Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4874/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 378874 nömrəli akt əsasında hesablanmış 809,36 manat cərimə məbləğinin **********03494 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olsa da, Gəncə şəhəri, Nizami rayonu, Etibar Məmmədov küçəsi ərazisində özünə məxsus fərdi yaşayış mənzili inşa etmişdir. Həmin mənzilin inşasının başlanmasının ilk günlərində Gəncə “ASAN Xidmət” mərkəzinə müraciət edərək, mənzilin istifadəsi üçün xx.xx.2022-ci il tarixində həmin ünvana **********03494 kod altında elektrik sayğacı quraşdırılmışdır. Həmin elektrik sayğacına əvvəlcədən smart karta ödəniş edərək istifadə etmişdir. Həmçinin digər kommunalları qanun daxilində istifadə etmişdir. Həmin sözügedən mənzil yaşayış üçün tam təmir olunmamış, ara-sıra ustalar işləmişdir. Ümumiyyətlə həmin mənzildə istilik və elektrik enerjisinin istifadəsinə ehtiyac az hallarda olur. Lakin 2025-ci il may ayının 12-də mənzilinin təmir işini aparan ustalar tərəfindən ona elektrik sayğacının 220 volt şəbəkədən mənzilinin sayğacına daxil naqillər açılması bildirilmişdir. Bununla bağlı cavabdehin Gəncə şəhər EŞ-nə müraciəti zamanı bildirmişdirlər ki, guya oğurluq etdiyinə görə ona məhkəməyə təqdim etdiyi 378874 nömrəli akt tərtib olunmuş, akt əsasında isə 809,36 manat cərimə məbləği hesablandığına görə və həmin məbləğin ödənişini təmin etmək məqsədi ilə onun mənzilinin elektrik verilişinin dayandırılması həyata keçirilmişdir. Həmin aktı idarə tərəfindən əldə etdikdən sonra bir neçə enerji mütəxəssislərinə və digər şəxslərə təqdim etdikdə bildirilmişdir ki, həmin akt enerji istifadə qaydalarına zidd olaraq heç bir əsası olmadan tərtib olunmuşdur, kənardan 0 xətti götürmək termini ümumiyyətlə düzgün deyildir. Cavabdeh öz xeyrinə olan formada qeyd aparmış və naqildən axan guya etmiş olduğu cərəyanın miqdarı bilinmədən P kənarı 2,5 kv/saat götürülməsi tam qanunsuzdur və ona təqdim edilmiş video çəkilişdə heç bir kənar xətt yoxdur. “Necə ola bilər ki, yaşayış olmayan mənzildən 2,5 kv/saat enerji istifadəsi əldə olunur?” Ən əsası da elektrik sayğacı mənzilin qoruma zolağından kənarda daimi vətəndaşların hərəkət etdiyi yol kənarına quraşdırılmışdır. O, bu nöqsanlara görə aktın nə onun, nə də digər hal şahidlərinin iştirakı olmadan tərtib olunmasını mötəbər hesab etmir. Ona yazılmış əsassız akta görə hesablanmış cəriməni cavabdehin şəbəkə idarəsi ləğv etmədiyinə görə özlərinin tövsiyəsi ilə məbləğin silinməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, məhkəməyə yazılı etiraz da təqdim etdiklərini bildirərək izahatında göstərdi ki, "xxxx" ASC-nin əməkdaşı tərəfindən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, kənar xətt vardır, abonent nöqtəsində faz və “0” xətləri düzgün qoşulmamış, yəni faz xətti “0” girişinə, “0” xətti isə faz girişinə qoşulmuşdur. Nəticədə sayğac faktiki sərfiyyatı düzgün qeydə ala bilməmiş və az göstərmişdir. Bu cür pozuntu aşkar edildikdən sonra xx.xx.2025-ci ildə vətəndaşın iştirakı olmadan akt tərtib edilmiş, 180 günlük dövr üzrə əlavə hesablamalar aparılmış və abonentin adına 809 manat məbləğində cərimə hesablanmışdır. Abonent həmin məbləğin 36 manatını ödəmiş, 756 manat borcu qalmışdır. Sayğaclar yeni olmaqla, işlək vəziyyətdə olmuşdur. İddia ərizəsində ünvanda yaşayış olmadığı göstərilsə də, abonent kartından görünür ki, hər ay sərfiyyat olmuş, ödənişlər edilmişdir. Sayğacın plombuna müdaxilə yoxdur, ancaq kənar xəttin qoşulması ya sayğacın dirəyindən, ya da torpaqlama yolu ilə vətəndaşın həyətində yerin altından qoşula bilər. Sayğacda kənar xətt olması mütləqdir, çünki sayğacın göstəriciləri ilə ampermaşa ilə ölçmə nəticəsində qeyd olunan göstəricilər fərqlidir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə “Qərb” RETSİ-nin X2 bir qrup əməkdaşları tərəfindən tərtib olunmuş 378874 saylı akt üzrə və təqdim olunmuş video çəkiliş araşdırılan zaman müəyyən edilmişdir ki, Gəncə şəhəri, E.Məmmədov küçəsində yaşayan İddiaçı abunə kodu: **********03494, quraşdırılmış **********4 zavod nömrəli sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğac işlədicilərə axan cərəyanı qeyd etmir. Ampermaşa vasitəsilə ölçü aparılan zaman faz və “0” xətləri birlikdə ölçüləndə “0” göstərməsi əvəzinə 11,4-11,6A cərəyan axmasını qeyd etmişdir. Faz xəttindən axan (+) yüklə “0” xəttindən axan (-) yük bir-birinə bərabər olduğu üçün onlar toplananda cəmi sıfıra bərabər olur. Bu onun göstəricisidir ki, abonent sayğacdan kənar “0” xətti götürərək, sayğacı dövriyyədən kənarlaşdırmışdır. Akta əsasən hesablanmış məbləğ 809,36 manat təşkil etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının böyük müfəttişi X1 göstərdi ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən çəkilmiş videonu izləmişdir. Cavabdeh iddia etmişdir ki, vətəndaş tərəfindən faz xətti ilə “0” xəttinin yeri dəyişdirilmişdir. Əgər vətəndaş tərəfindən faz xətti ilə “0” xəttinin yeri dəyişdirilsə idi, möhür qırılmalı, yaxud möhürə hər hansı müdaxilə olunmalı idi. Lakin videoda möhür yerindədir və hər hansı müdaxilə izi yoxdur. Hətta təşkilatın əməkdaşları tərəfindən də möhürün qırılması, yaxud möhürə müdaxilə edilməsi ilə bağlı heç nə deyilmir. Əgər dəyişdirilibsə dayaqda dəyişdirilmiş ola bilər, onu da vətəndaş edəsi deyildir. Ola bilər ki, sayğac o cür quraşdırılmışdır. Digər tərəfdən cavabdeh təşkilat qeyd etmişdir ki, sayğacdan kənar “0” xətti aşkar edilib, lakin videoda həmin hal da mövcud deyildir. Nəzəri cəhətdən torpaqlama yolu ilə mümkündür, ancaq hazırda reallıqda həmin halın mövcudluğuna dair sübut yoxdur. Sayğacın parametrləri bəli qeyd etmir. Ola bilər ki, sayğac işləmir, yaxud sayğacda problem vardır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 378874 nömrəli aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, EEİQ-nə uyğun olaraq mənzilin elektrik sayğacına baxış keçirən zaman abonentin sayğaca gələn faz xəttini sayğacın dövrəsindən kənarlaşdıraraq, əlavə “0” xətti götürərək, işlədiciləri birbaşa qoşmuşdur. Aktda istehlakçı İddiaçı iştirakı göstərilməmişdir. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin Akt komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, qüsur kənar xətt qeyd edilməklə istehlakçı İddiaçı 809,36 manat məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti elektrik enerjisinin alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş elektrik enerjisi sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan elektrik sayğacına gələn faz xəttinin sayğacın dövrəsindən kənarlaşdırılması, əlavə “0” xətti götürülərək, işlədiciləri birbaşa qoşması ilə bağlı itirilmiş elektrik enerjisi sərfiyyatına görə 809,36 manat məbləğində zərər hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının sayğaca gələn faz xəttini sayğacın dövrəsindən kənarlaşdırması və birbaşa xəttə qoşulması məhkəmə araşdırması nəticəsində sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının elektrik sayğacına gələn faz xəttini sayğacın dövrəsindən kənarlaşdırması və birbaşa xəttə qoşulması məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia tələbi təmin olunmalı, xx.xx.2025-ci il tarixli, 378874 nömrəli akt üzrə itirilmiş elektrik enerjisi sərfiyyatına görə İddiaçı hesablanmış 809,36 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, 378874 nömrəli akt üzrə itirilmiş elektrik enerjisi sərfiyyatına görə İddiaçı hesablanmış 809,36 manat pul silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4874/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4874/2025
14.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver