Məhkəmə qərarları › İş №2(125)-4490/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4490/2023

10.08.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4490/2023 10.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli, 99006530 nömrəli alğısatqı müqaviləsinin ləğv edilməsi, cavabdehə ödədiyi 2699,60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə cavabdeh “X4 Service" MMC ilə bir illik alqı-satqı müqaviləsi bağlayaraq, 5731 manat dəyərində 8 adda yataq və qonaq dəsti olan mebeli almışdır və cavabdeh də satdığı mebel dəstinə 1 illik zəmanət vermişdir. Müqavilənin şərtlərinə görə o, cavabdehə ilkin olaraq 520 manat ödəmişdir və qalan 12 ay ərzində də hər ay cavabdehə tərtib edilmiş qrafik üzrə hər ay 435.92 manat ödəməli olmuşdur. Cavabdeh müqavilənin şərtlərinə görə mebeli gətirərək ona təhvil vermiş və o, bundan sonra 5 ay qrafikə uyğun olaraq 2179.60 manat cavabdehə ödəniş etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh onu aldadaraq keyfiyyətsiz mal vermişdir. Belə ki, cavabdehin ona satdığı mebel dəsti ona veriləndən qısa müddət sonra yararsız hala düşmüşdür və o, dəfələrlə öz iradını və şikayətini cavabdehə bildirmişdir. Cavabdeh bir neçə dəfə mebeli və əşyaları təmir etsə də, keyfiyyətsiz olduğu üçün onun təmir olunması qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, cavabdehə satdığı malın dəyişdirilərək yenisi ilə əvəz olunmasını, ya da ödədiyi pulların geri qytarılmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətinə heç bir cavab belə verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ümumi 2700 manat pul ödəmişdir, sonra mebeldə qüsur yarandığı üçün ödənişləri dayandırmışdır. Cavabdehdən ya pulunun qaytarılmasını, ya da ki, mebeli təmir etməklə qüsuru aradan qaldıraraq, 3000 manat borcdan 1000 manat güzəşt etməsini tələb etsə də qarşılıqlı razılıq əldə edə bilməmişlər. iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 Service” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, şirkət mebeli təmir edə bilər və 6 ay ərzində gecikən faiz məbləğini silə bilər. Ümumi borcdan 200 manat güzəşt edilməsi mümkündür. İddiaçı qərəzli olduğundan razılaşa bilməmişlər. Dəfələrlə şirkətin işçiləri mebeli təmir etmişlər. Olsun ki, mebelin quraşdırıldığı evin şəraiti nəmişli olmuşdur. Şirkətin nümayəndəsi evə gedərək mebelə baxış keçirmiş, hətta video çəkiliş də həyata keçirilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - «xx.xx.2022-ci il tarixli, 99006530 nömrəli alğı-satqı» müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçı “X4 Service" MMC tərəfindən İddiaçı 12 ay müddətinə hər ay 435,92 manat ödəmək şərtilə, cəmi 5231 manat dəyərində 8 adda mebel əşyası satılmışdır. «xx.xx.2022-ci il tarixli zəmanət talonları»ndan görünür ki, “X4 Service" MMC tərəfindən İddiaçı satılmış 448 manat məbləğində Oliver markalı krovata, 198 manat məbləğində Ecoline markalı matrasa, 1121 manat məbləğində Oliver markalı yataq dəstinə, 936 manat məbləğində Dino markalı stula, 1208 manat məbləğində Siara markalı divana, 1250 manat məbləğində Miranda markalı qonaq dəstinə, 390 manat məbləğində İzabel markalı masaya, 180 manat məbləğində Siara markalı jurnal stoluna 1 il zəmanət verilmişdir. xx.xx.2022-ci il tarixli, 99006530 nömrəli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, 8 adda mebel əşyası “X4 Service" MMC tərəfindən İddiaçı təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, S-43590 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 99006530 nömrəli müqavilə üzrə 520 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş satılmış mebel əşyalarının dəyərinin ödənilməsini özündə əks etdirən fotoşəkildən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 435,92 manat, xx.xx.2022-ci il tarixdə 435,92 manat, xx.xx.2022-ci ildə 435,92 manat, xx.xx.2022-ci ildə 435,92 manat, xx.xx.2023-cü ildə 435,92 manat məbləğində ödənişlər edilmiş, qalan 2615,48 manat ödənilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış «xx.xx.2022-ci il tarixli, 99006530 nömrəli alqı-satqı müqaviləsi»nə əsasən cavabdeh “X4 Service" MMC tərəfindən iddiaçıya 12 ay müddətinə, 1 il zəmanətlə, hər ay 435,92 manat ödəniş etmək şərtilə, cəmi 5231 manat məbləğində 8 adda mebel əşyası satılmışdır. İddiaçı həmin mebel əşyalarını təhvil aldıqdan sonra 6 ay müddətində, cəmi 2699,68 manat məbləğində ödəniş etmiş, lakin həmin mebel dəsti qüsurlu olduğu üçün təmir edilməsini tələb etmiş, cavabdeh tərəfindən bir neçə dəfə mebel əşyaları təmir edilsə də, yenidən qüsur yarandığı üçün iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə mebel əşyalarının bir neçə dəfə təmir olunmasını və yenidən təmir olunmaqla qüsurun aradan qaldırılmasının mümkün olduğunu bildirərək iddia tələbinə qarşı etiraz etmşdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-in 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. MM-in 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. MM-in 583.2-ci maddəsinə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. MM-in 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. MM-in 589.2-ci mddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun İstehlakçıların hüquqlarından bəhs edən 3-cü və 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir; Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında malların alğı-satqısı barədə müqavilə olmuş cavabdehin müqavilə üzrə iddiaçıya verdiyi mallar qüsurlu olmuşdur. Halbuki, yuxarıda qeyd olunan qanunvericilikdə göstərilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməklə, cavabdehdən 2699,60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Müqavilənin ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər müqavilənin mövcudluğunu və onlar arasında bağlanmasını mübahisələndirmədiklərindən, habelə cavabdeh müqavilənin şərtlərini pozduğu üçün tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə iddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 46,99 (qırx altı manat 99 qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış «xx.xx.2022-ci il tarixli, 99006530 nömrəli alğı-satqı» müqaviləsi ləğ edilsin. Cavabdeh MMC-dən 2699,60 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən dövlət rüsumu hesabına 46,99 (qırx altı manat 99qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar