Məhkəmə qərarları › İş №2(125)-5093/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5093/2025

31.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5093/2025 31.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evə dair süni və əsassız olaraq tətbiq edilmiş 4320 m3 qaz sərfiyyatı xərcinin – 518,40 manat süni borcun silinməsi haqqında qətnamə qəbul edilməsi və pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, yaxın günlərdə cavabdeh ona tələbnamə, abonent saldosu və akt təqdim edərək borc yazıldığını bildirmişdir. Məlum olmuşdur ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya sayğaca müdaxilə olmasını qeydi etmiş, əsassız olaraq 4320 m3 qaz sərfiyyatı, yəni 518,40 AZN əsassız borc yazmışdır. Bu cərimə tamamilə qanunsuzdur. Sayğacın müayinəsini onsuz keçirmişlər. Onlar heç bir qanunsuzluğa yol verməmiş, sayğaca da müdaxilə etməmişlər. Sayğacın qüsuru varsa, buna istehlakçı deyil, icraçı cavabdehdir. Sayğaca 10 il təminat verilir və bu müddət başa çatdıqda da sayğac icraçı tərəfindən, yəni istehsalçı (cavabdeh) tərəfindən dəyişdirilməlidir. Ona görə də bu haqsızlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin bu qanunsuzluğuna qarşı ona köməklik edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, yaşadığı ünvan 1 ünvanında yerləşən qaz sayğacına cavabdeh orqanın əməkdaşları tərəfindən 518.40 manat borc yazılmışdır. Belə ki, o heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Həmçinin, ona məxsus qaz sayğacı küçədə yerləşir, bu səbəbdən onun tərəfindən qaz sayğacının təhlükəsizliyinin təmin edilməsi mümkün deyildir. Buna görə də məsuliyyəti o, daşımır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Onun heç bir təqsiri və günahı olmadığı halda 518,4 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. “Dəymiş ziyanın bərpasına dair” 25 iyun 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2382 nömrəli aktına əsasən G-4 markalı, 1202AQ**********6 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın həcmi 4 x 12 x 90 = 4320 m3.

5. **********03630 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 518,40 manat borc yazılmışdır.

6. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır.

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Hüseynov Vüqar, çilingər Qarayev Qalib iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Cavabdeh İB-nin 14-2-2/3-5-2382 nömrəli rəyinə əsasən sayğacın klapanı işlək vəziyyətdə deyildir. Hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafı zədəlidir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı İddiaçı imzası yoxdur və aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

8. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 05 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, “İtron” tipli, G-4 markalı, 1002AQ**********6 nömrəli sayğacın çıxarılma səbəbi dövri yoxlama vaxtı çatdığı üçün, “Mexaniki” tipli, G-4 markalı, **********0 nömrəli sayğacın isə quraşdırılma səbəbi əvəzləmə göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər - İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafının zədəli olması ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı bununla razılaşmayaraq məhkəmədə həmin akt əsasında yazılmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsi haqqında məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir.

11. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir.

15. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.

16. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

17. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətrində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 518,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən Cavabdeh tərəfindən iddiaçıya 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

23. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68).

24. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93).

25. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

26. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

29. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı (abonent kodu: **********03630) Cavabdeh tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar