Məhkəmə qərarları › İş №2(125)-4920/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4920/2024

11.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4920/2024 11.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən evinə quraşdırılmış sayğacda aşkar edilmiş nasazlıqlara görə tətbiq edilmiş cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evinə quraşdırılmış qaz sayğacında aşkar edilmiş nasazlıqlara görə tətbiq edilmiş 554,10 manat cərimənin silinməsinə və indiyədək əsassız olaraq ondan tutulmuş məbləğin onun balansına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bu günlərdə qaz sərfi üçün sayğaca pul yükləyəndə məlum olmuşdur ki, yüklədiyi məbləğin yarısı tutulur, yarısı sayğaca oturur. Bu barədə Qaz İstismar İdarəsinə müraciət edəndə ona bildirmişdirlər ki, evlərinə qoyulmuş Q-4 markalı, **********3 nömrəli sayğacın zədələnməsi ilə əlaqədar dəyişdirilərkən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş ******* nömrəli akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 6480 kub metr qaz sərfi üçün cərimə yazılmışdır. Həmin cərimə barədə ona heç bir bildiriş verilməmişdir. Sadəcə olaraq onun ödədiyi qaz sərfi üçün puldan hər ay borc silinərək bugünkü günə üzərində 544.10 manat cərimə qalmışdır. Evinə qoyulmuş qaz sayğacı hansısa mexaniki zədədən əzildiyi üçün qaz idarəsinin əməkdaşları tərəfindən köhnə sayğac sökülüb aparılmış, yerinə yeni sayğac qoyulmuşdur. Həmin vaxt köhnə sayğacın plombu saz vəziyyətdə üstündə olmuşdur. O, Qaz İdarəsinin işçilərindən soruşmuşdur ki, “Hər hansı bir problem yoxdur ki?” Onlar bildirmişdirlər ki, “Narahat olma, hər şey qaydasındadır.” Lakin bir ildən sonra məlum olmuşdur ki, heç bir əsas olmadan ona cərimə tətbiq edilmişdir. Halbuki, küçədə quraşdırılmış qaz sayğacının əzilməsinə o, cavabdeh ola bilməz. O və ailə üzvləri sayğaca toxunmamış, plombuna dəyməmiş, heç bir müdaxilə etməmişdirlər, sayğacın üzərinə yuxarıdan düşmüş daşın təsirindən əyilmişsə, burada onun nə təqsiri vardır? Ümumiyyətlə qaz sayğacı küçədə quraşdırılmışdır. Buna nəzarət etmək nə onun, nə də ki digər istehlakçıların imkanı daxilində deyildir. Hətta küçədən keçən bir uşaq da vurub həmin sayğacı sındıra bilər. Cavabdeh tərəfindən tərtib olunmuş akta görə sayğacda yaranmış nasazlığa görə 6480 kub metr qaz sərf olunmuşdur. Hansı ki, qaz xəttinə, eləcə də qaz sayğacına onlar tərəfindən müdaxilə olunmamışdır. Eləcə də sayğac dəyişdirilərkən də yoxlayıcılar tərəfindən hansısa çatışmazlığın olması barədə ona məlumat verilməmişdir. Əgər sayğacda aşkar edilmiş nasazlıqlar aşkar olunana qədər sayğaca müdaxilə olunmuşdursa, onda nəyə görə həmin tarixə qədər qaz sərfi üçün onlar tərəfindən mütəmadi olaraq pul ödənilmişdir. Buna görə də cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlara əsasən tətbiq olunmuş cərimə silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh təşkilat tərəfindən 700 manatdan çox cərimə hesablanmış, bilmədiyi üçün bir hissəsini ödəmişdir. Daha sonra yazılmış cərimə qanunsuz və əsassız olduğundan qalan 554,10 manat pulu ödəməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********3 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********6 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövlət yoxlamasına göndərilməsi kimi qeyd edilmiş, digər qeydlər hissəsində sayğacın hesablayıcı mexanizminin üst kapron hissəsində qırıq aşkar olunması göstərilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-13432 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Aktda istehlakçı A.İsgəndərovun iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı A.İsgəndərovdan 6480 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə 25 dekabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5-13432/Q001 nömrəli aktda göstərilmişdir ki, Zenner tipli, G4 markalı, qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, üst qapağının yapışqan maddə ilə yapışdırılması, sayğacın hesablayıcı mexanizminə maneə törədilməsi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. **********00220 nömrəli abonentin saldosundan görünür ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmamışdın əvvəlki aylarda (akt xx.xx.2023-cü ildə tərtib olunmuşdur) abonentin qaz sərfiyyatı 2023-cü ilin yanvar ayında 1535 m3, fevral ayında 1761 m3, mart ayında 636 m3, aprel ayında 152 m3, may ayında 410 m3, iyun ayında 89 m3, iyul ayında 81 m3, avqust ayında 29 m3, sentyabr ayında 43 m3, oktyabr ayında 700 m3 , və noyabr ayında 920 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 6480 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olmasının iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********3 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********6 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövlət yoxlamasına göndərilməsi kimi qeyd edilmiş, digər qeydlər hissəsində sayğacın hesablayıcı mexanizminin üst kapron hissəsində qırıq aşkar olunması göstərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 14-2-2/3-5-13432 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə sayğac laboratoriyadan keçirlərkən abonentin iştirakı təmin edilməmiş, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Bununla belə Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə 25 dekabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5-13432/Q001 nömrəli aktda sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, üst qapağının yapışqan maddə ilə yapışdırılması, sayğacın hesablayıcı mexanizminə maneə törədilməsi və sayğacın istismara yararsız olduğu qeyd edilsə də, istehlakçının abonent saldosundan görünür ki, istehlakçı 2023-cü ilin yanvar ayında 1535 m3, fevral ayında 1761 m3, mart ayında 636 m3, aprel ayında 152 m3, may ayında 410 m3, iyun ayında 89 m3, iyul ayında 81 m3, avqust ayında 29 m3, sentyabr ayında 43 m3, oktyabr ayında 700 m3 , və noyabr ayında 920 m3 qazdan istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,6 manat məbləğin ödənilməmiş qalan 554,10 manatı silinməli, iddiaçıdan tutulan 223,5 mant pul onun balansına köçürülməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid dilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 6480 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 777,6 manat məbləğin ödənilməmiş qalan 554,10 manatı silinsin, iddiaçıdan tutulan 223,5 mant pul onun balansına köçürülsün. Cavabdehndən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar