Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4337/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququna tərəfindən 3000 (üç min) manat məbləğində kompensasiya verməyi yolu ilə xitam verilməsi və cavabdehlərin bu evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Vüsalə onun keçmiş gəlinidir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2002-ci il tarixli, 2-173/2002 saylı qətnaməsi ilə cavabdeh Əliyeva (hazırda Həsənova) Vüsalə Əli qızı azyaşlı (hazırda yetkinlik yaşma çatmış) övladı Nərgizlə birlikdə ünvan 2 ünvandakı mülkə köçürülüb, orada yaşamaq hüququ verilmişdir. Cavabdehlərin ona məxsus evdə qalmalarına görə o ağır xəstə olan oğlunu evinə gətirib ona baxa bilmir. Oğlu 16 ildir ki, ağ ciyər xəstəsidir, ayaqları da artıq tutulub, yeriyə bilmir. Həyat yoldaşı rəhmətə gedib. Cavabdehlərin burada qalmaları mülkiyyətçi kimi onun iradəsinin ziddinədir və mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Ev 1 otaq və 1 yardımçı səhədən ibarətdir, həyətə maşın girmir, çox darısqal və şəraitsiz bir yaşayış sahəsidir. Evin qiyməti də çox ucuzdur. Cavabdehlər əvvəlcə onunla razılaşmışdılar, lakin indi çıxmaq istəmirlər. O, pensiyaçıdır, evi köhnə və çox zəif bir evdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, daha artıq məbləğdə kompensasiya təklif etməyə maddi imkanı çatmır. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasda Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o 2-ci qrup əlildir, işləmir. Qızı olan digər cavabdeh nikahı pozulduqdan sonra himayəsində olan azyaşlı uşaqla və onunla birlikdə qeyd edilən ünvanda yaşayır, uşaq azyaşlı olduğu üçün həmin cavabdeh də işləyə bilmir. Kompensasiya qismində təklif edilən məbləğ onların kirayə ev tutmaları və ya başqa yaşayış sahəsi satın almaları üçün kifayət etmir. Cavabdeh1 7000 və ya 8000 manat kompensasiya ödəniləcəyi halda iddia ilə razılşacağını bildirdi, hazırkı halda iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzil, İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 816265 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X1 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-173/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X2 azyaşlı uşağı Nərgizlə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 22 nömrəli mülkə köçürülüb, orada yaşamaq hüququnun verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/5143-9/5372 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17700.0 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin ümumi sahəsi 46.5 kv.m. 3 saylı mənzilin və ona oxşar şəraitli evlərin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilir. Hazırkı iş üzrə iddiaçı onun mülkiyyətində olan mənzilə cavabdehlərin istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini və mənzildən çıxarılmalarını xahiş etmişdir. Əvvəla cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququnu yaranıbyaranmadığı müəyyən edilməli və mübahisəyə münasibətin yarandığı zaman qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, Cavabdeh1 istifadə hüququnun yaranması müəyyən edildiyindən, həmin dövrdə on dörd yaşına çatmadığı üçün yaşayış yeri valideyninin yaşayış yeri sayılan Cavabdeh2 ilə birlikdə qeyd edilən mənzilə köçürülməsi qət olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 1998-ci il təvəllüdlü Cavabdeh2 14 yaşı tamam olduğu 2012-ci ildə qüvvədə olan və mənzildən istifadə ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq həmin cavabdehə yönəlmiş hissədə tələbə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi Cavabdeh2 mülkiyyətçinin oğlunun övladı olmaqla mülkiyyətçiyə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sırasına, o cümlədən Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən mülkiyyətçidən özünün saxlanmasını tələb etmək hüququ olan qohumların sırasına aid deyildir. Belə olan halda Cavabdeh2 mənzildən mülkkiyyətçisinin iradəsinə zidd olaraq mənzildə istifadə üçün əsas da yoxdur. Belə hüquq olmadıqda isə məhkəmə tərəfindən həmin hüquqa xitam verilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən, belə hüquq yaranmadığı üçün Cavabdeh2 mənzildən istifadə üçün xitam verilməsi hissəsində iddia təmin edilməməli, Cavabdeh2 mənzildən istifadəsi hüquqi əsaslar müəyyən edilmədiyindən həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddianın Cavabdeh1 qarşı yönəlmiş hissəsini araşdırarkən qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin cavabdehin qeyd edilən mənzilə istifadə hüququnun Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə yaranması müəyyən olunmuş və həmin mənzilə köçürülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit etdiyindən iddiaçı hazırkı iddianı irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, istifadə hüququna xitam verilməsi Cavabdeh1 ödəniləcək kompensasiya məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği Cavabdeh1 birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, oxşar mənzillərin aylıq kirayə haqqı orta hesabla 70 manatdan götürülsə, təklif olunan kompensasiya məbləği həmin cavabdehə təxminən 3 ildən artıq başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Beləliklə, iddiaçının təklif etdiyi kompensasiya məbləği Cavabdeh1 eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla Cavabdeh1 hüquqlarının qorunması baxımından qəbul ediləndir. Təklif olunan məbləğin az olması və (ya) ayrıca yaşayış sahəsinin satın alınmasına dair kifayət etməyəcəyi barədə dəlillərə münasibətdə Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququ ilə mülkiyyətçinin ailə üzvlərinin mənzilə istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunması baxımından nəzərə alınmalıdır ki, mülkiyyətçiyə məxsus əmlaka istifadə hüququnun mövcud olması heç bir halda qanuni istifadəçinin həmin əmlakın payçısı (şəriki) kimi qəbul olunmasına əsas vermir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Əks yanaşma özündə Konstitusiya ilə, qanunla və beynəlxalq hüquqla təminat verilən mülkiyyət hüququna əsassız müdaxiləni əks etdirmiş olardı. Ümumi (birgə) mülkiyyətin bölünməsi institutundan fərqli olaraq mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, mənzildən istifadə hüquqlarına xitam verilən, başqa sözlə mənzildən çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Həm də belə imkan mülkiyyətçi üçün istifadəçini daimi və ya qeyri-müəyyən müddət ərzində yaşayış sahəsi ilə təmin etmək yükünə çevrilməməli, faktiki olaraq onun öz mülkiyyətindən və ya onun əhəmiyyətli hissəsindən məhrum olması ilə nəticələnməməlidir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ilə mülkiyyətçiyə məxsus əmlakın ümumi dəyəri arasında hər hansı paralel aparılması da qanuna uyğun deyildir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə Cavabdeh1 təxminən üç ildən artıq başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddiaçı tərəfindən cəmi 3000 manat kompensasiya verilməklə cavabdehin Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən 3000 (üç min) manat kompensasiya verilməklə Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüququna xitam verilsin. ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4337/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4337/2023
28.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver