Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4424/2024 28.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə anadan olmuş oğlu-X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, oğlu-xx.xx.2002-ci il tarixdə anadan olmuş X8 anadan gəlmə əqli gerilik diaqnozu ilə xəstədir. Oğlunun həmçinin gözlərində də qüsur var. Uşağın xəstəliyi o dərəcədədir ki, özünü qətiyyən idarə edə bilmir, daimi qulluğa və nəzarətə ehtiyacı var. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Bu ağır xəstəliyinə görə övladına 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Ona o, qulluq edir, qayğısını çəkir. Lakin onun mənafeyini təmin etmək üçün üzərində rəsmi qəyyum təyin edilməlidir. Bunun üçün isə oğlunun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə ehtiyac var. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini, oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 məhkəmə iclasında ərizənin təmin olunması məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur, anası Ərizəçidır. İş materiallarında olan, Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə anadan olmuş X8 ümumi xəstəlikdən birinci dərəcə əlildir. Məhkəmə məhkəmədə tədqiq olunmuş, yuxarıda qeyd edilən sübutlara istinad etməklə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilən X4 anasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Baxılan işdə şəxsin-X4 pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qəradad əsasında ekspertiza keçirilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi X7 şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli 780 saylı rəydən müəyyən olunur ki, xx.xx.2002-ci il təvəllüdlü X5 hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2002-ci ildə anadan olmuş X8 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X8 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2002-ci ildə Gədəbəy rayonunda anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə Gədəbəy rayonunda anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4424/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4424/2024
28.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver