Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-431/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz və əsassız hesablanmış 1555,20 manat borcun abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi, Kərpic zavodunun yanında sahiblik və istifadəsində olan fərdi yaşayış evində olan mexaniki qaz sayğacı sökülərək, əvəzinə kartla olan sayğac quraşdırılmışdır. Sökülmüş sayğacı isə özləri ilə aparmıdşırlar. 2023-cü ilin oktyabrın axırlarında sayğaca baxan şəxs bildirmişdir ki, “1555,20 manat cərimə edilibsiniz”. Bundan sonra cavabdeh orqanın Gəncə şəhəri, Sabir küçəsində yerləşən ofisinə yaxınlaşmışdırlar. Bildirmişdirlər ki, brələrində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən cərimə edilmişdirlər. Müraciəti əsasında qeyd olunan aktın surətini ona vermişdirlər. xx.xx.2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-4231-1 rəyinə əsasən sayğacın gövdəsi hesablama mexanizminin qoruyucu plastmas qapağına birləşən hissədən kənar təsir nəticəsində əzilmişdir. Cavabdeh orqanın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt qanunsuz və əsassızdır. Birincisi, sayğacın əzilməsi və hər hansı müdaxilə edilməsi ilə bağlı onun məlumatı yoxdur. Əgər sayğaca müdaxilə edilmişdirsə və sayğac əzilmişdirsə, sayğac sökülərkən bu barədə akt tərtib edilməli və onun iştirakı təmin edilməli idi. Sayğac sökülüb aparılarkən onun xəbəri olmamışdır. İkincisi, aktdan görünür ki, sayğacın əzilməsi və müdaxilə edilməsi rəy əsasında aşkar edilmişdir. Bu hal onun ziyanına yox, xeyrinə yozulmalıdır. Çünki sayğacda əzik sökülərkən, yolda aparılarkən və ya laboratoriyada müayinə edilərkən ola bilər. Sayğacda əzik olmaması və müdaxilə edilməsi ilə bağlı digər dəlili ondan ibarətdir ki, müdaxilə edilməsi ehtimal olunan sayğac mexaniki tipli sayğac olmuşdur. Mexaniki tipli sayğaca isə ən azından cavabdeh orqanın əməkdaşlatı tərəfindən baxış keçirilir. Çünki onlar, sayğacın göstəricilərinə əsasən abonentə bildiriş verirlər. Üçüncüsü sayğaca müdaxilə edilməsi və nəticədə hesablamanın az aparılması ilə bağlı cavabdeh orqanın əsaslandırması ilə razı deyildir. Çünki sayğac quraşdırılmış ev yarımçıq fərdi yaşayış evidir. 2 yaşayış otağı və 1 mətbəxdən ibarətdir. Həmin evdə quraşdırılmış avadanlıqlar 2 gözlü qaz piltəsi (PQ-2), qənaətli su qızıdırıcı, İran istilik qaz peçi (1/1)-dən ibarətdir. Həmin avadanlıqların tam gücü ilə işlədilməsi üçün elə qaz sərfiyyatı tələb olunmur. Dördüncüsü xx.xx.2023-cü il tarixli, ******* saylı akt cavabdeh orqanın əməkdaşları tərəfindən onun iştirakı olmadan, iş otaqlarında tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdən sayğac quraşdırılmış, o isə həmin sayğacdan istifadə etməyə xx.xx.2022-ci il tarixdən, yəni evə köçdüyü vaxtdan istifadə etmişdir. Əgər sayğaca müdaxilə edilmiş olsaydı, abonentin saldosundan açıq-aşkar görünərdi. Mexaniki sayğacla ödənilən məbləğlə yeni quraşdırılmış sayğacla ödənilən məbləğ arasında kəskin fərq yoxdur. Onun sayğacda aşkar edilmiş qüsurla bağlı hər hansı təqsiri yoxdur.Məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunda çıxış edib, əlavə olaraq göstərdi ki, iddiaçı oğludur. Müqavilə oğlu Kənanın adınadır, ancaq sözügedən evdə digər oğlu yaşayır. 11 aydır ki, qaz işlədilməsi nəticəsində 1555,20 manat borc yazılmışdır. Sayğac çöldə qoyulmuş, heç bir plastmas qapağı olmamışdır. Akt tərtib edildikdə, yaxud sayğac dəyişdirildikdə oğlu Kənan iştirak etməmişdir. Göstərilən borcun qanunsuz və əsassız olaraq hesablandığını qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, AKX-05168xx/xx-2023 nömrəli müqavilədən görünür ki, istehlakçı İddiaçı ilə qaz paylayıcısı Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1302AZ**********69 nömrəli qaz sayğacı açılaraq, ZENNER tipli, G4 markalı, ********** nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan qaz sayğacı açılaraq, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi yeni abonent olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-4231-1 rəyinə əsasən sayğacın gövdəsi hesablama mexanizminin qoruyucu plastmas qapağına birləşən hissədən kənar təsir nəticəsində əzilmişdir. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1302AZ**********69 nömrəli qaz sayğacı açılaraq, ZENNER tipli, G4 markalı, ********** nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Daha sonra qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan qaz sayğacı açılaraq, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi yeni abonent olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-4231-1 rəyinə əsasən sayğacın gövdəsi hesablama mexanizminin qoruyucu plastmas qapağına birləşən hissədən kənar təsir nəticəsində əzilmişdir. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Ümumiyyətlə sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555,20 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə ödənilməli olan 35,55 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş 12960 m3 qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555,20 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 35,55 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-431/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-431/2024
08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver