Məhkəmə qərarları › İş №2(125)-4562/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4562/2025

12.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4562/2025 12.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı əmrin ləğvi və həmin əmrə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi və həmin əmrə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, töhmət verilməsinə dair xx.xx.N-ci il tarixli, 518 nömrəli əmrin ləğv olunmasını və töhmət verilməsinə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin tibb bacısı vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə işinə məsuliyyətlə yanaşmış və vəzifəsini layiqincə icra etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5243/2024 saylı qətnaməsi ilə N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrləri ləğv edilmiş, o, N nömrəli hərbi hissənin tibb bacısı (mülki işçi) vəzifəsinə bərpa edilmiş, N nömrəli hərbi hissə tərəfindən ona xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi icra edilən günədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının tam ödənilməsi qət edilmişdir. Qətnamənin icrası xx.xx.N-ci il tarixdə olmuşdur. Qətnamənin icrasının bir neçə ay gecikməsi cavabdeh orqanın təqsiri ucbatından olmuşdur. Qeyd olunan qərəzli münasibət işə bərpa olunduqdan sonra da, davam etmişdir. Belə ki, xx.xx.N-ci il tarixli, 518 nömrəli əmrlə barəsində töhmət verilmişdir. Düşünür ki, töhmət qərəzli şəkildə verilməklə, onun əlavə maddi məhrumiyyətə düşməyinə səbəb olmuşdur. Aylıq əmək haqqı müqavilə üzrə 441 manat 25 qəpikdir. Əlavə ilə birlikdə kartdan çıxartdığı məbləğ 533 manatdır. Töhmət əsasında əlavə ödənişdən azad olmuşdur. Pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, cavabdeh orqanın töhmət verilməsinə dair xx.xx.N-ci il tarixli, 518 nömrəli əmrində göstərilir ki, hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisinin köməkçisi vəzifəsində xidmət edən gizir X9 xx.xx.N-ci il tarixli, 3-25-134/1-8067/N nömrəli və xx.xx.N-ci il tarixli, 3-25-134/1-8139/N nömrəli raportlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət qulluqçuları və mülki işçilərin xarici görünüş və geyimə dair tələb çatdırılmasına baxmayaraq 15-xx.xx.N-ci il tarixlərdə hərbi hissədə mülki qadın işçilərin zahiri görkəmi və işə davamiyyəti yoxlanılan zaman yuxarıda qeyd olunan raportlara adı göstərilən qadın mülki işçilərdə hərbi hissəyə gələrkən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət qulluqçuları və mülki işçilərin xarici görünüş və geyimə dair tələbin pozulması (makyajdan artıq istifadə etdikləri) aşkar olunmuşdur. Araşdırma zamanı hərbi hissənin tibb məntəqəsinin mülki tibb bacıları İddiaçı, X13 və X8 raportlarda qeyd olunan tarixlərdə səhər yoxlanışı zamanı heç bir irad bildirməmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Dövlət Qulluqçularının və mülki işçilərin xarici görünüş və geyim qaydasına dair tələbini pozmadıqlarını bildirmişdir. QHQ çavuş Aynurə Allahverdiyeva tərəfindən Müdafiə Nazirliyinin dövlət qulluqçuları və mülki içilərin xarici görünüş və geyimə dair tələb barədə məlumat verildiyini və onun dediyi qaydada hərbi hissəyə gəldiklərini izahatlarında qeyd etmişlər. Cavabdeh orqanın xx.xx.N-ci il tarixli əmri İddiaçı töhmət verilməsi hissəsində əsassızdır. Belə ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 702 nömrəli əmri ilə mülki kişi və qadın işçilər üçün geyim qaydaları müəyyən edilmişdir. Bu fakt onu təsdiq edir ki, töhmət verilən vaxt və raportlar tərtib edilərkən N nömrəli hərbi hissədə mülki kişi və qadın işçilər barədə geyimə dair tələblər olmamışdır. Həmin tələbin tanış olma cədvəlinə diqqət etdikdə görünür ki, mülki kişi və qadın işçilər geyim qaydaları ilə ilk dəfə rəsmi olaraq xx.xx.N-ci ildən sonra tanış olmuşlar. Hüquqlarını müdafiə etdiyi İddiaçı geyim qaydası ilə tanış olması xx.xx.N-ci ildir. xx.xx.N-ci il tarixdə xx.xx.N-ci il tarixdə qəbul edilmiş geyim qaydalarına dair tələblər istinad edərək şəxs və şəxslərə töhmət verilməsi işçinin əmək hüququnun kobud pozulmasından başqa bir şey deyildir. Töhmət verilməsi barədə əmrdə bir neçə şəxsə töhmət və ya şiddətli töhmətin verilməsi göstərilir. Ümumi qaydada makyajdan artıq istifadə edilməsi və dırnaq boyasının olması göstərilir. İddiaçı Faxərddin qızına münasibətdə isə konkret hansı halın olması qeyd olunmamışdır. Yəni İddiaçı makyajdan artıq istifadə etmişdir, yoxsa dırnaq boyasından. Ümumiyyətlə hər ikisindən istifadə etmişdir? Bu sualın cavabını özü vermək istəyir. xx.xx.N-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı məhkəmə müdafiəsini qurmaq üçün cavabdeh orqanın nümayəndəsinə İddiaçı geyim forması barədə sual vermiş, sualına cavab olaraq bildirmişdir ki, İddiaçı hicablı xanımdır. Hicab üst geyimindən istifadə edir. İddiaçı makyajdan artıq istifadə edilməsi və ya dırnaq boyasının olması faktının müəyyən edilməsi qeyri-mümkündür. Sadəcə olaraq bu qərəzin nəticəsidir. O, qərəz barədə iddia ərizəsində təfərrüatı ilə məlumat vermişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər diqqətlə tədqiq edildikdə müəyyən olunar ki, bəzi sənədlərdə tarix yoxdur. Formal olaraq məhkəmə prosesi gedişində hazırlanmışdır. Sonda, xx.xx.N-ci il tarixli, 518 nömrəli əmrin İddiaçı münasibətdə qismən- töhmət verilməsi hissəsində ləğv edilməsinə və töhmət verilməsinə görə İddiaçı məhrum olduğu əmək haqqına aylıq əlavələrin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat vermiş, sonda iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, təmsil etdiyi cavabdehə qarşı irəli sürülən iddiaya etiraz etmiş, izahatında bildirmişdir ki, xx.xx.N-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mülki işçisi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Dövlət qulluqçuları və Mülki işçilərin geyiminə dair tələblərini pozduğuna görə, yəni hərbi hissədə əl dırnaqlarının boyanması və makiyajdan həddindən artıq istifadə etdiyinə görə töhmət verilmişdir. Lakin İddiaçı həmin töhmət cəzası ilə tanış olmaqdan imtina edərək, makyaj etmədiyini, eləcə də dırnaq boyasından istifadə etmədiyini bildirmişdir. İddiaçı müvafiq əmrin tələblərini pozduğuna görə, hərbi hissənin şəxsi heyətindən bir neçə nəfərin iştirakı ilə akt tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, hər gün səhər sıra düzülüşü zamanı hərbi hissə komandirinin taşırığına əsasən təyin olunmuş şəxslər tərəfindən Müdafiə Nazirliyinin dövlət qulluqçularının və mülki işçilərin xarici görünüş və geyimləri yoxlanılır. Aşkar olunan nöqsanlar barədə raportla komandanlığa məlumat verilir. Həmin vaxt təkcə İddiaçı töhmət verilməmişdir və heç bir qərəzli mövqedən söhbət gedə bilməz. Eyni zamanda bildirmişdir ki, 23 aprel N-ci il tarixli aktdan da görünür ki, İddiaçı mülki işçilərin xarici görünüş və geyiminə dair tələblərlə tanışlıqdan imtina etmişdir.Məhkəmədə sual cavab zamanı Nümayəndə2 bildirmişdir ki, İddiaçı dırnaq boyası və sifətində gözə çarpan həddə, artıq kosmetik boyalardan istifadə etməsi ilə işə gəldiyi üçün onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsinin vəsatəti əsasında şahid kimi dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, hərbi hissədə Qadınlar Şurasının sədridir. Hərbi hissəyə Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 aprel 2017-ci il tarixli qəraкı ilə bağlı yanvar ayında telefonoqram daxil olmuş və həmin telefonoqramın kserosurəti ilə hərbi hissənin işçilərini tanış etmişdir. İddiaçı isə həmin vaxt işdə olmadığından və aprel ayında işə bərpa olunduğundan onu həmin telefonaqramla, yəni xarici görünüş və geyimlə bağlı tələblər ilə tanış etmək üçün müraciət etmiş, lakin o həmin vaxt qol çəkməkdən imtina etmişdir. O, isə bu barədə akt tərtib etmişdir. 14 may N-ci il tarixdə xarici görünüş və geyimlə bağlı yoxlama gələcəyi barədə hərbi hissəyə telefonoqram daxil olduqda, o, hər bir işçini məlumatlandırmışdır ki, yoxlama olacaqdır və kosmetik vasitələrdən istifadə etmək qadağandır. Buna baxmayaraq 15 may N-ci il tarixdə İddiaçı kosmetik vasitələrdən istifadə etmiş, təkrarən məlumatlandırılsa da, 16 may N-ci il tarixdə də kosmetik vasitələrdən istifadə etməklə, işə gəlmişdir. Sira baxışında özü iştirak etmişdir. Raport isə qadınlara baxış keçirən Səbinə Ağakişiyeva tərəfindən yazılmışdır. 16 may N-ci il tarixdə kosmetik vasitələrdən istifadə etmiş şəxslər barəsində raport yazılmış və həmin şəxslərə töhmət verilmişdir. Məhkəmədə sual cavab zamanı şahid Aynurə Allahverdiyeva göstərmişdir ki, İddiaçı gözlərinə sürmə və sifətinə rumyana çəkməklə işə gəldiyi üçün onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Həmin gün İddiaçı dırnaqları boyalı olmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş digər X1 verdiyi ifadəsində göstərmişdir ki, 14 may N-ci il tarixdə xarici görünüş və geyimlə bağlı yoxlama gələcəyi barədə hərbi hissəyə telefonoqram daxil olduğundan hər bir işçi məlumatlandırılmışdır ki, yoxlama olacaqdır və kosmetik vasitələrdən istifadə etmək qadağandır. Buna baxmayaraq 15 may N-ci il tarixdə İddiaçı kosmetik vasitələrdən istifadə etmiş, təkrarən məlumatlandırılsa da, 16 may N-ci il tarixdə də kosmetik vasitələrdən istifadə etməklə, işə gəlmişdir. Sira baxışında özü iştirak etmişdir. 16 may N-ci il tarixdə kosmetik vasitələrdən istifadə etmiş şəxslər barəsində raport yazılmış və həmin şəxslərə töhmət verilmişdir. Məhkəmədə sual cavab zamanı X15 göstərmişdir ki, İddiaçı gözlərinə sürmə çəkməklə işə gəldiyi üçün onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Həmin gün İddiaçı geyimində nöqsan olmamış, dırnaqları boyalı olmamış və o sifətinə heç bir kosmetika çəkməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 izahatlarını və şahidlərin ifadələrini dinləyib və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əsli məhkəmədə tədqiq edilərək surəti iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli əmrinin surətindən görünür ki, hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisinin kömkçisi vəzifəsində xidmət edən gizir Emin Mahmudovun 16.05 N-ci il tarixli və 17 may N-ci il tarixli raportlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçuları və müki işçilərin xarici görünüş və geyiminə dair tələbini, (hərbi hissəyə gələrkən əl dırnaqlarının boyanması və makiajdan artıq istifadə etdikləri aşkar edildiyi üçün) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b" bəndinin tələbini, (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) pozduqlarına görə müki işçi X10 - hamam-çamaşırxana xidmətçisi, mülki işçi X11 hamam-çamaşırxananın quruducu və ütüləyicisi, mülki işçi X12 - hamam-çamaşırxananın yuyucu maşınlarının operatoru, mülki işçi X4 - hamam-çamaşırxananın yuyucu və ütüləyicisi, mülki işçi İddiaçı - tibb bacısı, mülki işçi X5 - tibb bacısı töhmət elan edilmiş, müki işçi X6 - tibb bacısı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət qulluqçuları və mülki işçilərin geyiminə dair tələblərin 1.9-cu bəndindən görünür ki, qadınlarda saçlar səliqəli sadə düzümlü olmalı, makyaj və dırnaqlar təbii görünməlidir. Sadə geyimə uyğun bəzək əşyaları istisna olmaqla rəngli böyük bir cütdən artıq sırğaların, o cümlədən birdən artıq qolbaqların, boyunbağıların taxılımasına və .işgüzar geyim formasına uyğun olmayan digər aksesuarlardan(bilərzik, üstdən görünən boyunbağı, sırğa, pirsinq, qaşlı və qaşsız olan iri üzüklər və s.)istifadə edilməsinə icazə verilmir. Məhkəmə hesab edir ki, həmin əmr əsassız sayılmalı və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə əvvəlcə onu qeyd edir ki, İddiaçı N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin tibb bacısı işləyir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Dövlət qulluqçuları və Mülki işçilərin geyiminə dair tələblərini pozduğu ona istinad edilmir. Əmrdə ümumu sözlərlə töhmət almış bütün şəxslər, o cümlədən, iddiaçı barəsində qeyd edilmişdir ki, onlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçuları və müki işçilərin xarici görünüş və geyiminə dair tələbini, (hərbi hissəyə gələrkən əl dırnaqlarının boyanması və makiajdan artıq istifadə etdikləri aşkar edildiyi üçün) barələrində intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçuları və müki işçilərin xarici görünüş və geyiminə dair tələbə, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmək barədə olan töhmətin ləğv edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182.1-ci maddəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Göründüyü kimi əmək qanunvericiliyində işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi nəzərdə tutulmuşdur. Bu pozuntuların işçi tərəfindən törədilməsi ilə bağlı sübutetmə yükü işəgötürənin üzərindədir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, mübahisəli N may N-ci il tarixli əmrdə şəxslərə töhmət verilməsinə əsas kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müki işçilərin xarici görünüşə dair tələblərə əməl etməməsi, hərbi hissəyə gələrkən əl dırnaqlarının boyanması və makiyajdan artıq istifadə etdikləri aşkar edildiyi qeyd olunsa da, bu nöqsanların hansına iddiaçı tərəfindən yol verildiyi konkret açıqlanmamışdır. Məhkəmədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə2 izahat verərkən bildirmişdir ki, İddiaçı dırnaq boyası və sifətində gözə çarpan həddə, artıq kosmetik boyalardan istifadə etməsi ilə işə gəldiyi üçün onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Məhkəmədə cavabdeh tərəfin nümayəndəsinin vəsatəti əsasında şahid kimi dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı gözlərinə sürmə və sifətinə rumyana çəkməklə işə gəldiyi üçün onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Həmin gün İddiaçı dırnaqları boyalı olmamışdır. Məhkəmədə cavabdeh tərəfin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş digər X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı gözlərinə sürmə çəkməklə işə gəldiyi üçün onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Həmin gün İddiaçı geyimində nöqsan olmamış, dırnaqları boyalı olmamış və o sifətinə heç bir kosmetika çəkməmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi və ifadə vermiş şahidlər iddiaçının yol verdiyi nöqsan barəsində bir-birinə zidd olan ifadələr vermişlər. X1 verdiyi ifadəsində göstərmişdir ki, həmin gün İddiaçı geyimində nöqsan olmamış, dırnaqları boyalı olmamış və o sifətinə heç bir kosmetika çəkməmişdir. Şahid iddiaçının yalnız gözlərinə sürmə çəkdiyini məhkəməyə bildirmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, N may N-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrdə İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanları cavabdeh tərəf sübuta yetirə bilməmişdir. İddiaçı isə həmin əmrin ona münasibətdə ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Əmək Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinə əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətdədir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və qeyd edilən əmr İddiaçı aid olan hissədə ləğv edilməli, əmr ləğv edildiyindən iddiaçıya töhmət verilməsinə görə məhrum olduğu əmək haqqına əlavələr cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin “mülki işçilərin vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara görə cəzalandırılması haqqında” N may N-ci il tarixli 558 saylı əmri İddiaçı aid olan hissədə ləğv edilsin. İddiaçı töhmət verilməsinə görə məhrum olduğu əmək haqqına aylıq əlavələrin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar