Məhkəmə qərarları › İş №2(125)-4490/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4490/2024

16.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4490/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Gəncə X6 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında X3 tərəfindən hesablanmış ümumilikdə 21600 kub metrə görə əlavə qaz sərfiyyatının (2592 manat) silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvanında yerləşən mülkə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2024-cü ildə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş akt onun tərəfindən imzalanmamışdır. Akta əsasən guya qaz sayğacına müdaxilə olunduğu aşkar edilmiş və əlavə sərfiyyat hesablanmışdır. xx.xx.2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuş və ümumilikdə 21600 kub metr əlavə sərfıyyat hesablanmışdır. Bildirmişdir ki, cavabdeh tərəfindən hesablanmış əlavə sərfiyyat tamamən qanunsuz və əsassızdır. Belə ki, onlar heç bir zaman qaz sayğacına müdaxilə etməmişlər. Onlar aylıq sərfiyyat üzrə ödənişləri vaxtında həyata keçirmişlər. Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən edilmiş bu özbaşınalıq barəsində dəfələrlə ünvan 2 ünvanında yerləşən mülkə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktın əsli onlara rəsmi olaraq təqdim edilməmişdir. Müraciətlərindən sonra onlara təqdim olunan aktdan da aydın görünür ki, tərtib olunmuş akt qanunsuzdur. Bundan başqa tərtib olunmuş akta nəzər saldıqda görünür ki, qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat və hesabat müddəti isə 180 və 360 gün kimi qəbul edilmişdir. Hesab edir ki, ümumiyyətlə əlavə sərfiyyat belə düzgün hesablanmamışdır. Yəni, Gəncə X7 İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz işlədiciləri 180 və 360 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. Ümumilikdə onlara 21600 kub metr əlavə qaz sərfiyyatı hesablanmışdır. Hesab edirlər ki, hesablanmış bu sərfiyyat düzgün hesablanmamaqla yanaşı, qanunsuz olaraq hesablanmışdır. Gəncə Regional Qİİ-nin əməkdaşlarının işə laqeyd yanaşması, vətəndaşları aldatması səbəbindən bu qanunsuzluqlar baş verməkdədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş ancaq, iddia ərizəsində göstərdiklərindən fərqli izahat verərək, ifadəsində göstərmişdir ki, səmimi olaraq etiraf edir ki, evinə gedən qaz xəttinə sayğacdan kənar qoşulma etmişdir. Ancaq dəymiş ziyanın həcminin hesablanması ilə razı deyildir. Belə ki, onun evində qazişlədicilərindən su qızdırıcısı və PQ-3 işlək vəziyyətdə olsa da, digər qeyd olunanlar istifadəyə yararsız haldadır. Özü ürək xəstəsidir və hava çox isti olanda bundan əziyyət çəkir. Ona görə də aprel ayında evin qızdırılması üçün nəzərdə tutulan istilik sistemini işlətməsi mümkün deyildir. Həmçinin, aktda qeyd edilən evin həyətində olan qaz peçini işlətməmişdir. Sonda səmimi etirafının və xəstə olmasının nəzərə alımnasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən itirilmiş təbii qazın bərpası məqsədilə akt tərtib edilərək abonent hesabına 21600 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hesablanmış borcun silinməsi tələbinə dair iddia qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələrinin iştirakı ilə istehlakçı Saniyə Cəfərovanın yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvanda xx.xx.2024-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar olunmuşdur. İstehlakçı həmin aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvanda quraşdırılmış qaz işlədicilərindən Kombinin maksimal saatlıq qaz sərfi 3.0 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün; QSSQ( İran istehsalı) maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün; PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün; PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış və cəmi 21600 m3 olmuşdur. Zenner G4 T mexaniki sayğaclı abonentin saldosundan görünür ki, həmin Akt əsasında Cavabdeh İB tərəfindən iddiaçıya 2592 manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının və Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvana yerində baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, quraşdırılmış qaz işlədicilərindən Kombi və PQ-4 qaz peçi işlək vəziyyətdə deyildir. Evin daxilində, sanitar qovşağında olan su qızdırıcısı (QSSQ İran istehsalı) və PQ 3 qaz peçi işlək vəziyyətdədir və iddiaçı qaz sayğacından kənar xətt vasitəsilə yalnız həmin qaz qurğularından istifadə etdiyini bir daha etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı mövcud olmuş, iddiaçı işin bu halını məhkəmə iclaslarında səmimi olaraq etiraf etmiş və Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən bu hal aşkarlanmış və bu barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, həmin Akta əsasən iddiaçıya hesablanmış sərfiyyat tam əsaslı olmamışdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvanında quraşdırılmış qaz işlədicilərindən su qızdırıcısı və PQ 3 qaz peçi işlək vəziyyətdədir, digər qurğular isə işlək vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini 11664 kubmetr dəyərində borcun silinməsi hissəsində əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, qalan hissədə iddia əsassızdır, belə ki, İddiaçı yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 37 ünvanda quraşdırılmış qaz işlədicilərindən Kombi və PQ 3 qaz peçi üçün hesablanmış borc “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə uyğun qaydada hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə X7 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* №li akt əsasında itirilmiş qaz sərfiyyatı kimi İddiaçı yaşadığı Gəncə şəhəri, S.Vurğun küçəsi, 37 saylı ev barəsində hesablanmış 11664 m3 qaz sərfiyyatı üçün, yəni, 1399,68 (bir min üç yüz doxsan doqquz) manat 68 qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar