiki ər-arvad münasibətləri başa çatmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş Əlinin onun övladı olmasını inkar etmir, hətta mediasiya prosessində məhkəməyə müraciət etməyəcəyi təqdirdə hər ay aliment olaraq uşağın saxlanması üçün 170 manat pul ödəyəcəyini təklif etmişdir. Hazırda onun himayəsində azyaşlı uşaq olduğuna görə heç bir yerdə işləyə və qazanc əldə edə bilmir. Lakin Cavabdeh birgə münasibətlərindən doğulmuş uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh iddianı atalığın müəyyən edilməsi tələbinə dair hissədə tam, aliment tələbinə dair hissədə isə qismən, yəni hər ay 130 manat sabit pul məbləğində alimentin ondan İddiaçı xeyrinə tutulması hissədə etiraf etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 895698 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında uşağın anası kimi İddiaçı göstərilmiş, «atası» qrafasında isə ananın sözlərinə əsasən X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə görə uşağın anası ilə nikahdan olmayan şəxsin atalığı uşağın atasının və anasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq rayon (şəhər) qeydiyyat orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının» 6.19-cu bəndinə görə VVADQ orqanı və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Məhkəmə hesab edir ki, Cavabdeh X1 atası olmasına dair iddianın cavabdeh tərəfindən etirafı Cavabdeh X1 atası olması faktını təsdiq edən mülki-prosessual qanunvericliklə müəyyən olunmuş qaydada əldə edilmiş mötəbər sübutdur. Qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 atası olması müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 03 noyabr 2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi ər-arvadın birbirinə qarşı hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Hazırki halda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəflər arasında nikahın bağlanmasının dövlət qeydiyyatı aparılmamış, bununla da onların bir-birinə qarşı ər-arvadın hüquq və vəzifələri, eləcə də bir-birindən aliment tələb etmək hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia X1 3 yaşına çatanadək hər ay 300 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx xxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş Cavabdeh 18 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş X1 atası olması müəyyən edilsin. Cavabdeh 18 iyul 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə aliment tutulsun. Alimentin tutulması 03 noyabr 2023-cü il tarixdən X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-422/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-422/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver