Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4546/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış (abonent kodu - **********00130) 1555.20 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayır. Yaşadığı evin qaz sayğacı küçədə qapının kənarında quraşdırılıbdır. X2 Gəncə Qaz İstismarı İdarəsinin işçiləri 16 sentyabr 2022-ci il tarixdə evinə gələrək sayğacın istismar müddəti bitdiyi üçün sayğacı söküb götürməli olduğunu bildirmişlər. O, buna etiraz etməmişdir. 16 sentyabr 2022-ci il tarixdə ******* saylı akt tərtib edərək sayğac onun iştirakı ilə sökülmüş, yenisi quraşdırılmış və həmin aktı şəxsən özü imzalamışdır. O cümlədən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqındakı Aktda sayğacın növbədən kənar dövlət yoxlamasına göndərildiyi qeyd edilmişdir. Təxminən 2025-ci ilin ortalarında ona sökülüb aparılan qaz sayğacına görə 1555.20 manat cərimə hesablandığı məlum olmuşdur. Halbuki, bu 3 il ərzində onun məlumatı olmayıb ki, onu cərimə ediblər. Belə ki, X2 işçiləri 25 may 2023-cü il tarixli, 389280 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında cərimə aktı əsasında həmçinin 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə (Abonent kodu:**********00130) adlı sənəd əsasında onu qanunsuz cərimə ediblər. Aktda isə G-4 markalı **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin sayğacın üzərində aşkar olunmadığı qeyd edilmişdir. Cavabdeh X1 qarşı edilən qanunsuz hərəkətlərini qəbul etmir və məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpasının müdafiə olunmasını məhkəmə qaydasında vacib bilir. Çünki əlavə olaraq bildirmək istəyir ki, qazın sayğacı qapıdan çöldə quraşdırılıb həmin sayğacın qoruyucu örtüyü yoxdur və qazın sayğacını çöldə qorumaq məcburiyyətində deyil. Bir başa qazın sayğacını qorumaq cavabdeh təşkilatın üzərindədir. Bu barədə də qazın işçisinə dəfələrlə sayğacın qutusunun olmadığını gətirib sayğaca qoruyucu qutu quraşdırmalarını demişdir. Qaz İdarəsinin Əməkdaşları isə idarədə qutunun olmadığını, ona görə heç nə edə bilməyəcəklərini bildirmişlər. Ona görə də haqqında yazılan cəriməni tamamilə qanunsuz hesab edir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Ordubadi küçəsi 1-ci döngə ev 13 ünvanında yaşayır. Həmin ev vərəsəlik qaydasında onun mülkiyyətinə keçibdir. Cavabdeh Azəriqaz İB-nin əməkdaşları tərəfindən sözügedən evdə yerləşən qaz sayğacına baxış keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin sayğacın üzərində aşkar olunmadığı qeyd edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 may 2023-cü il tarixli, 389280 nömrəli akt tərtib edilmişdir. Onun evində quraşdırılmış qaz sayğacı küçədə yerləşməklə, qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti də o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 1555.20 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. “Dəymiş ziyanın bərpasına dair” 31 may 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-3220-1 nömrəli aktına əsasən G-4 markalı, **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri sayğacın üzərində aşkar olunmamışdır. Dəymiş ziyanın həcmi 6 x 24 x 90 = 12960 m3
5. **********00130 nömrəli abonent saldosundan görünür ki, Gəncə şəhəri, Ordubadi küçəsi 1-ci döngə ev 13 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 1555.20 manat borc yazılmışdır.
6. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 05 dekabr 2024-cü il tarixli, 14-2-2- 14/2-Ə-5xx-xx/2024 nömrəli məktubda İddiaçı 12960 m3 həcmində 1555.20 manat dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablandığı bildirilmişdir.
7. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-3220-1 nömrəli aktından görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5-3220 saylı, 28 mart 2023-cü il tarixli məktubuna əsasən 28 mart 2023-cü il tarixdə Gəncə RQİİ-dən Dövlət yoxlanılmasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğacına 29 aprel 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və **********6 nömrəli, Zenner tipli, G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri sayğacın üzərində aşkar olunmadığı və sayğacın istismara yararsız olduğun müəyyən edilmişdir.
9. Vəsiyyətnamənin surətindən görünür ki, Gəncə şəhəri, Ordubadi küçəsi 1-ci döngə ev 13 ünvanında yerləşən ev X4 tərəfindən İddiaçı vəsiyyət etmişdir.
10. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Ordubadi küçəsi 1-ci döngə ev 13 ünvanında qeydiyyatdadır.
11. Fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Ordubadi küçəsi 1-ci döngə ev 13 ünvanına aid qaz sayğacı küçədə quraşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər - İddiaçı yaşadığı Gəncə şəhəri, Ordubadi küçəsi 1-ci döngə ev 13 ünvanında ünvanında quraşdırılan qaz sayğacının **********6 nömrəli, Zenner tipli, G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan biri sayğacın üzərində aşkar olunmaması ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh 25 may 2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı bununla razılaşmayaraq məhkəmədə həmin akt əsasında yazılmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi haqqında məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir.
14. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir.
18. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.
19. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
20. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
21. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətrində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir.
22. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555.20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən Cavabdeh tərəfindən iddiaçıya 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
26. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68).
27. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93).
28. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
32. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən 25 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə 25 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında (abonent kodu **********00130) Cavabdeh tərəfindən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov