Məhkəmə qərarları › İş №2(125)-4794/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4794/2024

06.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4794/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X44 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Cavabdeh4 və Cavabdeh1 nümayəndələri Nümayəndə3 və vəkil Nümayəndə2 oğlunun iştirakları ilə, İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı, miras payın bağışlanması müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirası əmlak üzrə payın müəyyən edilməsi və reyestr nömrəsi **********361-10301 olan xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirası əmlak üzrə payın müəyyən edilməsi, reyestr nömrəsi **********361-10301 olan xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən evə dair 27 yanvar 2023-cü il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə və miras əmlak üzərində İddiaçı2 payının müəyyən edilərək cavabdehlərin adına verilmiş mülkiyyət hüququ barədə reyestr nömrəsi **********61-10301 olan mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum əri X26 ilə nikaha daxil olaraq evlənmişdir. Onunla birgə nikahlarından İddiaçı2 adlı bir uşaq dünyaya gəlmişdir. X26 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X4 anası X18 məxsus ünvan 1 ünvanda yerləşən ev miras qalmışdır. X6 vəfat etməmişdən əvvəl onun anası Əsgərova Leyla vəfat etmişdir. İş üzrə vərəsəlik işi aparılan zaman X26 vərəsələr sırasından gizlədiməklə vərəsəlik işi açılmışdır. Vərəsəlik üzrə şəhadətnamə 27 yanvar 2023-cü il tarixdə verilmiş, X26 isə 22 fevral 2023-cü il tarixdə vəfat etmişdir.Vərəsəlik işində olan sənədlərdən də görünür ki, onun tərəfindən miras paydan imtina barədə nə ərizə verilməmiş, nədəki, payın bağışlanması barədə mərhum əri tərəfindən heç bir etibarnamə verilməmişdir. Hazırda mərhum əri ilə nikahlarından anadan olmuş övladı İddiaçı2 atasına çatası pay cavabdehlər tərəfindən mənimsənilmişdir. Daha sonra İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iddianın həcminin artırılmasına dair ərizə verərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən evdə miras payın bağışlanması barədə müqavilənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində İddiaçı2 payının müəyyən edilərək cavabdehlərin adına verilmiş mülkiyyət hüququ barədə reyestr nömrəsi **********61-10301 olan mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı1 nümayəndəsi vəkili Nümayəndə1 iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, X15 miras əmlakdakı payı bağışlanma yolu ilə cavabdehlərdən Cavabdeh1 adına sənədləşdirilmişdir. Halbuki həmin bağışlanma müqaviləsi qanuni yolla sənədləşdirilməmişdir. X15 miras əmlakdakı payının bağışlanması müqaviləsi onun adından verilmiş etibarnamə əsasında başqa şəxs tərəfindən imzalanmışdır. Etibarnamə isə qanuni olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (həyat yoldaşı) Nümayəndə3 iddia tələbi ilə razı olmadıqlarını bildirmiş və izahatında göstərmişdir ki, mirasın sənədləşdirilməzi zamanı X26 xəstə olmuş, xəstəxanada müalicə olunmuşdur. Bu səbəbdən də miras payın bağışlanması müqaviləsini imzalamaq üçün notariat orqanına gedə bilməmişdir. Ona görə miras payın bağışlanması müqaviləsini imzalamaq üçün ona etibarnamə vemişdir. Etibarnamənin sənədləşdirilməsi üçün notariat kontorunun işçisi xəstəxanaya gəlmiş, zəruru sənədləri tərtib etmiş və etibarnaməni X15 əvəzinə başqa şəxs elə xəstəxanada da imzalamışdır. Həmin vaxt notariusun özü etibarnamənin imzalanmasında iştirak etməmişdir. X15 miras payının bağışlanması müqaviləsini də etibarnamə əsasında o imzalamışdır. Hasab edir ki, heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də idda tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 da Nümayəndə3 izahatında qeyd edtiyi xüsusatlara uyğun olan izahat vermiş və bildirmişdir ki, mirasın sənədləşdirilməzi zamanı X26 xəstə olmuş, xəstəxanada müalicə olunmuşdur. Bu səbəbdən də miras payın bağışlanması müqaviləsini imzalamaq üçün notariat orqanına gedə bilməmişdir. Ona görə miras payın bağışlanması müqaviləsini imzalamaq üçün Nümayəndə3 etibarnamə vemişdir. Etibarnamənin sənədləşdirilməsi üçün notariat kontorunun işçisi xəstəxanaya gəlmiş, zəruru sənədləri tərtib etmiş və etibarnaməni X15 əvəzinə başqa şəxs elə elə xəstəxanada da imzalamışdır. Həmin vaxt notariusun özü etibarnamənin imzalanmasında iştirak etməmişdir. Hasab edir ki, heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də idda tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 oğlu iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı1 ilə mərhum əri X15 nikahları 2017-ci ildən məhkəmə qətnaməsinə əsasən pozulmuş, cavabdehlərlə onun arasında heç bir münasibət qalmamışdır. İddiaçının X15 etibarnaməni öz iradəsi ilə verməməsi və bu sənədin cavabdehlər tərəfindən saxtalaşdırılması ilə bağlı qeyd etdiklərindən onu demək olar ki, notariat ofisində bir çox sənədlərin tərtib olunmasında notarisun işçiləri iştirak edirlər və yekunda da notarius təsdiq edir. Həmin sənəd də notariusun işçisi tərəfindən tərtib olunsa da, yekunda notarius özü təsdiq etmişdir. Bu həmin sənədin qanuni olubolmaması üçün bir dəlil sayıla bilməz. Sonda iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci ildə Gəncə şəhərində İddiaçı1 doğulmuş İddiaçı2 X9 hesab edilmişdir. Bu barədə xx.xx.2012-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 148 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.2011-ci ildə doğulmuşdur. X9, anası İddiaçı1dır. Qeyd edilən sübutlarla təsdiq olunur ki, İddiaçı1 yetkinlik yaşına çatmayan övladı İddiaçı2 manafeyi naminə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. İş materiallarında olan doğum haqqında arayışdan müəyyən olunur ki, X26 xx.xx.1954-cü ildə anadan olmuşdur, atası X27, anası isə X19r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və İddiaçı1 nikahları xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir. İşdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X26 xx.xx.2023-cü ildə ölmüşdür. İşdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X26 həmin tarixdə onun adından çıxış edilməsi üçün Nümayəndə3 etibarnamə vermişdir. Etbarnamədə qeyd edilmişdir ki, etibarnaməni Gəncə şəhər 3 sqylı notariat ofisinin xüsusi notariusu X20 iştirakı ilə X31 tərəfindən imzalamışdır. Etbarnamə Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X32 tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixlı miras payın bağışlanması müqaviləsindən təsdiq olunmuş surətindən müəyyən edilir ki, X26 xx.xx.2019-cu il tarixdə ölmüş anası X12 miras qalmış əmlakın ona çatası miras payını bacısı X13 bağışlamışdır. Bağışlama müqaviləsini X15 adından etibarnamə əsasında Nümayəndə3 imzalamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 2V-16 saylı notariat işində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X21, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə ölmüş X16 qanun üzrə vərəsəsi hesab edilmiş və miras əmlakdan, yəni ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evindən X21 4/8 hissədə, Cavabdeh2 2/8 hissədə, Cavabdeh4 1/8 hissədə və Cavabdeh3 1/8 hissədə irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin 1966-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu X17 adına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun xx.xx.1966-cı il tarixli, 3-355 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X29 ona məxsus olan 24.8 kv.m yaşayış otağı, 839.0 kv.m torpaq sahəsini X10 bağışlamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 839.0 kv.m torpaq sahəsinə dair Kommunal Təsərrüfat Nazirliyinin 09 mart 1966-cı il tarixli Torpaq qeydi X7 adına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun xx.xx.1970-ci il tarixli, 1- 96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən fərdi yaşayış evi X7 vərəsələri X8 və X2. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhər 1 saylı notariat kontorunun xx.xx.1970-ci il tarixli, 1-103 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X14 və X33 tərəfindən X1. Kirovabad şəhər X25 xx.xx.1971-ci il tarixli, 22 nömrəli protokoldan çıxarışına əsasən ümumi sahəsi 60.0 kv.m, köməkçi sahəsi 35.0 kv.m evin tikintisinə icazə verilmişdir. Qeyd edilən sənədlərə əsasən X16 adına xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-16 reyestr nömrəli Qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 (4/8 hissə), Cavabdeh2 (2/8 hissə), Cavabdeh4 (1/8 hissə) və Cavabdeh3 (1/8 hissə) adlarına payları göstərilməklə xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X12 ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X26 onun qanun üzrə birinci növbəli vərəsəsi kimi, miras qalmış əmlakdan pay almaq hüququna malik olmuşdur. Ancaq, təqdim edilmiş sənədlərə görə, X5 Leyla Əsgər qızından miras qalmış əmlakdan ona çatası payını bacısı X13 bağışlamışdır. İddiaçı həmin bağışlama müqaviləsinin qanunsuz bağlandığını iddia etmiş və həmin müqavilənin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. göründüyü kimi MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə qeyd edir ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüş anası X12 miras qalmış əmlakın ona çatası miras payını xx.xx.2023-cü il tarixlı miras payın bağışlanması müqaviləsi ilə bacısı X13 bağışlamışdır. Bağışlama müqaviləsini X15 adından onun verdiyi xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Nümayəndə3 imzalamışdır. Məhkəmədə izahat verərkən, həm Nümayəndə3, həm də Cavabdeh4 izahatlarında göstərmişlər ki, mirasın sənədləşdirilməzi zamanı X26 xəstə olmuş, xəstəxanada müalicə olunmuşdur. Bu səbəbdən də miras payın bağışlanması müqaviləsini imzalamaq üçün notariat orqanına gedə bilməmişdir. Ona görə miras payın bağışlanması müqaviləsini imzalamaq üçün Nümayəndə3 etibarnamə vemişdir. Etibarnamənin sənədləşdirilməsi üçün notariat kontorunun işçisi xəstəxanaya gəlmiş, zəruru sənədləri tərtib etmiş və etibarnaməni X15 adından başqa şəxs elə xəstəxanada da imzalamışdır. Həmin vaxt notariusun özü etibarnamənin imzalanmasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, X4 onun adından çıxış edilməsi üçün Nümayəndə3 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə qanunun tələblərinə riayət edilməməklə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”in 1-ci bəndinin tələblərinə əsasən, fiziki şəxslərin iştirak etdiyi notariat hərəkətlərinin aparılması üçün başqa şəxslərə verdiyi etibarnamələr notariusun özünün iştirakı ilə imzalanmalıdır. Baxılan işdə isə notarius Qnunun bu tələbinə riayət etməmişdir. Belə ki, etibarnamə almış Nümayəndə3 özü də izahatında etiraf etmişdir ki, etibarnaməni təsdiq etmiş Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X32 etibarnamənin imzalanmasında özü iştirak etməmiş, etibarnamə notariat ofisinin işçisinin iştirakı ilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına tətbiq edilməli olan, qanun normalarına əsaslanmaqla hesab edir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X12 miras qalmış əmlakın X22 çatası hissəsinin X26 tərərfindən X13 bağışlanması barədə olan xx.xx.2023-cü il tarixlı miras payın bağışlanması müqaviləsi qanunun tələbləri pozulmaqla verilmiş etibarnamə ilə rəsmiləşdirildiyindən, həmin müqavilə və həmin müqavilə əsasında verilmiş, xx.xx.2023-cü il tarixli, 2V-16 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə ölmüş X12 miras qalmış ünvan 1 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evindən X11 payının 4/8 hissədə müəyyən edilməsi hissədə eyibarsız sayılmalıdır. Həmin miras əmlakı 2/8 hissəsi X22 çatası pay kimi, sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi olan övladı-xx.xx.2011-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan İddiaçı2 verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Bundan başqa, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-16 reyestr nömrəli Qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X11 miras payının 4/8 hissədə müəyyən edilməsi hissədə etibarsız sayıldığından, xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış X11 daşınmaz əmlakdakı payının 4/8 hissədə müəyyən edilməsi hissədə ləğv edilməlidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 149.2-ci əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X3 miras qalmış ünvan 1 daşınmaz əmlak barəsində X26 ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Həmin tarixli müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh1 Gəncə şəhəri 2 saylı Notariat ofisində X3 qalan miras əmlaka görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 2V-16 reyestr saylı qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə Cavabdeh1 payının miras əmlakın 4/8 hissədə müəyyən edilməsi hissəsində etibarsız hesab edilsin. X3 qalan miras əmlakın həmin 4/8 hissəsi üzərində X4 qanun üzrə vərəsəsi İddiaçı2 da payı müəyyən edilməklə, həmin miras əmlakda Cavabdeh1 ilə İddiaçı2 payları bərabər (hər birinin payı miras əmlakın 2/8 hissəsi qədər) müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli **********361-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Cavabdeh1 payının əmlakın 4/8 hissədə müəyyən edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar