Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-456/2022 01.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 1.260 manat 48 qəpik məbləğində borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinə qarşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 1.260 manat 48 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçının nümayəndəsi əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əs olmayan cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinin əsl cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı onun arvadıdır. Onlar uzun müddətdir ki, ünvan 1 ünvanında yerləşən evdə yaşamırlar. Belə ki, İddiaçı həmin mənzili 10 dekabr 2009-cu il tarixdə alqısatqı müqaviləsi əsasında əldə edib, ona mülkiyyət hüququna dair çıxarış aldıqdan təxminən 2 ay sonra ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmiş və uzun illər ərzində orada yaşamışdır. Bundan təxminən 5-6 əvvəl onlar Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtmış və Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 8 saylı binanın 38 saylı mənzilində yaşamışlar. Buna baxmayaraq, bu yaxınlarda «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən verilmiş hesab-fakturada İddiaçı 1.260 manat 48 qəpik məbləğində borcunun olduğu göstərilmişdir. Həmin hesab-fakturada abonentin adı Rəfail Cəfərov, ailə tərkibi isə 4 nəfər göstərilmişdir. Halbuki, həmin mənzili İddiaçı xx.xx.2009-cu ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və bundan sonra nə İddiaçı, nə də sonuncunun ailə üzvləri həmin mənzilə qeydiyyata düşməmişdir. Həmçinin «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən tərtib edilmiş hesab-fakturadan və ərizədə əlavə etdiyi abonent kartı barədə sənədlərdən də iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmadığı, hesablanmış borcun Rəfail Cəfərovun adına qeyd edildiyi görünür. Belə olan halda, iddiaçının mülkiyyətində olan mənzilə dair cavabdeh tərəfindən hesablanmış borc əsassız olduğuna görə silinməlidir. Cavabdeh tərəfindən hesablanan borcun yaranma mənbəyi cavabdehin özünün birtərəfli qaydada tərtib etdiyi «abonent haqqında məlumat»a əsaslanır. «Abonent haqqında məlumat» cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmə iclasında bildirdi ki, iddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evdə sudan istifadə olunmadığına görə hesblanmış 1.260 manat 48 qəpik məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən isifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar, yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödənişlər ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «X2»nın 7.4-cü bəndində isə göstərilmişdir ki, əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə qeydiyyatda olan şəxlsərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun aparılır. ünvan 1 ünvanında yerləşən evin əvvəlki mülkiyyətçisi Rəfael Cəfərov ilə 2005-ci il tarixdə sudan istifadə və tullantı sularının axıdılmasına dair müqavilə bağlanaraq, **********500 abonent kodu verilmişdir və bu günədək müqavilədə heç bir dəyişiklik aparılmamışdır. Abonent olaraq İddiaçı xx.xx.2022-ci il tarixədək xidmətlərdən istifadə etməsinə baxmayaraq, heç bir ödəniş etməmişdir. İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən evdə sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanması, mülkiyyət hüququ yarandığı gündən bəri, yəni müqavilənin bağlanması və evin kodunun adına dəyişdirilməsi barədə rəsmi və qeyri-rəsmi şəkildə STKM-ə müraciət etməmişdir. Buna görə də həmin ünvanda sudan istifadə və tullantı sularının axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. Bununla da «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir. Lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtlı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki,iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evə mülkiyyət hüququ 10 dekabr 2009-cu ildə İddiaçı adına qeydə alınmışdır. İşdə olan abonent kartından xx.xx.2022-ci il tarixli çıxarışdan və xx.xx.2022-ci il tarixli fakturadan görünür ki, ünvan 2 ünvanında 2011-ci ildən xx.xx.2022-ci il tarixədək sudan istifadə və tullantı sularının axıdılmasına görə Rəfail Cəfərova 1.260 manat 48 qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Əlili X3 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 saylı evin 50 saylı mənzilinə mülkiyyət hüququnu 10 dekabr 2009-cu ildə əldə etmiş və həmin tarixdən hazırki tarixədək qeyd olunan mənzil həmin şəxsin mülkiyyətində olmuşdur. Lakin Əlili X3 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 saylı evin 50 saylı mənzilinə mülkiyyət hüququnu əldə etməsindən sonra su təchizatının aparılması və tullantı sularının axıdılması ilə əlaqədar mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatı «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə bildirməmiş, həmçinin su təchizatının dayandırılmasına dair müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 8.1.1-ci bəndinə görə istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda STKM «Su təchizatı cə tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəb və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-nə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyekin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-nə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə su təchizatı müəssisəsi istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda su təchizatını dayandıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyi ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi su təchizatının aparılması və tullantı sularının axıdılması ilə əlaqədar mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə məlumat verməli olan subyekt istehlakçı, belə məlumatın verilmə qaydası isə müvafiq sənədin təqdim edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nda da təsbit olunduğu kimi əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, borcun hesablanması qaydası mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun aparıldığından sudan istifadəyə və tullantı sularının axıdılmasına görə borcun artıq hesablanması İddiaçı mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə müvafiq sənədi cavabdehə verməsinə dair sübutu məhkəməyə təqdim etdiyi halda müəyyən oluna bilərdi. Hazırki halda isə iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ əldə etməsindən sonra «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə həmin mənzilə mülkiyyət hüququnun əldə edilməsinə və mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatın verilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, yalnız qeyd olunan mənzildə yaşayış olmamasını bildirməklə və təmirsiz mənzilə dair fotoşəkilləri məhkəməyə təqdim etməklə kifayətlənmiş, ona hesablanmış borcun qanunsuz hesablandığını bildirmişdir. Bundan başqa, iddiaçı Əlili X3 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 25, mənzil 50 ünvanında yerləşən mənzildə yaşamamasına baxmayaraq, cavabdeh tərəfindən ona borcun hesablanmasını bildirsə də, su təchizatının dayandırılmasına dair ərizə ilə «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə müraciət etməsini, eləcə qeyd olunan mənzildə 2011-ci ildən xx.xx.2022-ci il tarixədək yaşayış olmamasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki mənzildə yaşayış üçün əlverişli şərait olmadığını göstərməsinə və qanunsuz hesablanması bildirilən borcun Rəfail Cəfərovun adına olmasına baxmayaraq, yaşayış olmayan mənzilə dair iddiaçının adına hesablanmamış borcun silinməsinin əhəmiyyətinin nədən ibarət olmasını iddia tələbində əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və işdə iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli nolan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89-cu maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yenə həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir(§93). Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə sudan istifadə və tullantı sularının axıdılmasına görə «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən qanunsuz və artıq borcun hesablanması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə mülki işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 1.260 manat 48 qəpik məbləğində borcun silinməsi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 1.260 manat 48 qəpik məbləğində borcun silinməsi barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-456/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-456/2022
01.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver